Xəbər lenti‎ > ‎

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi

Отправлено 27 янв. 2014 г., 6:46 пользователем Murad Nabibekov   [ обновлено 27 янв. 2014 г., 6:46 ]

Bu gün AMEA-nın Əsas binasında akademiyanın Tarix İnstitutunun təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi.

Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 22 noyabr 2013-cü il tarixli Sərəncamını xatırladaraq görkəmli ictimai-siyasi xadimin həyatı, ədəbi, siyasi fəaliyyəti haqqında söhbət açdı. Bildirdi ki, M.Ə.Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) (1918-1920) banilərindən biri olmuşdur.

Y.Mahmudov AXC-nin tarixinə nəzər salaraq M.Ə.Rəsulzadənin xalqımız qarşısındakı xidmətlərindən danışdı. Çoxəsrlik dövlətçilik tariximizdə AXC-nin müstəsna yeri və rola malik olduğunu söylədi. Diqqətə çatdırdı ki, cəmi 23 ay yaşamasına baxmayaraq, AXC dövründə mühüm tədbirlər həyata keçirilmişdir. Milli istiqlalçılarımızın səyləri nəticəsində yeni dövlətçilik ənənələrimiz dirçəlməyə başlamış, türk islam dünyasında ilk demokratik parlament formalaşmış, insanların demokratik hüquq və azadlıqları bərqərar olunmuş, Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququ verilmişdir.

Y.Mahmudov M.Ə.Rəsulzadəni dövlətçilik ənənələrinə sadiq ideoloq, məfkurəçi, ictimai-siyasi xadim, publisist kimi xarakterizə etdi, onun “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarını xatırlatdı.

Ümummilli liderimiz Heydər Əliyevin tapşırığına əsasən ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” hazırlandığını qeyd edən alim onun təkmilləşdirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini vurğuladı. Bildirdi ki, yaxın vaxtlarda ensiklopediya yeni kütləvi tirajla çap olunacaqdır.

Qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin daha dərindən öyrənilməsi üçün AMEA Tarix İnstitutunda şöbə yaradılmış, bu istiqamətdə Dehli, Paris, Moskva, Sankt-Peterburq, London, İstanbul və Ankaradan çoxlu sənədlər gətirilmişdir.

Sessiyada Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı “XX əsrin əvvəllərində M.Ə.Rəsulzadənin siyasi baxışlarının formalaşması”, “M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi”, “M.Ə.Rəsulzadənin parlament fəaliyyəti” və s. mövzularda məruzələr dinlənildi.

Mənbə: www.science.gov.az