Xəbər lenti‎ > ‎

Akademik Eldar Salayev - 80

Отправлено 28 дек. 2013 г., 3:21 пользователем Murad Nabibekov   [ обновлено 28 дек. 2013 г., 5:00 ]


    Dekabrın 31-də Azərbaycanda fizika elminin inkişafında mühüm rol oynamış görkəmli alim, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayevin 80 yaşı tamam olur.

       Eldar Yunis oğlu Salayev 1933-cü il dekabrın 31-də Naxçıvan şəhərində anadan olub.

    Bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsi üzrə görkəmli alim olan E.Salayevin əsas işləri yarımkeçiricilərin tədqiqinə, müxtəlif halların enerji spektrlərinin öyrənilməsinə aiddir. Alim sürətli elektronlar dəstəsi vasitəsilə ilk dəfə laylı kristallarda induksiyalanmış şüalanmanı aşkara çıxarmış və bu sinif yarımkeçiricilərdə qeyri-xətti optik xassələri öyrənmişdir ki, həmin tədqiqatlar lazer şüaları çevricilərinin yaranmasına imkan vermişdir. Onun rəhbərliyi ilə yarımkeçiricilər əsasında deflektor, deşifrator, fotoqəbuledicilər, elektron mikrosoyuducuları, metroloji tətdqiqatlar üçün qurğular yaradılmışdır.

    Yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan alim ölkədə və xaricdə çap olunmuş onlarla elmi əsər və monoqrafiyanın müəllifidir.

    1970-1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1973-cü ildə isə həmin institutun direktoru vəzifəsində çalışan E.Salayev 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını almışdır. Alim 1980-cı ildə Azərbaycan EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. O, 1983-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub.

    E.Salayev fəaliyyət göstərdiyi illər ərzində şərəfli bir həyat yolu keçərək ölkədə və onun hüdudlarından kənarda böyük hörmət və nüfuz qazanmışdır. O, akad. S.İ.Vavilov adına, H.Z.Tağıyev və N.Nərimanov adına mükafatların laureatıdır. Bir sıra nüfuzlu beynəlxalq və xarici ölkələrin elmi qurumlarının - İslam Elmlər Akademiyası (İordaniya), Nyu-York Elmlər Akademiyası (ABŞ), İngiltərə sualtı cəmiyyəti (İngiltərə), Şərq Beynəlxalq Neft Akademiyası, Texnologiya Akademiyası (Rusiya), Beynəlxalq Rabitə Akademiyasının (Ukrayna) üzvüdür.

Mənbə: www.science.gov.az