Xəbər lenti‎ > ‎

ABŞ-ın “US-Television” şirkəti Azərbaycan haqqında veriliş hazırlayır

Отправлено 27 апр. 2014 г., 2:00 пользователем Murad Nabibekov   [ обновлено 27 апр. 2014 г., 2:00 ]
    ABŞ-ın nüfuzlu “US-Television” (USTV) şirkəti Azərbaycanda müxtəlif sferalarda, o cümlədən iqtisadi sahədə əldə olunan uğurların təbliği məqsədilə xüsusi layihə çərçivəsində proqram hazırlayır.

    Proqramda həmçinin ölkədə informasiya cəmiyyətinin inkişafı, İKT infrastrukturunun müasir tələblər səviyyəsində qurulması və s. istiqamətdə görülən işlərin işıqlandırılması da nəzərdə tutulub.
    Bu məqsədlə şirkətin proqram meneceri Bart Vaynants AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) olub. Görüşdə institutun direktoru, AMEA-nın akademik-katibi, müxbir üzvü, professor Rasim Əliquliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev iştirak ediblər.
    USTV-nin fəaliyyəti haqqında məlumat verən B.Vaynants televiziyanın iqtisadi inkişafa istiqamətlənən proqramlar hazırlayan müstəqil şirkət olduğunu bildirib. Onun sözlərinə görə, şirkətin hazırladığı xüsusi proqramlar ABŞ-ın nüfuzlu “FOX5 NEW YORK” televiziya kanalında yayımlanır. “Əsas məqsəd iqtisadi sahədə baş verən inkişafı əks etdirməkdir” – deyən B.Vaynants proqramda qlobal iqtisadiyyat əhatə olunmaqla, iqtisadi siyasət və bu sahədəki yeniliklər, xarici biznes sahələri, o cümlədən İKT-nin iqtisadi inkişafda rolu və bu sahədə qazanılan uğurların işıqlandırıldığını diqqətə çatdırıb.
    Söhbət əsnasında professor R.Əliquliyev son 10 ildə ölkəmizdə informasiya cəmiyyəti tələblərinin bərqərar olması, İKT-nin inkişafı sahəsində əldə olunan nailiyyətlər haqqında məlumat verib. Elmi müəssisənin informasiya texnologiyaları və informasiya cəmiyyəti sahəsində qəbul olunmuş dövlət proqramlarından irəli gələn məsələlərin həllində yaxından iştirak etdiyini bildirib. Alim qeyd edib ki, institutda informasiya cəmiyyəti və informasiya texnologiyaları üzrə aktual problemlərin həlli istiqamətində elmi-tədqiqatlar aparılır, İKT sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır.
    Sonra R.Əliquliyev ABŞ-ın “FOX5 NEW YORK” televiziya kanalı üçün müsahibə verib.
    Sonda qonaq institutda mövcud olan elmi-texniki baza ilə yaxından tanış olub.

Mənbə: www.science.gov.az