Xəbər lenti‎ > ‎

Akademik Ziyad Səmədzadənin 75 yaşı tamam olur

Отправлено 24 июн. 2015 г., 4:43 пользователем Murad Nabibekov   [ обновлено 24 июн. 2015 г., 4:44 ]
        İyunun 25-də “Şöhrət” ordenli, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin 75 yaşı tamam olur.

        Ziyad Səmədzadə 1940-cı il iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir. 
         Z.Səmədzadə 1971-ci ildə 31 yaşında iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş və keçmiş SSRİ məkanında ictimai elmlər sahəsində bu yüksək elmi ada layiq görülən ilk alimlərdən biri olmuşdur.
        1980-ci ildə Z.Səmədzadə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
        1983-1993-cü illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TACİS və TRACECA proqramları üzrə Azərbaycanın Milli koordinatoru olmuşdur.
        Alim iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi aktual problemlərə dair 500-dən çox əsərin, o cümlədən çoxsaylı monoqrafiyaların müəllifidir. Akademikin onlarla yetirməsi bu gün ölkəmizdə və onun sərhədlərindən kənarda səmərəli fəaliyyət göstərir.
        Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də mühüm işlər görür. Z.Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. 1999-cu ildə akademik “İqtisadiyyat” adlı qəzet təsis etmiş və onun müntəzəm nəşrinə başlamışdır.
        Z.Səmədzadənin çoxcəhətli elmi fəaliyyətində respublika regionlarının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi də öz əksini tapmışdır. Onun elmi axtarışlarında Azərbaycan paytaxtının iqtisadi və sosial inkişafı ilə bağlı mülahizələri də mühüm yer tutur. Bu araşdırmalar əsasında Bakının iqtisadi, sosial inkişafına dair monoqrafiya dərc edilmiş, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə orqanlarına təqdim edilmişdir.
        Akademikin baş elmi redaktəsi ilə “Azərbaycan XXI əsrin astanasında” üçcildliyi nəşr edilmişdir.
        Dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olmuş, “Dünya iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi” kitabını nəşr etdirmişdir.
        2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, “Böyük yolun mərhələləri” – “Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər” adlı kitabı çapdan çıxmışdır.
        Azərbaycanın görkəmli iqtisadçı alimini 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.
Mənbə: www.science.gov.az