Xəbər lenti‎ > ‎

AMEA-nın illik ümumi yığıncağında Şəki Regional Elmi Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib

Отправлено 21 апр. 2014 г., 6:34 пользователем Murad Nabibekov   [ обновлено 21 апр. 2014 г., 6:36 ]
    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 18-də keçirilən illik ümumi yığıncağında AMEA institut və təşkilatlarının fəaliyyətini əks etdirən sərgi təşkil olunmuşdur. Sərgidə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının nümayəndələri iştirak etmişlər. 

    Sərgidə akademik R.Mehdiyev, AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademik-katibi, müxbir üzv Rasim Əliquliyev, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov və digər qpnaqlar AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) fəaliyyətini əks etdirən stendlə yaxından tanış olublar. Qonaqlara ŞREM-in fəaliyyətini əks etdirən ədəbiyyat, nəşr edilmiş yeni kitablar təqdim olunmuşdur.

    ŞREM-in elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov qonaqlara, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə və AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə ŞREM-in fəaliyyəti və gələcəkdə görəcəyi işlər barədə müfəssəl məlumat vermişdir. O, tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, Mərkəzin İpəkçilik laboratoriyasının əməkdaşları son 2 ildə fəaliyyət göstərdikləri sahə üzrə 4 müəlliflik şəhadətnaməsi və 4 patent almışlar. Hazırda isə ŞREM-in "İpəkçilik ensiklopediyası"nın nəşrə hazırladığını və və belə ensiklopediyanın Azərbaycanda ilk dəfə Şəki Regional Elmi Mərkəz tərəfindən tərtib olunduğunu vurğulayan R.Sadıqov əlavə etmişdir ki, ensiklopediya AMEA-nın 70 illik yubileyinə töhfə olaraq bu il işıq üzü görəcəkdir.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Şəkinin ipəkçilik sahəsində böyük uğurlar qazandığını və ŞREM-in fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə çatdırmışdır.

    Qeyd edək ki, dünənki yığıncaqda AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM)direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə, elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov, elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov və ipəkçilik laboratoriyasının müdiri Qüdürət Bəkirov iştirak etmişlər.

AMEA Şəki Regional Elmi Mərkəzinin
İctimaiyyətlə əlaqələr şöbəsi