Xəbər lenti‎ > ‎

Şəki Regional Elmi Mərkəzin əməkdaşları AMEA-nın ümumi yığıncağında iştirak etmişlər

Отправлено 19 апр. 2014 г., 2:09 пользователем Murad Nabibekov   [ обновлено 19 апр. 2014 г., 3:21 ]
    Xəbər verdiyimiz kimi, dünən - aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağı keçirilmişdir. Tədbir Fəxri Xiyabandan başlamış, ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilmiş, məzarı önünə gül dəstələri qoyulmuşdur. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və nazirliklərin rəhbərlərinin də iştirak etdiyi tədbirdə qonaqlar AMEA-nın Əsas binasında elmi müəssisə və təşkilatların 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisi ilə tanış olmuşlar. 


    AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, 
 Ümumi yığıncağın rəsmi hissəsi AMEA-nın prezidenti, akademik Akif Əlizadənin giriş nitqi ilə başlamışdır. Akademik elmi təşkilatın 2013-cü il ərzində dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirmiş, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərmişdir. AMEA-nın rəhbəri Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahib olduğunu, müasir İKT ilə təchiz edilmiş, regionda ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını vurğulamışdır. Eyni zamanda ölkənin inkişaf strategiyasına uyğun olaraq regionlarda elmi-texniki potensialı artırmaq məqsədi ilə bir sıra islahatların həyata keçirildiyini, o cümlədən Prezident İlham Əliyevin sərəncamına əsasən Gəncə Bölməsinin yaradıldığını xatırlatmışdır. Qeyd olunmuşdur ki, görülmüş işlər sırasına AMEA-nın elmi müəssisələrinin Direktorları, İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası, Gənc Alim və Mütəxəssislər şuralarının yaradılması da daxildir. Müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin "Gənclər üçün Prezident Mükafatı"na təqdim olunması, Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərovun bu yüksək mükafata layiq görülməsi, gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alması istiqamətində müvafiq işlərin aparılması Akademiyanın gənclər və kadrlar siyasətinin tərkib hissəsidir. Hazırda "AMEA-nın 2020-ci ilə qədər" İnkişaf Konsepsiyası hazırlanır, elmi tədqiqatların prioritet və əsas istiqamətləri yenidən müəyyənləşdirilir və bu işlər artıq yekunlaşmaq üzrədir. Həmçinin A.Əlizadə III Bakı Beynəlxalq Humanitar Forumu kimi dünya əhəmiyyətli tədbirləri Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çevrilməsi yolunda mühüm nailiyyətlər hesab etmişdir. Akademik bildirmişdir ki, yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması, həmçinin Azərbaycanın elm potensialının ortaya çıxarılması məqsədi ilə ölkədə və Cənubi Qafqazda ilk dəfə elm festivalının keçirilməsi planlaşdırılır.
    Sonra Akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev çıxış etmişdir. Bildirmişdir ki, hesabat ilində Akademiyada ölkəmizin sürətli inkişafı ilə həmahəng olan islahatların yeni mərhələsinə start verilmiş, AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi təkmilləşdirilmiş, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Qeyd etmişdir ki, el­mi müəs­si­sə­lə­r­də 162 prob­le­m çərçivəsində 504 möv­zu üz­rə 1402 elmi-tədqiqat işi aparılmış, 110 mühüm el­mi nə­­ticə alın­mış, onlardan 55 iş tətbiq olunmuşdur. Akademiyanın alimləri tərəfindən 604-dən artıq ki­tab, 7208-dən artıq mə­qalə və te­zis, o cüm­lə­dən xa­ric­də 2427-dən artıq mə­qalə və tezis çap etdiril­miş­dir. İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 526-nı ötmüş və onlara 3800-dən çox istinad olmuşdur. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilmiş, AMEA-nın elmi müəssisələri tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli elmi tədbir keçirilmişdir. R.Əliquliyev 2013-cü ildə Rəyasət Heyətinin fəaliyyətinin səmərəliliyini artırmaq, Mərkəzi Aparatın elmin idarə edilməsi fəaliyyətini gücləndirmək və müasir tələblər baxımından modernləşdirmək məqsədi ilə həyata keçirilmiş bir sıra əhəmiyyətli struktur dəyişikliklərindən də bəhs etmişdir. Bildirmişdir ki, AMEA-da həyata keçirilən struktur islahatları çərçivəsində müasir dövrün tələblərindən irəli gələrək Biofizika və Smart Materiallar Mərkəzi, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi və Dünya Siyasəti institutları yaradılmışdır. Həmçinin Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından “sosiologiya” sözü götürülmüş, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, İn­san Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılmışdır. AMEA-nın müxbir üzvü Akademiyanın Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 70 illik yubiley və Azərbaycan alimlərinin I Qurultayı kimi iki mötəbər tədbir ərəfəsində olduğunu, bununla bağlı bir sıra elmi-təşkilati işlər görüldüyünü demişdir. AMEA-nın icraçısı olduğu 19 dövlət proqramından 3-ünün artıq başa çatdığı, 13-ünün davam etdirildiyi vurğulanmışdır.
    Natiq AMEA-da həyata keçirilən hüquqi islahatlardan, gənclər siyasətindən də bəhs etmiş, vurğulamışdır ki, elm və təhsilin inteqrasiyası gələcək elmi kadrların Akademiyaya cəlb olunmasına şərait yaratmışdır. Qurulmaqda olan informasiya cəmiyyətinin inkişafından və elektron elmin formalaşması vəziyyətindən danışan R.Əliquliyev bildirmişdir ki, 2013-cü il İKT ili ilə bağlı tədbirlər planında AMEA-nın da üzərinə müəyyən vəzifələr qoyulmuş, Fəaliyyət planı hazırlanmış və bu plan çərçivəsində kompleks tədbirlər həyata keçirilmişdir. Belə ki, AzScienceNet-in ölkə üzrə infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüş, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə AzScienceNet-də 36 km-ə yaxın fiber-optik kabel çəkilmiş, institut və təşkilatların 88%-inin fiber-optik xətlər vasitəsilə İnternetə qoşulması təmin edilmiş, əməkdaşların internet trafikə olan tələbatı təxminən 3 dəfə, yəni 75 Mb/san-dən 250 Mb/san-yə qədər artmışdır. AMEA-nın akademik-katibi qeyd etmişdir ki, 2013-cü il ərzində mütəmadi olaraq “AMEA-nın Məruzələri”, AMEA-nın “Xəbərləri”, “Elm dünyası”, “AMEA-nın Xəbərləri məcmuəsi” jurnallarının və “Elm” qəzetinin nəşri təmin edilmişdir. R.Əliquliyev Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, sosial və maliyyə-təsərrüfat fəaliyyəti istiqamətində görülən işlərdən, alimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır. Hazırda müzakirə prosesində olan "Elm siyasəti haqqında" Qanunun qəbul edilməsi elm sahəsində dövlət siyasətinin normativ-hüquqi əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulamış və "Elmin informasiyalaşdırılması haqqında Dövlət Proqramı"nın qəbul edilməsi məqsədəuyğun hesab etmişdir.
    Daha sonra yığıncaqda AMEA-nın vitse-prezidentləri, akademiklər İsa HəbibbəyliAkif Hacıyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, Gəncə Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fuad Əliyev və Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev çıxış etmiş, mövcud problemlərdən söz açılmış və təkliflər səsləndirilmişdir.
    Ümumi yığıncağın qərarı ilə AMEA-nın hesabatı qənaətbəxş hesab edilmişdir.
    Tədbirdə Akademiyanın prezidenti elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafat təqdim etmişdir. Belə ki, aka­demik Çingiz Qacar Nəsirəddin Tusi adına, akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hü­sey­nova Həsən bəy Zərdabi adına, aka­de­mik Ömər Eldarov akademik Üzeyir Hacıbəyli adı­na mükafata layiq görülmüşlər. Həmçinin, akademik Böyükkişi Ağayev akademik Mirəsədulla Mirqasımov adına, akademik Mə­hər­rəm Məm­­mədyarov akademik Yusif Məmmədəliyev adına, geo­lo­giya-mineralogiya elmləri dok­toru Fərid Dadaşov isə akademik Mu­sa Əliyev adına mükafatla təltif olunmuşlar.

