Xəbər lenti‎ > ‎

Azərbaycanın ilk veb-saytı – www.science.az 20 yaşını qeyd edib

Отправлено 17 дек. 2015 г., 23:28 пользователем Murad Nabibekov   [ обновлено 17 дек. 2015 г., 23:42 ]
        
Bu il Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan Milli Elmlər Akademiyasının www.science.az veb-saytının 20 yaşı tamam olur. Portal yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradıb.


 
       Dünən - dekabrın 17-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda www.science.az veb-saytının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə dövlət rəsmiləri, tanınmış alimlər, İnternet-media üzrə mütəxəssislər, KİV nümayəndələri iştirak edirdilər.

        
Yubiley tədbirini giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açdı. A.Əlizadə 2015-ci ilin ölkəmizdə müxtəlif əlamətdar hadisələrin yubiley tarixi ilə yadda qaldığını söylədi. Bildirdi ki, bu tədbirlərdən biri də prezident İlham Əliyevin sərəncamı ilə təntənəli şəkildə qeyd olunan Azərbaycan mətbuatının 140 illik yubileyidir. AMEA prezidenti “Əkinçi” qəzetinin nəşri ilə yaranan Azərbaycan mətbuatının bu müddət ərzində mürəkkəb və kəşməkeşli inkişaf yolu keçdiyini, sonralar Azərbaycan radiosu və televiziyasının fəaliyyətə başlaması ilə medianın inkişafında yeni mərhələlərin əsasının qoyulduğunu söylədi. 1995-ci ildə ölkədə ilk veb-saytın – AMEA-nın rəsmi saytının yaradılmasının daha bir tarixi mərhələnin əsasını qoyduğunu dedi. Həmin dövrdə akademiyanın rəsmi saytının www.ab.az adı altında fəaliyyət göstərdiyini, 2003-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə saytın adının dəyişdirilərək science.az olduğunu qeyd etdi.
        
AMEA prezidenti bu il akademiyanın 70 illik yubileyi çərçivəsində portalın yeni versiyasının istifadəyə verildiyini bildirdi. Bundan əlavə, Azərbaycanda ilk elmi İnternet-televiziya olan Milli Elmlər Akademiyasının “ElmTV” veb-telekanalının yaradıldığını və portalda yayımlandığını vurğuladı.
        Akif Əlizadə meqaportalın təkcə Milli Elmlər Akademiyasının rəsmi veb-resursu deyil, həm də Azərbaycanda ilk İnternet-jurnalistika məktəbi olduğunu söylədi: “Bu gün əminliklə demək olar ki, www.science.az-ın fəaliyyətə başlaması ölkədə İnternet-medianın, veb-jurnalistikanın əsasını qoyub. İnternet-media sahəsində ilk və əvəzsiz xidmətlərini, mətbuat tariximizə gətirdiyi yenilikləri nəzərə alaraq demək olar ki, www.science.az portalı müasir dövrün “elektron-Əkinçi”sidir”.
        Çıxışının sonunda akademik Akif Əlizadə Azərbaycanın media məkanında böyük nüfuz qazanmış science.az saytının 20 yaşı münasibətilə yaradıcı heyəti təbrik etdi, fədakar əməyi ilə uzun illər burada çalışıb elmin populyarlaşdırılmasına öz töhfəsini verən kollektivə fəaliyyətlərində uğurlar dilədi.
        
Tədbirdə “www.science.az saytının meydana gəlməsi, inkişaf mərhələləri və perspektivləri” mövzusunda məruzə ilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevçıxış etdi. R.Əliquliyev Azərbaycanda İnternet-medianın bugünkü inkişaf səviyyəsində mühüm xidmətləri olan science.az veb-saytının 20 ildə keçdiyi yoldan danışdı, bu media orqanının ölkənin informasiya məkanında xüsusi yeri olduğunu bildirdi. Alim ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, AMEA-da da inkişafın əsasının qoyulduğunu bildirdi. İnternet-medianın ilk nümunələrinin XX əsrin sonlarına təsadüf etdiyini qeyd edən institut direktoru Türkiyənin Bilkənt Universiteti və “Britiş Petroleum” şirkətinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq AMEA-da İnternetin Azərbaycan qovşaqları və onların daxili şəbəkə infrastrukturunun yaradıldığını söylədi. Azərbaycanda ilk dəfə İnternetə çıxışın 1991-ci ildə Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini dedi: “Bu, həmin dövrdə müharibə şəraitində yaşayan Azərbaycanın maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qlobal informasiya məkanına inteqrasiya baxımından böyük hadisə idi. İnternetə çıxışın təmin olunması və vüsət alması 140 illik tarixi olan Azərbaycan mətbuatının, mediasının inkişaf mərhələsində yeni səhifə açdı”.
        
