Xəbər lenti‎ > ‎

Viki-Mərkəzin 2016-cı il üzrə Fəaliyyət planı müzakirə olunub

Отправлено 26 февр. 2016 г., 6:03 пользователем Murad Nabibekov   [ обновлено 26 февр. 2016 г., 6:04 ]
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında institutda fəaliyyət göstərən Viki-Mərkəzin 2016-cı ilə dair Fəaliyyət planı müzakirə olunub.


        Fəaliyyət planını təqdim edən mərkəzin rəhbəri İradə Ələkbərova mərkəzin AMEA Rəyasət Heyətinin Qərarı ilə 2014-cü ildə yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, mərkəz Vikipediya virtual ensiklopediyasında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi və müasir həqiqətlərini, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin Vikipediyada yerləşdirilməsi məqsədilə yaradılıb. Onun sözlərinə görə, Viki-Mərkəz vikimetrik tədqiqatların aparılması, ayrı-ayrı sahələrin alim və mütəxəssisləri üçün Vikipediyaya aid nəzəri və praktiki dərslərin tədrisi, vətəndaşlar arasında Vikpediyanın populyarlaşdırılması və onların Vikipediyada Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün təbliğat-təşviqat işlərinin aparılması istiqamətlərində fəaliyyət göstərir.
        Mərkəzdə yerinə yetiriləcək elmi tədqiqatlar barədə məlumat verən İ.Ələkbərova viki-mühitdə Big Data ilə bağlı problemlərin analizi, viki texnologiyaların elektron kitabxanalara tətbiqi, viki-mühitə daxil edilən dezinformasiyalarla mübarizə mexanizmlərinin işlənməsi və vikipediyanın manipulyativ informasiya təsirinin analizi istiqamətində yerinə yetiriləcək tədqiqatları diqqətə çatdırıb.
        Məruzəçi bildirib ki, viki-mühitdə Azərbaycan maraqlarına zidd olan kontentin, AMEA-nın institut və təşkilatları, Azərbaycanın tanınmış şəxsiyyətləri və alimləri haqqında ensiklopedik məqalələrin monitorinqi, “Vikikitab” layihəsində isə AMEA alimləri haqqında biblioqrafik məqalələrin, Azərbaycanla bağlı elektron kitab və jurnalların monitorinqi, o cümlədən Vikipediyanın “Commons” layihəsində Azərbaycanla bağlı multimedia fayllarının monitorinqi cari ildə görüləcək işlər sırasındadır.
        İ.Ələkbərova bildirib ki, Fəaliyyət planında AMEA institut və təşkilatları, digər dövlət qurumları əməkdaşlarına Vikipediyada işləmək bacarığını aşılamaq üçün mühazirə və seminarların keçirilməsi, orta və ali təhsil müəssisələrində tələbələrə, müxtəlif sahə mütəxəssislərinə Vikipediya layihələri ilə əlaqədar mühazirə, seminar və treyninqlərin təşkili, həmçinin Vikipediya ensiklopediyasının Azərbaycan ictimaiyyəti arasında populyarlaşdırması və təbliğatı işləri nəzərdə tutulub.
        
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan xalqının tarixi, mədəniyyəti, incəsənəti, musiqisi və s. dünya miqyasında daha da dolğun təqdim edilməsi, ölkənin maddi və mənəvi sərvətlərinə olan informasiya müharibəsi təzahürlərinin qarşısının alınması və s. baxımından Vikipedia virtual ensiklopediyasının əhəmiyyətini qeyd edib.
        R.Əliquliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaqda çıxışı zamanı ölkə alimlərinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli rola malik olduğunu vurğulayıb. Qeyd edib ki, dövlət başçısının bu çağırışı Viki-Mərkəzin məsuliyyətini daha da artırır və qarşıya yeni vəzifələrin qoyulmasını zəruri edir.
        
“Viki-Mərkəzin fəaliyyəti AMEA prezidenti, akademik Akif Əlizadənin diqqət mərkəzindədir və rəhbərlik bu mərkəzin fəaliyyətinin gücləndirilməsi üçün hər cür dəstək verir”, – deyə bildirən akademik bildirib ki, ötən müddət ərzində Vikipediyada Azərbaycanın tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri ilə bağlı dolğun məlumatların yerləşdirilməsi, bu mühitdə toplanan informasiyanı, baş verən prosesləri analiz etmək, təsnifatlaşdırmaq üçün elmi araşdırmaların aparılması, vikipediyada işləmək üçün zəruri bilik və vərdişlərin aşılanması, AMEA-nın qurumlarının bu layihəyə fəal şəkildə qoşulmasının təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Azərbaycan alimlərinin viki-layihələrdə yaxından iştirakını təmin etmək üçün AMEA-nın bütün institut və təşkilatlarında viki-qrupların yaradıldığını söyləyib.
        Alim, həmçinin mərkəzin maddi-texniki təminatının gücləndirilməsi, kadr potensialının artırılmasının zərurliyini vurğulayıb.
        Sonda Fəaliyyət planı Elmi şura üzvləri tərəfindən müzakirə edilərək qəbul olunub.

© Mənbə: www.science.gov.az