Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzində 20 Yanvar faciəsinin 26-cı ildönümü anıldı

Отправлено 19 янв. 2016 г., 6:03 пользователем Murad Nabibekov   [ обновлено 19 янв. 2016 г., 6:04 ]

        Bu gün AMEA Şəki Regional Elmi Mərkəzində tariximizə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş anım mərasimi keçirimişdir.

        Toplandıda faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar hadisələrindən bəhs edən video-çarx nümayiş etdirildi.
        Mərkəzin direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü 1990-cı ilin yanvarında sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən söz açaraq bildirmişdir ki, həmin gün soydaşlarımızın yaddaşına qəhrəmanlıq və şərəf tarixi kimi həkk olunmuşdur.
        
Y.Şükürlü onu da vurğulamışdır ki, Qanlı 20 Yanvar gecəsində silahlı sovet ordusu xalqımızın azadlıq mübarizəsini qıra bilməmişdir. Məhz həmin gecənin sayəsində xalqımız azadlığına qovuşmuşdur. Natiq həmin ərəfədə ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəyə qarşı kəskin etirazını bildirdiyini də xatırladaraq, əlavə etmişdir ki, 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət də məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir.
        Tədbirdə mərkəzin elmi işçisi, o illərin canlı şahidi olmuş tarixçi Həbibulla Manaflı 1990-cı il 20 Yanvar gününün xalqımızın azadlığı uğrunda çarpışanların tarixi olduğunu söyləyib. O, bildirib ki, faciədən 26 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlarda silinməz iz buraxıblar. Onların mübarizliyi bugünkü gəncliyimiz üçün örnəkdir. O illərin qaranlıq səhifələri zaman keçdikcə aydınlaşır. Yüz illərdir ki, erməni hiyləgərliyi, xəyanəti xalqımız üçün böyük bəlaya çevrilib. Elm adamları, ziyalılar daim xalqın önündə olmalı, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmalıdırlar. 20 Yanvar faciəsi son dövrlərin ən qanlı hadisələrindən biridir. Lakin bu gün həm də xalqımızın qan yaddaşında şərəfli mübarizə günüdür.
        
Kiçik elmi işçi Elçin Vəliyev çıxış edərək qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikası milli Məclisinə faciəyə tam və əsaslandırılmış hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu. Və bundan sonra Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş faciə haqqında Qərar qəbul etdi. Bununla da ulu öndərin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi.
        Mərkəzin elmi işçisi Aygün İsmayılova, böyük laborant Reyhan Məcidova və digər əməkdaşlar da öz çıxışlarında Qanlı 20 Yanvar hadisələrindən söhbət açaraq, bu siyasətin keçmiş sovet imperiyası tərəfindən düşünülmüş şəkildə həyata keçirildiyini vurğulayaraq azadlıq arzusunda olan insanların qəddarcasına qətlə yetirilmələrindən söhbət açmışlar.