R.Əliquliyev bildirdi ki, milli mətbuatımızın bünövrəsini “Əkinçi” qəzeti qoyduğu kimi, bu portal Azərbaycanın elektron mətbuatının “Əkinçi”si, ilk qaranquşu hesab olunur və ölkəmizdə ilk İnternet-jurnalistika məktəbidir.
        R.Əliquliyev science.az-ın Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran və təbliğ edən, AMEA-nın həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən dəyərli və etibarlı informasiya mənbəyi olduğunu bildirdi. “www.science.az – Elmi Xəbər Agentliyidir” – deyən R.Əliquliyev saytda akademik həyatın ictimaiyyət üçün əhəmiyyət kəsb edən bütün məlumatların operativ olaraq yayıldığını bildirdi.
        Sonra akademik zəngin bazaya malik olan veb-portalın inkişaf mərhələlərindən söz açdı. Portalın inkişafının 3 dövrü – I mərhələ 1995-2003-cü illəri, II mərhələ 2003-2015-ci illəri və III mərhələ 2015-ci il və ondan sonrakı dövrü əhatə etdiyini bildirdi. Saytın əhatə etdiyi informasiya fəzasının miqyasına, məzmununa və arxitektur göstəricilərinə uyğun yenidən işlənərək daim təkmilləşdirildiyini, inkişaf etdiyini vurğuladı. Cari ildə innovativ texnologiyalar tətbiq olunmaqla, portalın yeni versiyasının hazırlanaraq istifadəyə verildiyini söylədi.
        
Qeyd etdi ki, informasiya resursu özündə Azərbaycan, rus və ingilis dillərində 25 minə yaxın veb-səhifəni əks etdirir. Sayta müraciət edənlərin statistik göstəricilərinə gəlincə, hər gün veb-resursa 6 minə yaxın istifadəçi müraciət edir, aylıq auditoriya təxminən 180 min nəfər təşkil edir, il ərzində isə portala 2 milyona yaxın veb-oxucu müraciət edir. “Veb-sayt həmçinin elmi-eksperimental bazadır, informasiya-sorğu sistemidir, multimedia qalereyasıdır” – bildirən natiq portalda 2004-2015-ci illər ərzində müxtəlif tədbirlərdən çəkilən 60 000-dən çox foto-, audio- və videomaterialların toplandığını, bu materialların Azərbaycan elminin tarixi salnaməsinə çevrildiyini söylədi.
        
Akademik Rasim Əliquliyev portalda yayımlanan və Azərbaycanda ilk elmi İnternet-televiziya olan Milli Elmlər Akademiyasının “ElmTV” veb-telekanalının fəaliyyətinə də toxundu. “Elm” televiziyası AMEA-nın institut və təşkilatlarının fəaliyyətini tam şəkildə əks etdirən yeganə videoresursdur, burada əsas məqsəd elmin populyarlaşdırılması, elmi nailiyyətlərin, həmçinin mövcud problemlərin ictimaiyyətə çatdırılmasıdır” – bildirən R.Əliquliyev yeni ildən etibarən şəbəkə telekanalının elmtv.az veb-saytının istismara veriləcəyini də vurğuladı.
        İnstitut direktoru meqaportalın təkcə Milli Elmlər Akademiyasının rəsmi veb-resursu deyil, həm də Azərbaycanda ilk İnternet-jurnalistika məktəbi olduğunu söylədi. www.science.az-ın ölkədə İnternet-medianın, veb-jurnalistikanın inkişafında oynadığı roldan söz açdı.
        