*   *   *

    Qeyd edək ki, dünənki yığıncaqda AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Zəkəriyyə Əlizadə, elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov, elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov və ipəkçilik laboratoriyasının müdiri Qüdürət Bəkirov iştirak etmişlər. 
    ŞREM-in elmi katibi,  tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov yığıncaq iştirakçılarına, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə və  AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə ŞREM-in fəaliyyəti və gələcəkdə görəcəyi işlər barədə müfəssəl məlumat vermişdir. O, tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki,        Mərkəzin İpəkçilik laboratoriyasının əməkdaşları son 2 ildə fəaliyyət göstərdikləri sahə üzrə 4 müəlliflik şəhadətnaməsi və 4 patent almışlar. Hazırda isə ŞREM-in "İpəkçilik ensiklopediyası"nın nəşrə hazırladığını və və belə ensiklopediyanın Azərbaycanda ilk dəfə Şəki Regional Elmi Mərkəz tərəfindən tərtib olunduğunu vurğulayan R.Sadıqov əlavə etmişdir ki, ensiklopediya AMEA-nın 70 illik yubileyinə töhfə olaraq bu il işıq üzü görəcəkdir. 
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Şəkinin ipəkçilik sahəsində böyük uğurlar qazandığını və ŞREM-in fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə çatdırmışdır.
AMEA Şəki Regional Elim Mərkəzinin
İctimaiyyətlə əlaqələr şöbəsi