Xəbər lenti‎ > ‎

AMEA-nın illik Ümumi yığıncağı keçirildi

Отправлено 29 апр. 2015 г., 10:33 пользователем Murad Nabibekov   [ обновлено 29 апр. 2015 г., 10:34 ]
        Bu gün - aprelin 29-da AMEA Rəyasət Heyətində AMEA-nın 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilib.

        Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının direktorları, dövlət və ictimai təşkilatların nümayəndələri və KİV nümayəndələri iştirak ediblər.
        Əvvəlcə iştirakçılar akademiyanın institutlarının və elmi tədqiqat müəssisələrinin elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
        Yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Bildirib ki, son illər ardıcıl olaraq Bakıda keçirilən beynəlxalq humanitar forumlar, mədəniyyətimizin təbliğinə yönəlmiş beynəlxalq layihələr uğurla davam etdirilib.
        A.Əlizadə ötən il aprel ayında AMEA-nın Ümumi yığıncağında qarşıya qoyulan məqsədlər istiqamətində bir sıra işlər görüldüyünü deyib. Bildirib ki, beynəlxalq elmi əlaqələrin inkişafı, yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, elmin təbliği, populyarlaşdırılması və digər istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərdə uğurlu nəticələr əldə olunub.
        AMEA üzvlüyünə seçkilərin keçirilməsini hesabat ilinin mühüm hadisəsi kimi dəyərləndirən A.Əlizadə bu seçkiləri yalnız Akademiyanın deyil, ölkənin elmi və ictimai həyatı üçün əlamətdar hadisə olduğunu bildirib.
        AMEA-da Biofizika və Smart Materialları Mərkəzi, Quba Regional Elmi Mərkəzi, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi, Dünya Siyasəti, Qafqazşünaslıq institutlarının yaradıldığını diqqətə çatdırıb.
        Alim ötən ilin AMEA və bütövlükdə ölkəmizin elmi həyatı üçün bir sıra yeniliklərlə də yadda qaldığını vurğulayaraq, ölkəmizdə, eləcə də regionda ilk dəfə olaraq keçirilən “Bakı Elm Festivalı-2014”, o cümlədən Azərbaycan alimlərinin I Qurultayının tarixi əhəmiyyətindən söz açıb.
        AMEA rəhbəri elmin inkişafı istiqamətində qarşıda duran vəzifələrin öhdəsindən bundan sonra da uğurla gəlinəcəyinə əminliyini ifadə edib.
        “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tələblərinə uyğun olaraq alimlərimizin öhdəsinə düşən vəzifələri önə çəkib, ölkəmizdə biliklər iqtisadiyyatının formalaşması istiqamətində nəzərdə tutulan layihələrdən danışıb.
        Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev hesabatla bağlı sualları cavablandırıb.
        Azərbaycan elmi tarixində ilk dəfə olaraq “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin inkişafındakı xidmətlərinə görə akademik Arif Məlikov mükafatlandırılıb. Qeyd edək ki, eyni adlı mükafata Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorov da layiq görülüb.
        Tədbirdə, həmçinin elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə AMEA-nın adlı mükafatları təqdim edilib. Akademik Cəmil Əliyev Akademik Mirəsədulla Mirqasımov, akademik Telman Əliyev Nəsirəddin Tusi, akademik Musa Rüstəmov Akademik Yusif Məmmədəliyev, akademik Teymur Bünyadov Abbasqulu ağa Bakıxanov, AMEA-nın müxbir üzvü Zemfira Səfərova Akademik Üzeyir Hacıbəyli, akademik Tariyel Talıbov Həsən bəy Zərdabi və geologiya-mineralogiya üzrə elmlər doktoru Məmməd Çıraqov Akademik Musa Əliyev adına mükafatlarla təltif olunublar.
        Daha sonra Fizika İnstitutunun Biopolimerlərin və toksinlərin spektroskopiyası laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımovun “Fiziki metodlara və prinsiplərə əsaslanan biofiziki tədqiqatlar”, AR Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasovun “Kosmik tədqiqatların Azərbaycan Respublikasının inkişafında rolu və perspektivləri” və AR Dövlət Neft Şirkətinin I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Azərbaycanın neft strategiyası və elm” mövzusunda elmi məruzələri dinlənilib.
        Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsi, İctimai Elmlər Bölməsi və Quba Regional Mərkəzinin yaradılması məsələlərinə də baxılıb.
        Daha sonra gizli səsvermə yolu ilə AMEA-nın bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilər keçirildi. Akademik Rasim Əliquliyev AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika, akademik Dilqəm Tağıyev Kimya, akademik Fəxrəddin Qədirov Yer, akademik Teymur Kərimov Humanitar, AMEA-nın müxbir üzvü Nərgiz Axundova İctimai Elmlər bölmələrinin və akademik Fuad Əliyev Gəncə Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər.
        Ümumi yığıncağın qərarı ilə AMEA-nın illik hesabatı qənaətbəxş hesab edilib.

Mənbə: www.science.gov.az