Akademik R.Əliquliyev 20 yaşını qeyd edən veb-portalın istismarı və inkişafında əməyi olan yaradıcı heyəti təbrik etdi, onlara bu şərəfli yolda müvəffəqiyyətlər arzuladı.
        Tədbirdə həmçinin Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəriFaiq Fərmanov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğluda çıxış edərək, İnternet-medianın, onun tərkib hissəsi olan sosial medianın cəmiyyətdə rolu, science.az veb-saytının Azərbaycan elminin təbliğində yeri, Azərbaycanda ilk İnternet-jurnalistika məktəbi kimi meqaportalın imkanlarından söz açdılar, saytın fəaliyyətinə yüksək dəyər verdilər.
        
Sonra AMEA-nın “ElmTV” İnternet-televiziyasının elmtv.az saytının təqdimatı oldu. “ElmTV”nin rəhbəri Xatirə Cabbarzadə müxtəlif bölmələri və zəngin videoqalereyanı özündə əks etdirən veb-telekanalda dünya elminə böyük töhfələr bəxş etmiş azərbaycanlı alimlərin, xaricdə yaşayan görkəmli elm xadimlərimizin həyat və fəaliyyətini əks etdirən videomaterialların, o cümlədən dünyada baş verən elmi yeniliklər haqqında videosüjetlərin də öz əksini tapacağını bildirdi.
        Tədbirin sonunda science.az veb-saytında səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar “AMEA-nın Fəxri Diplomu” ilə təltif olundular, xatirə hədiyyələri ilə mükafatlandırıldılar. 

* * *

Azərbaycan Milli Elmlər Akademiyası science.az saytının yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbirində AMEA prezidenti, akademik Akif Əlizadənin Giriş nitqi

