Xəbər lenti‎ > ‎

Bakıda II Beynəlxalq Həmzə Nigari Simpoziumu keçirilir

Отправлено 22 окт. 2014 г., 4:20 пользователем Murad Nabibekov   [ обновлено 22 окт. 2014 г., 4:21 ]
    Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Simpoziumun oktyabrın 20-də Modern Hoteldə açılış mərasimi olub.

    Şəki Regional Elmi Mərkəzinin Simpoziumda iştirak edən nümayəndəsi Reyhan Miqdətqızından aldığımız məlumata görə, tədbirdə 
Azərbaycan, Türkiyə və Rusiyadan 80 alim və tədqiqatçı iştirak edir. Simpoziumun ayrı-ayrı bölmələrində “Mir Həmzə Nigari ilə əlaqədar yanlış rəvayətlər və əsl gerçəkliklər”, “Mir Həmzə Seyid Nigarinin Fars Divanı”, “Nigari Divanında Əhli-Beyt sevgisi”, “Seyid Həmzə Nigarinin həyatı və yaradıcılığının öyrənilməsi tarixi”, “Seyyid Mir Hamza Nigârî ve Türbesi”, “Mir Həmzə Nigarinin məktubları”, “Mir Həmzə Nigarinin oğlu Siraci”, “Nigari şeiriyyətinin ritm və intonasiya qaynaqları” və digər mövzularında məruzələr olub. 
    Eyni zamanda, Simpozium çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə tanınmış fotoqraf Məmməd Rəhimovun "Sufinin xatirəsinə" fotosərgisi açılıb.
    Simpoziumda Şəkini həmkarımızla birlikdə Cümə məscidinin nümayəndəsi Habil Xəlilov və 17 saylı orta məktəbin müəllimi Elşən Abdurahmanov təmsil ediblər. Toplantıda R.Miqdətqızı "
Sufizm və Şəki ədəbi mühiti ədəbi tarixi kontekstdə" vz H.Xəlilovla E.Abdurahmanov isə "Azərb.da sufilik və nəqşbəndilik" mövzusunda çıxışlar ediblər. 
    R.Miqdətqızı onu da bildirdi ki, bu gün də işini davam etdirən simpoziumun iştirakçıları Həmzə Nigarinin sevimli tələbəsi Hacı Mahmud əfəndi Aslanbəylinin Qazaxdakı məscid və türbəsini ziyarət edəcəklər.
    Xatırladaq ki, "Qarabağdan Amasiyaya Könül Körpüsü – I Beynəlxalq Həmzə Nigari Simpoziumu” 2012-ci ildə Tükiyənin Amasiya şəhərində keçirilib.

    Sonda onu da qeyd edək ki, böyük sufi şair Mir Həmzə Seyyid Nigari 1805-ci ildə Qarabağda dünyaya göz açıb. Təhsilini doğma Vətənində alan Seyyid Nigari çar Rusiyasının siyasətinə qarşı çıxdığına görə Amasiyaya köçmək məcburiyyətində qalıb. 1886-cı ildə Amasiyada dünyasını dəyişən şairin məzarı Amasiyanın Şirvanlar camesindədir.