Xəbər lenti‎ > ‎

Akademik İradə Hüseynovanın 50 yaşı tamam oldu

Отправлено 25 мая 2015 г., 3:30 пользователем Murad Nabibekov   [ обновлено 25 мая 2015 г., 3:30 ]
        2015-ci il may ayının 24-də istedadlı alim və pedaqoq, bacarıqlı elm təşkilatçısı, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru, akademik İradə Hüseynovanın 50 yaşı tamam oldu.

        İradə Hüseynova 1965-ci il mayın 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1987-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, AMEA-nın Botanika İnstitutunun “Molekulyar biologiya” ixtisası üzrə aspiranturasının əyani şöbəsinə daxil olmuş və 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
        1990-cı ildən Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində kiçik elmi işçidən laboratoriya müdiri vəzifəsinə kimi yüksəlmişdir.
        2004-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.
        2015-ci ildə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur.
        İradə Hüseynova fotosintezin biokimyası, biofizika və molekulyar biologiya sahəsində yüksək ixtisaslı mütəxəssisdir. Alim tərəfindən ali bitkilərin fotosintetik membranlarının əsas struktur-funksional komponentləri olan piqment-zülal komplekslərinin sintezi, yığılması və formalaşması proseslərinin molekulyar-genetik mexanizmləri kompleks şəkildə tədqiq olunmuş, bitkilərin ekstremal şəraitə uyğunlaşmasında fotosintetik dəyişikliklərin mümkün rolu müəyyənləşdirilmiş və bitkilərin abiotik (quraqlıq, şoranlıq, radiasiya) və biotik (virus, fitoplazma) streslərə qarşı davamlılığının müdafiə-adaptasiya proseslərinin əsasları aydınlaşdırılmışdır. İlk dəfə olaraq Azərbaycanda mədəni və yabanı tərəvəz bitkilərində seroloji və molekulyar metodlarla RNT- və DNT-genomlu viruslar və bu virusların qarışığı aşkar edilmiş, onların molekulyar identifikasiyası aparılmış və patogenlə yoluxmuş bitkilərin biokimyəvi, fizioloji və biofiziki xüsusiyyətləri öyrənilmişdir.
        Alim 250-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 6 kitab fəslinin, 2 buklet,1 metodik vəsait və 1 kitabın müəllifidir. Onun elmi işlərinin nəticələri çoxsaylı beynəlxalq konqres, konfrans və simpoziumlarda təqdim olunmuş, dünyanın yüksək impakt faktorlu jurnallarında dərc olunmuşdur. İradə Hüseynovanın elmi işlərinə dünyanın nüfuzlu nəşrlərində dəfələrlə istinad olunmuşdur. Onun aldığı nəticələr AMEA-nın illik hesabatlarında ən mühüm elmi nəticələr sırasına daxil edilmişdir.
        Alimin elmi rəhbərliyi ilə 3 biologiya üzrə fəlsəfə doktoru işi müdafiə olunmuş, 2 elmlər və 2 fəlsəfə doktoru müdafiəyə təqdim olunmaq ərəfəsindədir.
        İradə Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-2011-ci illər üzrə müsabiqələrinin qalibi olan bəzi layihələrdə iştirak etmişdir. O, Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Qanun Elmi-Tədqiqat İnstitutunun “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biomüdafiə və biotəhlükəsizliyin möhkəmləndirilməsi” mövzusunda beynəlxalq layihənin əsas iştirakçısıdır.
        AMEA-nın Botanika İnstitutunun Elmi Şurasının və Müdafiə Şurasının üzvü, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya elmləri üzrə şurasının sədr müavini, AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri) jurnalının baş redaktorunun müavini, YUNESKO yanında “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” üzrə Azərbaycan Milli Komitəsinin sədr müavinidir.
        Akademik Fotosintez Tədqiqatları üzrə Beynəlxalq, Avropa Biokimyaçılar və Molekulyar Bioloqlar (FEBS), Avropa Bitki Bioloqları (FESPB) və Azərbaycanın bir sıra elmi cəmiyyətlərinin üzvüdür.
        İradə Hüseynova 1999-cu ildən elmi fəaliyyətlə yanaşı, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrasında pedaqoji fəaliyyətlə məşğul olaraq, ixtisas kurslarından mühazirə və məşğələlər aparır. Onun elmi rəhbərliyi altında 20-dən artıq bakalavr və magistr dissertasiya işləri müdafiə olunmuşdur.
        Alim 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Həsən Bəy Zərdabi” adına və beynəlxalq elmi cəmiyyətlərin müxtəlif mükafatlarına layiq görülmüşdür.
        Azərbaycanın biologiya sahəsində tanınmış görkəmli alimini 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.
Mənbə: www.science.gov.az

        AMEA Şəki Regional Elmi Mərkəzinin kollektivi də İradə xanımı 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, daha böyük elmi nailiyyətlər arzulayır.