        
– Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar!
        Azərbaycan Milli Elmlər Akademiyasının science.az saytının yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbirində hər birinizi salamlayıram. Bu əlamətdar gün münasibətilə sizləri təbrik edirəm.
        Azərbaycan Milli Elmlər Akademiyası yarandığı 1945-ci ildən bəri ölkəmizin iqtisadi inkişafına, dünya elminə çoxsaylı töhfələr bəxş etmişdir. Bu töhfələr sırasında o dövr üçün çox böyük hadisə olan İnternetə çıxışın təmin olunması da tarixi hadisə kimi yadda qalmışdır. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun bir qrup alim və mütəxəssisi tərəfindən 1991-ci ildə ölkənin ilk dəfə İnternetə çıxışının həyata keçirilməsi həm də Azərbaycan mətbuatının, internet-mediasının inkişaf mərhələsində yeni səhifə açmışdır.
        O zaman müharibə şəraitində yaşayan Azərbaycanın maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ən aktual məsələ idi. Belə bir dövrdə, daha dəqiq desək 1995-ci ildə internet-medianın ilk nümunəsi, ilk veb-saytı olan science.az İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən yaradılmışdır. Bu 20 il ərzində ölkəmizə yeni texnologiyalar gətirilmiş, alimlərimizin əhəmiyyətli tədqiqatları nəticəsində informasiya cəmiyyətinin formalaşması istiqamətində böyük nailiyyətlər əldə olunmuşdur.
        Bu proseslərin sırasına science.az-ın texniki imkanlarının artırılması, inkişaf etdirilməsi də daxil olmuşdur. Bu missiyanın öhdəsindən də alim və mütəxəssislərimiz layiqincə gəlmişlər. Akademiyanın rəsmi portalı üzərinə düşən çoxaspektli missiyanı yerinə yetirməklə yanaşı, texnoloji cəhətdən də zamanla ayaqlaşaraq inkişaf etmişdir. Azərbaycan elmi həqiqətlərinin dünyaya çatdırılması missiyasını indi də şərəflə yerinə yetirir. Eyni zamanda elmi-metodoloji baza kimi elmimizin inkişafına, elmi tədqiqatların inteqrasiyasına dəstək verir. Eyni zamanda institut və təşkilatların saytlarının yaradılaraq inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.
        Hörmətli tədbir iştirakçıları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində başqa sahələrdə olduğu kimi, akademik elmdə də çoxlu sayda nailiyyətlər və uğurlar əldə olunub. Ölkəmizin ictimai-mədəni həyatında əlamətdar hadisə olan Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunan Ümumi yığıncaqda dövlət başçımızın iştirakı Azərbaycan elminə, alimlərə göstərdiyi diqqət və qayğının təcəssümüdür. Yubiley tədbirində dövlət başçımızın irəli sürdüyü proqram xarakterli prioritetlər fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılmasında elmin yaxından iştirakını mühüm vəzifə kimi bizim qarşımızda qoymuşdur. Bu prioritetlərin əsas məqsədi elmin bütün istiqamətləri üçün hədəfləri müəyyən etməklə yanaşı, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Bu missiyanın yerinə yetirilməsində də akademiyanın rəsmi portalının böyük xidmətləri var.
        Hazırda ölkəmizdə uğurla elektron elm formalaşır. Azərbaycanın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, biliklər iqtisadiyyatının yaradılması istiqamətində mühüm addımlar atılır. Əsas məqsəd aparılan elmi-tətqiqat işlərinin, alınan elmi nəticələrin səmərəliliyini yüksəltmək, milli elmin inkişafına kömək etməkdir. Azərbaycan Mili Elmlər Akademiyasında yaradılaraq uzun müddət ərzində formalaşmış AzScienceNet Elm Kompüter Şəbəkəsi elektron dövlətin tərkib hissəsi olan elektron elmin inkişafına hərtərəfli dəstək verir. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyaların inkişafı elektron elmin inkişafına da zəmin yaradır.
        Hörmətli tədbir iştirakçıları, göründüyü kimi akademiyanın 70 il ərzində qazandığı çoxlu sayda nailiyyətləri sırasında respublika tarixində ilk dəfə olaraq İnternetin milli infrastrukturunun və veb-saytın yaradılması da mövcuddur. Milli Elmlər Akademiyasının rəsmi portalı, həm də sosial media kimi fəaliyyət göstərir. science.az yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Elmi nailiyyətlərimizin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradıb. Respublikanın elmi-ictimai mühitində baş verən hadisələr indi də portalın əməkdaşları tərəfindən operativ əldə edilərək dünya ictimaiyyətinə çatdırılır. science.az Azərbaycan elmində aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıraraq təbliğ edir. Akademiyanın həyatında baş verən əlamətdar hadisələr, tarixi görüşləri əks etdirən və zəngin bazaya malik olan dəyərli və etibarlı informasiya mənbəyidir.
        Mən həm öz adımdan, həm də tədbir iştirakçıları adından 20 yaşını qeyd edən saytın yaradıcılarını, İnformasiya Texnologiyaları İnstitutunun kollektivini, fədakar əməyi ilə uzun illər burada çalışıb elmimizin populyarlaşdırılmasına öz töhfəsini verən bütün əməkdaşları ürəkdən təbrik edirəm. Onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm.


* * *

Akademik Rasim Əliquliyevin Azərbaycanın ilk veb-saytı www.science.az-ın yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbirində Çıxış nitqi

