Xəbər lenti‎ > ‎

Folklor İnstitutu “Respublika Dədə Qorqud günü”nü keçirib

Отправлено 20 апр. 2014 г., 23:20 пользователем Murad Nabibekov   [ обновлено 20 апр. 2014 г., 23:20 ]
    Aprelin 9-da AMEA Folklor İnstitutu növbəti «Respublika Dədə Qorqud günü» tədbirini keçirib.
    Tədbiri giriş sözüylə Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov) açıb, bildirib ki, hər il institut tərəfindən “Respublika Dədə Qorqud günü” qeyd olunur. Tədbirin başqa bir cəhətdən aktuallığını bildirən M.Kazımoğlu gələn il Qorqudşünaslığın 200 illiyinin tamam olacağını bildirib. O, Folklor İnstitutunda Dədə Qorqud şöbəsinin illərdir fəaliyyət göstərdiyini, institut tərəfindən ayrıca “Dədə Qorqud” jurnalının çap edildiyini, elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib. M.Kazımoğlu ötən il institutun xəttiylə buraxılan kitabları (prof. Ə.Tanrıverdinin “Dədə Qorqud kitabı”nın obrazlar aləmi”, prof. C.Qasımovun “Kitabi-Dədə Qorqudun yasaqlanması”, fil.ü.e.d. Rüstəm Kamalın “Kitabi-Dədə Qorqud: dil janrları və davranış poetikası”) təqdim edib.


    AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun şöbə müdiri, prof. Tofiq Hacıyev sovet dövründə Dədə Qorqudla bağlı qadağalardan danışıb: “”Dədə Qorqud”un haqqını bərpa edən Heydər Əliyev oldu”. O, dastanın yazılı ədəbiyyatımızın bənzərsiz nümunəsi olduğunu bildirib: “Dədə Qorqudun müdrikliyi həmişə bizə kömək olur”.
Tədbirdə «Dədə Qorqud kitabı»nın poetika, mətnşünaslıq, ide-ya-məzmun problemlərinə dair elmi məruzələr dinlənilib.




    Fil.üz.e.d., prof. Əzizxan Tanrıverdi (““Dədə Qorqud kitabı”ndakı bəzi sözlərin transkripsiyası və semantikası barədə”) çıxışında əsasən dastandakı “Atam adın sorarsan Kaba Ağac, anam adın sorarsan Kağan Aslan” ifadəsini hərtərəfli faktlarla təhlil edib, bu qənaətə gəldiyini bildirib ki, dastanda Basatın “Atam adın sorar olsan Qaba Ağac” deməsi daha çox məntiqə uyğundur.




    Tarix ü.f.d. Xəliyəddin Xəlilli “Dədə Qorqud oğuznamələrinə dövlətçilik terminləri necə daxil edilmişdir” adlı məruzəsində dastanda ataxaqanlığın özünü açıq şəkildə göstərdiyini, eposun milli ideyanın təməl əsası olduğunu, onu sırf Azərbaycan hadisəsi saydığını, orada ifadə olunan adət-ənənənin hüquqdan qat-qat qüvvətli olduğunu bildirib.



    Ped.üz.f.d. Asif Hacıyev (““Dədə Qorqud kitabı” qədim oğuz eposunun Azərbaycan variantıdır”) çıxışında bildirib: “Qorqudşünaslığın gəldiyi başlıca fikir bundan ibarətdir ki, ulu Qorqudun adıyla bağlı olan bu oğuz boyları məhz Azərbaycan torpağı və xalqının tarixi keçmişinin ədəbi-bədii formaya salınmış hekayətləridir. Daha qədim çağlarda yaradılmış “Dədə Qorqud” eposu oğuz etnosunun yaşadığı bütün məkanlarda şifahi şəkildə yayılaraq müxtəlif variantlara düşüb”.


    Fil.üz.f.d. Rüstəm Kamal (“Silah sosial fərqlilik forması kimi. “Dədə Qorqud” və “Koroğlu” dastanları əsasında”) çıxışında silahla qəhrəmanın xarakter bağlılığına diqqət çəkib, “İlliada” və “Dədə Qorqud”u müqayisə edib, fikirlərinin sübutunu “Koroğlu” dastanı, Şah İsmayıl Xətai dövründəki hərb savaşları, dastan mədəniyyəti düşüncəsində, eləcə də klassik poeziyamızda axtarıb.
Çıxışlardan sonra müzakirələr olub. İştirakçılar çıxışlarda səslənən fikirlərə münasibət bildiriblər. Məruzəçilər onlara ünvanlanan sualları cavablandırıblar.
Tədbiri yekunlaşdıran M.Kazımoğlu çıxışları dəyərləndirib, çıxışçılara və iştirakşılara təşəkkürünü bildirib.



    

    

Səhifə başına dön