Əli bəy Hüseynzadənin 150 illik yübileyinə həsr olunmuş elmi sessiya keçirildi


        Dünən - martın 24-də AMEA-nın Əsas binasında AMEA Tarix İnstitutunun təşkilatçılığı ilə Əli bəy Hüseynzadənin 150 illik yübileyinə həsr edilmiş elmi sessiya keçirilib.

            Tədbir giriş sözü ilə açan əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunduğunu vurğuladı. Əli bəy Hüseynzadənin yaradıcılığının müxtəlif məqamlarına nəzər salan Y.Mahmudov bildirdi ki, bütün ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmış Ə.Hüseynzadə türk xalqlarına yol göstərən nadir şəxsiyyətlərdəndir.
        Ə.Hüseynzadənin Azərbaycanın milli mücadələ tarixinin əvəzolunmaz şəxsiyyəti olduğunu söyləyən Y.Mahmudov onun öz ideyaları ilə türk xalqlarını birliyə çağırdığını, gələcək nəsillər üçün ən güclü ideoloqlardan biri olduğunu diqqətə çatdırdı.
        “Əli bəy Hüseynzadə yaradıcılığında türkçülük və ümumislam birliyi məsələləri” mövzusunda məruzə ilə çıxış edən t.ü.e.d. İradə Bağırova alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş Ə.Hüseynzadənin bu sahələrin hər birində özünəməxsus izlər qoyduğunu söylədi. Onun XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində də müstəsna xidmətlər göstərdiyindən söz açdı.
        Tədbirdə t.ü.f.d. Sevinc Əliyevanın “Əli bəy Hüseynzadə türkçülüyün görkəmli ideoloqu kimi” və Hakim Qənbərovun “Əli bəy Hüseynzadənin publisistik fəaliyyəti” mövzusunda məruzələri dinlənildi.
        Elmi sessiyada iştirak edən Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə Əli bəy Hüseynzadə haqqında özünün və atasının xatirələrini bölüşdü.

Mənbə: www.science.gov.az
Comments