        
– Hörmətli tədbir iştirakçıları!
        Minilliyin ideologiyası olan informasiya cəmiyyəti quruculuğu dövründə elmi-texniki sahədə tərəqqi İnternet-medianın meydana çıxmasına, vətəndaş jurnalistikasının vüsət almasına zəmin yaratdı. Cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsində ənənəvi kütləvi informasiya vasitələri ilə yanaşı elektron media da mühüm rol oynamağa başladı. Onlayn informasiya vasitələri artıq insanların daha çox müraciət etdiyi və getdikcə populyarlıq qazanan informasiya mənbələrindən birinə çevrildi.
        Müstəqilliyinin bərpasının cəmi 24 illik tarixi olan Azərbaycanda elektron-KİV hazırda özünün inkişaf mərhələsini yaşayır. İnformasiya cəmiyyəti tələblərinin bərqərar olduğu, dünyanın elektron-informasiya məkanına inteqrasiya edən ölkəmizdə informasiya resurslarının sayı durmadan artmaqdadır. Hazırda siyasi, iqtisadi, sosial, mədəni, elm və digər sahələri əhatə edən yüzlərlə aktiv portal, xəbər saytı və İnternet informasiya resursu mövcuddur.
        Azərbaycanda İnternet-medianın ilk nümunələri 90-cı illərdə meydana gəlməyə başlayıb. Daha dəqiq desək, yeni medianın inkişafı əsasən 1995-1996-сı illərə təsadüf edir. Belə ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, AMEA-da da inkişafın əsası qoyuldu. Türkiyənin Bilkənt Universiteti və Böyük Britaniyanın “Britiş Petroleum” (bp) şirkətinin dəstəyi ilə ilk dəfə olaraq AMEA-da İnternetin Azərbaycan qovşaqları və onların daxili şəbəkə infrastrukturu yaradıldı. Ölkənin ilk dəfə İnternetə çıxışı 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildi. Bu, həmin dövrdə müharibə şəraitində yaşayan Azərbaycanın maraqlarına xidmət edən milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün qlobal informasiya məkanına inteqrasiya baxımından böyük hadisə idi. İnternetə çıxışın təmin olunması və vüsət alması 140 illik tarixi olan Azərbaycan mətbuatının, mediasının inkişaf mərhələsində yeni səhifə açdı. Ümumdünya hörümçək torunun misilsiz imkanları media dünyasında köklü dəyişikliklərə səbəb oldu. İnternet təkcə yeni KİV yaratmadı, həm də ənənəvi KİV-i dəyişməyə sövq etdi və KİV-in mühüm kommunikasiya vasitəsinə çevrildi.
        Ölkədə ilk veb-sayt 1995-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yaradıldı. Həmin dövrdə AMEA-nın www.ab.az rəsmi saytının yaradılması “Əkinçi” qəzeti, televiziya və radiodan sonra daha bir tarixi mərhələnin əsasını qoydu. Beləliklə, AMEA-nın rəsmi veb-portalı olan science.az ölkənin mətbuat tarixinə adını ilk veb-sayt kimi yazdırdı. Milli mətbuatımızın bünövrəsini “Əkinçi” qəzeti qoyduğu kimi, bu portal Azərbaycanın elektron mətbuatının “Əkinçi”si, ilk qaranquşu hesab olunur və ölkəmizdə ilk İnternet-jurnalistika məktəbidir.
        Bu il Azərbaycan mətbuat tarixində xüsusi yeri olan science.az saytının 20 yaşı tamam olur. Veb-portal yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradıb. AMEA və bütövlükdə respublikanın elmi-ictimai mühitində baş verən hadisələr portalın əməkdaşları tərəfindən operativ əldə edilərək ölkə ictimaiyyətinə çatdırılır. science.az Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran və təbliğ edən, akademiyanın həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən və zəngin bazaya malik olan dəyərli və etibarlı informasiya mənbəyidir. Meqaportal AMEA Rəyasət Heyəti aparatı, akademiyanın elmi müəssisə və təşkilatlarının strukturu və fəaliyyəti, AMEA-nın sabiq prezidentləri və fəxri üzvləri, həqiqi və müxbir üzvləri, elmlər və fəlsəfə doktorlarının elmi fəaliyyətlərinin əsas istiqamətləri, elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, əsərləri haqqında məlumatları əks etdirən və güclü axtarış imkanlarına malik informasiya sistemidir. Portalda həmçinin Azərbaycan Respublikası Prezidenti tərəfindən elm və təhsil sahəsində imzalanmış rəsmi sənədlər, AMEA Rəyasət Heyətinin rəsmi sənədləri, eləcə də AMEA-nın dövri nəşrləri yerləşdirilib.
