Xəbər lenti‎ > ‎

20 Yanvar faciəsinin qurbanları sırasında AMEA alimləri də var idi

Отправлено 21 янв. 2015 г., 0:44 пользователем Murad Nabibekov   [ обновлено 21 янв. 2015 г., 0:44 ]
        Yanvar hadisələri xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifələrindəndir. 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yadda qaldı. Öz milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
        Faciə nəticəsində 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi cinayət hadisəsi idi.
        20 yanvar günü törədilmiş cinayətlər Azərbaycan elminə xidmət edən şəxslərdən də yan keçmədi. AMEA əməkdaşları - Svetlana Məmmədova, İbrahim İbrahimov İsmayıl Mursaqulov da o dəhşətli gecədə həlak olaraq şəhidlik zirvəsinə ucaldılar.
        Görkəmli alim, professor Svetlana Məmmədova 1988-ci ildə doktorluq işi müdafiə etmişdir. O, müasir kimya elminin yüksək molekullu birləşmələr sahəsində respublikada kimya elmləri doktoru dərəcəsini almış ilk qadın alim idi. 110-a qədər elmi əsərin, 40-dan çox ixtiranın müəllifi idi.
        Professor İbrahim İbrahimov Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun elmi əsərləri Sovet İttifaqı miqyasında şöhrət qazanmışdı. 50 ixtiranın müəllifi olan İ.İbrahimovun 140-dan artıq elmi məqaləsi çap olunmuşdur.
        Professor İsmayıl Mursaqulov Sumqayıt Polimer Materialları İnstitutunda şöbə müdiri vəzifəsində çalışırdı. Bakı Dövlət Universitetinin kimya fakültəsinin məzunu olan alim 1985-ci il Moskvada doktorluq dissertasiyası müdafiə etmişdir.
        Allah rəhmət eləsin!
Mənbə: Science.az