Xəbər lenti‎ > ‎

Məşədixanım Nemətova - 90

Отправлено 28 дек. 2013 г., 4:46 пользователем Murad Nabibekov   [ обновлено 28 дек. 2013 г., 5:00 ]
2014-cü il yanvar ayının 5-də tarix üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü, görkəmli tarixşünas-alimMəşədixanım Nemətovanın 90 yaşı tamam olur

AMEA Rəyasət Heyəti yublilyarın Azərbaycan tarixi və epiqrafika elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 90 illiyi ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsinə dair qərar qəbul edib.

Məşədixanım Sədulla qızı Nemətova 1948-ci ildə Azərbaycan Dövlət Univeristetinin “Şərqşünaslıq” fakültəsini bitirib, həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda aspiranturaya daxil olub, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

1951-ci ildə AMEA Tarix İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış görkəmli alim 1970-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Epiqrafika” şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və hazırda həmin vəzifəni icra edir.

M.Nemətova 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazilərində olaraq, ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb-fars-türk dillərində daşlara həkk olumuş salnamələri araşdırmış, Azərbaycanın iqtisadi-siyasi, sosial-mədəni, tarixi, memarlıq, sənətşünaslıq, filologiya, İslam fəlsəfəsi, toponimika, etnogenez və s. kimi elmi istiqamətlər üzrə külli miqdarda yeni sənədlərlə Azərbaycan tarixşünaslıq elmini zənginləşdirmişdir. O, 2500-dən artıq epiqrafik abidəni toplayaraq oxumuş, onların tarixi əhəmiyyətini müəyyən etmişdir. Alim 12-dən artıq monoqrafiya, 200 elmi məqalə və 6 cildlik “Azərbaycanın epiqrafik abidələri” toplusunun müəllifidir.

Məşədixanım Nemətova sənətşünaslıq tarixində elmə məlum olmayan bədii daşyonma sənəti məktəblərini, onun əsasını qoymuş ustaları, onların davamçılarını, fəaliyyətlərinin xronoloji ardıcıllığını və əsərlərinin yayıldığı sahələri müəyyənləşdirmişdir.

Onun epiqrafika elminin, ümumiyyətlə, Azərbaycan tarixinin müxtəlif mərhələlərinin öyrənilməsində böyük xidmətləri olmuşdur.

Tarixçi alim epiqrafika sahəsindəki araşdırmaları ilə Azərbaycan Respublikasına qarşı torpaq iddiasında olanlara tutarlı cavab vermişdir. O, xüsusilə 1961-ci ildə Zəngəzurun Urud kəndindəki XIV-XVII əsrələrə aid qoç heykəlli və sənduqə formalı məzar daşlarının üzərindəki yazıları oxumaqla tarixən Zəngəzurda alban tayfa¬larının yaşadığını və onların İslamı qəbul etməsini elmi dəlillərlə sübut etmişdir.

Görkəmli alim Abşerondakı XIII-XIV əsrlərə aid (Buzovna, Şağan, Yeni Suraxanı) üç türbə üzərində ərəbcə yazılmış kitabələrə əsasən, xristian Suriya nəsranilərinin Abşeronda yaşamaları və türkləşməsini elmi dəlillərlə sübut etmişdir.

AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın elmi yaradıcılığı Azərbaycanın hüdudlarından kənarda da yüksək qiymətləndirilmişdir. Görkəmli tarixçi 2011-ci ildə Türkiyənin Qars şəhərində keçirilmiş “Uluslararası Kaşgardan Endülüse Türk-İslam Şehirleri Sempozyumları Qazi Kars Şehir Şehrengizleri” toplantısında “Türk-İslam mədəniyyətinə xidmətinə görə” mükafata layiq görülmüşdür.

M.Nemətova “Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsindəki xüsusi xidmətlərinə görə” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Mənbə: science.az

URL: http://science.az/az/index.php?id=6564