        Elm məbədinin rəsmi informasiya resursu özündə Azərbaycan, rus və ingilis dillərində 25 minə yaxın veb-səhifəni əks etdirir. Veb-resurs istismara verildiyi gündən indiyədək veb-oxucular tərəfindən maraqla izlənilir. Saytda yerləşdirilən informasiyadan müxtəlif dövlət qurumları, idarə və təşkilatlar, o cümlədən xəbər agentlikləri və saytları operativ olaraq istifadə edirlər. Portalda 2004-2015-ci illər ərzində müxtəlif tədbirlərdən çəkilən 60 000-dən çox foto-, audio- və videomaterial toplanılıb. Azərbaycan elminin tarixi salnaməsinə çevrilən bu multimedia materialları “nə”, “harada”, “nə vaxt” məlumatları ilə indeksləşdirilərək, verilənlər bazasına daxil edilir, AzScienceNet şəbəkəsinin Data Mərkəzində saxlanılır və istifadəçilərə korporativ xidmətlər göstərilir.
        www.science.az-ın sosial şəbəkələrdə də təbliğatı fəal şəkildə aparılır. Portalın “Facebook” və “Twitter” səhifələri mövcuddur.
        www.science.az portalının inkişaf mərhələlərinə gəlincə, bu mərhələ 3 dövrü – I mərhələ 1995-2003-cü illəri, II mərhələ 2003-2015-ci illəri və III mərhələ 2015-ci il və ondan sonrakı dövrü əhatə edir. Sayt veb-texnologiyaların müasir inkişaf səviyyəsi nəzərə alınaraq daim təkmilləşdirilir, inkişaf edir. Əhatə etdiyi informasiya fəzasının miqyasına, məzmununa və arxitektur göstəricilərinə uyğun yenidən işlənərək öz imkanlarını mütəmadi olaraq genişləndirir. AMEA-da islahatlar və struktur dəyişikliklərinin aparılması, akademiyanın yeni korporativ üslubunun işlənilməsi, yeni texnologiyaların meydana gəlməsi, videoqalereya və “ElmTV” İnternet-televiziyasının yaradılması, ən yeni texnologiyalardan istifadə yeni dizayna, zəngin kontentə malik portalın yaradılmasına rəvac vermişdir. Cari ildə innovativ texnologiyalar tətbiq olunmaqla, portal daha da təkmilləşdirilib, yeni versiyası hazırlanaraq istifadəyə verilib.
        Qeyd etmək lazımdır ki, portal Azərbaycanda yeni media vasitələrinin inkişafı, yaradıcılıq və yeniliyə dəstək məqsədi daşıyan müxtəlif layihələrdə də iştirak edir. 2005-ci ildə www.science.az portalı “Azerbaijan E-Content Award 2005” müsabiqəsinin “E-elm” nominasiyasi üzrə mükafatına layiq görülüb.
        Portalda Azərbaycanda ilk elmi İnternet-televiziya olan Milli Elmlər Akademiyasının “ElmTV” veb-telekanalı öz əksini tapıb. 2 ilə yaxındır ki, fəaliyyət göstərən şəbəkə telekanalı müxtəlif bölmələri və zəngin videoqalereyanı özündə əks etdirir. “Elm” televiziyası AMEA-nın institut və təşkilatlarının fəaliyyətini tam şəkildə əks etdirən yeganə vizual mənbədir. Burada əsas məqsəd elmin populyarlaşdırılması, elmi nailiyyətlərin, həmçinin mövcud problemlərin ictimaiyyətə çatdırılmasıdır. Yeni ildən etibarən “ElmTV” İnternet-televiziyasının elmtv.az veb-saytı istismara veriləcək. Veb-telekanalda xəbərlər, xüsusi reportajlar, müsahibələr və s. öz əksini tapacaq, mühüm əhəmiyyət kəsb edən tədbirlərin canlı yayımı həyata keçiriləcək. “ElmTV” www.science.az saytının “Xəbərlər” bölməsinə videomateriallarla operativ dəstək verir.
        Meqaportal təkcə Milli Elmlər Akademiyasının rəsmi veb-resursu deyil, www.science.az həm də Azərbaycanda ilk İnternet-jurnalistika məktəbidir. Bu gün əminliklə demək olar ki, www.science.az-ın fəaliyyətə başlaması ölkədə İnternet-medianın, veb-jurnalistikanın əsasını qoyub. İnternet-media sahəsində ilk və əvəzsiz xidmətlərini, mətbuat tariximizə gətirdiyi yenilikləri nəzərə alaraq demək olar ki, www.science.az portalı müasir dövrün “elektron-Əkinçi”sidir.
