Xəbər lenti‎ > ‎

AMEA Fizika İnstitutunda seqnetoelektriklər və multiferroiklər üzərində yeni tədqiqatlar aparılır

Отправлено 27 апр. 2014 г., 1:56 пользователем Murad Nabibekov   [ обновлено 27 апр. 2014 г., 1:56 ]
    AMEA Fizika İnstitutunda seqnetoelektriklər və multiferroiklər üzərində yeni tədqiqatlar aparılır. Alınacaq materiallar əsasında gələcəkdə müxtəlif çeviricilər əldə oluna bilər. Bu çeviricilər ekstremal şəraitdə (təzyiq, temperatur, radiasiya və s.) işləyən cihazlar üçün nəzərdə tutulur.

    Tədqiqatlar institutun İxtisaslaşdırılmış qeyri standart nəzarət və diaqnostika sistemləri laboratoriyası ilə Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) İ.M. Frank adına Neytron Fizikası laboratoriyasının Kondensə olunmuş mühitlərin neytron tədqiqi şöbəsi arasında bağlanılmış 4 illik (2011-2014) müqavilə əsasında aparılır.
    Bu müddət ərzində Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Rəfiqə Mehdiyeva BNTİ-də uzun müddətli ezamiyyətdə olub, fizika üzrə fəlsəfə doktoru, böyük elmi işçi Sakin Cabarov hazırda BNTİ-də tədqiqatları davam etdirir. Aparılmış tədqiqat işlərinin nəticələri 26 jurnalda dərc edilib. Onlardan 17-si xaricdə nəşr edilib. Əsas elmi nəticələr, “Journal of Alloys and Compounds”, “Zeitschrift für Kristallographie”, “Физика твердого тела” və s. yüksək reytinqli xarici jurnallarda çap olunub.
    Aparılan elmi tədqiqatların yekun nəticələrinin müzakirəsi məqsədi ilə İxtisaslaşdırılmış qeyri standart nəzarət və diaqnostika sistemləri laboratoriyasının müdiri, texnika elmləri doktoru Əli Məmmədov BNTİ-də ezamiyyətdə olub. Üç günlük ezamiyyət çərçivəsində o, Neytron Fizikası laboratoriyasının Kondensə olunmuş mühitlərin neytron tədqiqi şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Denis Kozlenko ilə görüşüb. Görüşdə alınmış nəticələr ətraflı müzakirə edilib və gələcəkdə bu işlərin davam etdirilməsi məqsədilə yeni tədqiqat planı hazırlanıb.

Mənbə: www.science.gov.az