Xəbər lenti‎ > ‎

AMEA Şərqşünaslıq İnstitutunda M.Ə.Rəsulzadəyə həsr olunan konfrans keçirildi

Отправлено 21 мая 2014 г., 23:51 пользователем Murad Nabibekov   [ обновлено 21 мая 2014 г., 23:52 ]
    "Bir kərə yüksələn bayraq, bir daha enməz!"—Məhəmməd Əmin Rəsulzadə

    Bu gün AMEA Şərqşünaslıq İnstitutunda Azərbaycan milli istiqlal hərəkatının başçısı və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəçisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunan “Azərbaycan Xalq Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda elmi konfrans keçirildi.
    Konfransda institutun əməkdaşları, Türkiyə Bilecik Universitetinin professoruMustafa Sərin və digər institutlardan dəvət olunmuş alim və mütəxəssislər iştirak edirdilər.
    Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Gövhər Baxşəliyevabildirdi ki, M.Ə.Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Rəsulzadənin ədəbi fəaliyyətindən bəhs edən G.Baxşəliyeva həmçinin bildirdi ki, ədibin “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində çap olunmuşdur. O, bir müddət “İrşad” qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun “Türk-rus və rus-türk lüğəti” kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur.
    G.Baxşəliyeva həmçinin xatırlatdı ki, ötən il 22 noyabr tarixdə respublika Prezidenti İlham Əliyev Azərbaycanın görkəmli dövlət və ictimai xadimi M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.
    Sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri Firdovsiyə Əhmədova “Azərbaycan dövlətçiliyi tarixində M.Ə.Rəsulzadənin yeri və rolu” adlı məruzə ilə çıxış etdi. M.Ə.Rəsulzadənin həyata keçirdiyi ideyalardan söz açan məruzəçi onun Milli Şuraya sədr kimi fəaliyyətindən geniş danışdı. F.Əhmədova bildirdi ki, M.Ə.Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük rolu olmuşdur və dövlət quruculuğuna tərəqqipərvər ziyalıları məhz o cəlb etmiş, həmçinin öz fəaliyyətini onların əhatəsində formalaşdırmışdır.
    Tədbirdə Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan M.Ə.Rəsulzadənin həyat hekayəsi ilə institutun əməkdaşları, “İran tarixi və iqtisadiyyatı” şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova və Əfşan Şəfiyeva çıxış etdilər.
    Sonda məruzələr ətrafında müzakirələr aparıldı.

Mənbə: www.science.az