        www.science.az təlim-tədris bazasıdır. Yarandığı gündən sayt respublikanın ali məktəbləri, xüsusən, BDU, AzTU, ADNSU-nun həm İKT profilli, həm də jurnalistika ixtisasları üzrə təhsil alan tələbələrinin təcrübə bazası rolunu oynayır. Belə ki, ölkənin təhsil sistemində ilk dəfə olaraq AMEA İnformasiya Texnologiyaları İnstitutu Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsi ilə birgə “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihə həyata keçirib. 2008-ci ildən 2012-ci ilədək davam edən bu layihə veb-jurnalistika sahəsində kadr hazırlığında mühüm rol oynayıb. Kurslarda ümumilikdə 300 tələbə iştirak edib.
        BDU-nun “Jurnalistika” fakültəsinin tələbələri, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AzərTAC-ın əməkdaşlarına İnternet-medianın praktiki əsasları, saytların yaradılması və idarə edilməsi üzrə mühazirə və məşğələ dərsləri keçirilib. 20 il ərzində saytın kollektivi tərəfindən çoxlu sayda veb-proqramçı, veb-dizayner, veb-jurnalist, fotomüxbirlər və s. yetişdirilib. Hazırda onlar ölkənin müxtəlif qurumlarında peşəkar mütəxəssis kimi fəaliyyət göstərirlər.
        Bu 20 il ərzində funksional xüsusiyyətləri və imkanlarına görə www.science.az saytı inkişaf edərək ölkəmizdə uğurla formalaşan e-elm infrastrukturunun əsas portalına çevrilib. AMEA Rəyasət Heyətinin qərarı ilə Elmlər Akademiyasının bütün qurumlarının veb-saytları AzScienceNet şəbəkəsinin DATA Mərkəzində yerləşdirilir və təhlükəsizliyi təmin olunur. Bu da www.science.az və digər təşkilatların veb-saytlarının parametrlərinin vahid siyasət çərçivəsində statistikasının aparılmasına, həmin saytlarda toplanmış log-faylların web-mining texnologiyalarının köməyi ilə müxtəlif aspektlər üzrə intellektual təhlilinə imkan verəcək. Bu imkanlardan istifadə etməklə alimlərin və elmi kollektivlərin fəaliyyətinin müntəzəm olaraq elmmetrik və vebometrik tədqiqatlar əsasında qiymətləndirilməsi mümkün olacaq. 20 il ərzində www.science.az saytı AzScienceNet şəbəkəsinin funksional imkanları və İnternetə çıxış sürətinin artması ilə inkişaf etmişdir. AzScienceNet şəbəkəsinin Avropa Birliyinin çətiri altında fəaliyyət göstərən GEANT Assosiasiyasında ölkəmizi təmsil etməklə, 2016-cı ildən Avropanın elm və təhsil şəbəkəsinə 1 Gbit/san sürətlə çıxışı planlaşdırılıb. Bu da, şübhəsiz ki, respublikanın elm və təhsil ictimaiyyəti üçün böyük imkanlar yaratmaqla, eyni zamanda www.science.az portalının inkişafı üçün geniş perspektivlər açacaq.
        Tam əminliklə demək olar ki, Azərbaycanda İnternet-medianın bugünkü inkişaf səviyyəsində Milli Elmlər Akademiyasının science.az veb-saytının xidmətləri danılmazdır. Elmi fəaliyyətin informasiya təminatının təmin edilməsi, cəmiyyətin elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm rol oynayan bu media orqanının Azərbaycanın informasiya məkanında xüsusi yeri var. Veb-sayt fəaliyyəti dövründə ölkənin elmi-ictimai həyatının bütün sahələrinə nüfuz etməyi bacarıb, bu illər ərzində oxucularının rəğbətini qazana bilib.
        science.az ailəsinin hər bir üzvünü 20 illik yubiley münasibətilə təbrik edirəm. Fədakar əməyi ilə uzun illər burada çalışıb elmin populyarlaşdırılmasına öz töhfəsini verən kollektivə fəaliyyətində uğurlar diləyirəm.

Mənbə: Science.gov.az
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən 
www.science.gov.az saytına istinad zəruridir