Xəbər lenti‎ > ‎

Azərbaycan alimlərinin I Qurultayı keçirildi

Отправлено 19 дек. 2014 г., 5:12 пользователем Murad Nabibekov   [ обновлено 19 дек. 2014 г., 5:13 ]
Bu gün - dekabrın 19-da AMEA-nın Əsas binasında akademiyanın, AR TəhsilRabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin 
I Qurultayı keçirilib.

        Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən qurultayın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib.

        Tədbirdə respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin ABŞ, Rusiya Federasiyası, Almaniya, Türkiyə və başqa ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər iştirak edirlər.
        
AMEA prezidenti, akademik Akif Əlizadə İnternet üzərindən canlı yayımlanan Qurultayı giriş sözü ilə açdı. İlk dəfə ölkəmizdə keçirilən bu tədbirin müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının, həmçinin bu inkişafa adekvat olaraq Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan onun ideyalarının və siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Təqdirəlayiq haldır ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Akademik vurğuladı ki, hazırda elmi potensialın milli tərəqqi naminə səmərəli istifadə olunması Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran əsas vəzifələrdən biridir.
        
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılmasının ölkəmizin əsas strateji inkişaf xətti olaraq qəbul edildiyini qeyd edən AMEA rəhbəri Konsepsiyanın Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyduğunu bildirdi. Alim qeyd etdi ki, Azərbaycan alimlərinin biliklər cəmiyyətinin qurulmasında yaxından iştirakı mövcud elmi potensialın müasir tələblərə uyğun səfərbər edilməsini, effektiv təşkilati tədbirlərin və yeni innovativ idarəetmə üsullarının tətbiqini, ümumiyyətlə Azərbaycan elminin yeni strategiyasının hazırlanmasını zəruri edir.
        Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorunda çalışan Azərbaycan alimlərinin hansı sosial zümrəni və hansı ölkəni təmsil etmələrindən asılı olmayaraq, vahid bir amal naminə öz qüvvəsini səfərbər etmələrinin, eləcə də müasir dünyanın çağırışlarına, ölkəmizin strateji inkişafı baxımından üzərinə düşən vəzifələrin icrasına vaxtında adekvat cavab vermələrinin vacibliyini qeyd edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan alimlərinin I Qurultayının keçirilməsi ideyasının məhz bu zərurətdən meydana gəldiyini bildirdi.
        
Akademik Akif Əlizadə alimlərin müasir zamanın çağırışlarından, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin müəyyənləşdirilməsində, həmçinin elm sahəsindəki mövcud problemlərin həllində səy və bacarıqlarını əsirgəməyəcəyinə, eləcə də qarşıya qoyulan vəzifələrin reallaşması istiqamətində həmrəylik nümayiş etdirəcəklərinə əminliyini ifadə etdi.
        Sonra AR Prezidenti Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ölkə prezidenti, cənab İlham Əliyevin Azərbaycan alimlərinin I Qurultayına müraciətini səsləndirdi.
        Tədbirdə “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” adlı məruzə ilə çıxış edən AMEA-nın prezidenti Azərbaycan elminin müasir mərhələdə vəzifələri, ölkənin elmi-texniki və innovativ inkişafının müasir, eləcə də vətəndaş cəmiyyətinin və mədəniyyətin vacib ünsürü olan sosial-iqtisadi dəyişikliklərin elmi əsaslarının yaradılması, biliklər iqtisadiyyatının qurulması baxımından strateji əhəmiyyətli innovativ fəaliyyət sahələrində əldə olunan nailiyyətlərlə bağlı fikirlərini bölüşdü.
        
Sonra AR Təhsil naziri Mikayıl Cabbarov “Elm və təhsilin inteqrasiyasının bəzi məsələləri haqqında” adlı məruzə ilə çıxış etdi. Bildirdi ki, bu gün bizim qarşımızda duran ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsinin mühüm bir vəzifə olduğunu vurğulayan nazir bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Onun sözlərinə görə, ali təhsil müəssisələrindəki elmi fəaliyyəti əlaqələndirən müvafiq şuranın yaradılması əsas hədəflərimizdəndir. Şuranın yaradılmasında məqsəd dünya səviyyəli elmi araşdırmaların çərçivə standartlarını müəyyənləşdirməkdir.
        Məruzədə o da qeyd olundu ki, ümumorta təhsil müəssisələrində kurrikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq, o cümlədən ali təhsil müəssiələrində elmi tədqiqatların genişləndirilməsi üçün maliyə resurslarının müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. AMEA-da magistratura təhsilinin təşkil olunması istiqamətində lazımi tədbirlər görüləcək.
        
Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov isə “İnnovativ inkişaf: müasir baxışlar” adlı məruzə ilə çıxış edərək qeyd etdi ki, qurultayda müzakirə olunacaq məsələlər, meydana çıxacaq yeni ideyalar, qəbul edilən qərarlar ölkənin elmi-texniki inkişaf strategiyasının əsasını təşkil etməklə bərabər, bütövlükdə ölkə iqtisadiyyatının gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək. Azərbaycan alimləri ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə ediblər. Ümumdünya İqtisadi Forumunun hesabatlarına görə, ölkəmiz son 10 ildə dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına malik ölkələr sırasına daxil olmuşdur. Azərbaycanın iqtisadiyyatın rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci, İKT-nin inkişafına görə 49-cu, hökumətin İKT-nin gələcək inkişafına yanaşmasına görə 6-cı yeri tutması və ümumiyyətlə makroiqtisadi sabitliyə görə əldə olunan nailiyyətlər buna misal ola bilər. Lakin bizim əsas məqsədimiz iqtisadiyyatımızın neftdən asılılığını minimuma endirməkdir.
Dövlət başçısının müvafiq Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gələcək 8-10 ildə ÜDM-in qeyri neft sektorunun hesabına 2 dəfə artırılması əsas hədəf kimi təyin olunmuşdur. Akademik Əli Abbasov bildirdi ki, innovativ inkişaf siyasəti “qızıl üçbucaq” adlandırdığımız üç sütunun, insan resursu, əlverişli mühit və kapitalın üzərində qurulur. Eyni zamanda qlobal rəqabət şəraitində respublikanın insan potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir. İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elmi-tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur.
        
Nazir məruzəsinin sonunda bildirdi ki, elmin inkişafı, onun səmərəliyinin artırılması bir çox faktorlardan asılıdır. Elmin inkişafı üçün onun maddi texniki və informasiya bazasının gücləndirilməsi, gənc alim və mütəxəssislərə dəstək, onların xaricdə tanınmış elmi məktəblərdə təcrübə keçməsi, birgə tədqiqatların aparılması və intellektual mülkiyyətinin qorunması da əsas şərtlərdəndir. Diqqətə çatdırdı ki, bu qurultay elmin inkişafı ilə bağlı məsələlərin müzakirəsi, innovativ fikirlərin ortaya çıxması və ən başlıcası elmin gələcək inkişafı üçün yeni yol xəritəsinin müəyyən olunması üçün yaxşı bir platformadır.
        Tədbirdə xarici ölkələrin nüfuzlu alimləri, Nobel mükafatı laureatları və tanınmış azərbaycanlı alimlərin Qurultayın keçirilməsi ilə bağlı ünvanladığı təbriklər səsləndirildi.
        
Qurultayda çıxış edən AR Dövlət Neft Şirkətinin vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, İdaretmə sistemləri və İnformatika üzrə Elmi şuranın sədri, akademik İsmayıl İbrahimov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və başqaları Azərbaycan alimlərinin I
Qurultayı və onun əhəmiyyəti, elmin inkişafı və digər prioritet istiqamətlər haqqında danışdılar. Qeyd olundu ki, ölkəmizin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensus əldə etmək, eləcə də elmin bütün sahələri üzrə həmrəyliyin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması baxımından Qurultay böyük əhəmiyyətə malikdir.
        
Tədbirdə məşhur azərbaycanlı alim, Kaliforniya Berkli Universitetinin professoru Lütfi-Zadənin və Avstraliya Federativ Universitetinin professoru Adil Bağırovun virtual çıxışları dinlənildi.
        Sonda Azərbaycan alimlərinin I Qurultayının Bəyannaməsi qəbul olundu, AMEA-nın Biofizika və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova tərəfindən Qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciəti səsləndirildi.

Mənbə: www.science.gov.az
Facebook səhifəsindən götürülüb