Xəbər lenti‎ > ‎

Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibətilə elmi sessiya keçirilib

Отправлено 18 мар. 2014 г., 8:07 пользователем Murad Nabibekov   [ обновлено 18 мар. 2014 г., 8:07 ]
    AMEA Nizami adına Ədəbiyyat İnstitutunda böyük maarifpərvər ziyalı Əlibəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibətilə elmi sessiya keçirilib.

    Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli böyük türkoloq alim Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. AR Prezidenti cənab İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 21 yanvar tarixli Sərəncamının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli bu tarixi sənədi, bir növ, görkəmli alimə verilən siyasi bəraət kimi səciyyələndirib. Qeyd edib ki, Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixində böyük rolu olan alim Əli bəy Hüseynzadənin irsi sovet dövründə demək olar ki, araşdırılmamış, vaxtilə ona “panislamist”, “pantürkist” damğaları vurularaq ədəbi-ictimai fəaliyyətinə kölgə salınmış, əsərləri qadağan edilmişdir: “Müstəqillik illərində görkəmli Azərbaycan mütəfəkkiri və maarifçisinin irsi müəyyən araşdırmalara cəlb olunmuş, əsərləri işıq üzü görmüşdür”.
    Elmi-tədqiqat müəssisəsinin rəhbəri təpədən-dırnağadək türk məfkurəsini yaşadaraq onu inkişaf etdirən Əli bəy Hüseynzadənin Azərbaycanın müstəqilliyi uğrunda daim mübarizə apardığını önə çəkərək onun ortaq türk düşüncəsinin, turançılıq ideologiyasının formalaşmasında misilsiz xidmətlər göstərdiyini bildirib. Əli bəy Hüseynzadənin vaxtilə ortaq türk dili yaratmaq ideyasının bu gün də gündəmdə olduğunu söyləyən akademik İ.Həbibbəyli ədibin yaradıcılığının bundan sonra da müxtəlif aspektlərdən araşdırılmasının əhəmiyyətindən danışıb.
    Daha sonra filologiya üzrə elmlər doktoru, professor Şamil Vəliyevin “Əli bəy Hüseynzadə və XX əsrin əvvəllərinin ədəbi prosesi”, filologiya üzrə elmlər doktoruZaman Əsgərlinin “Əli bəy Hüseynzadənin həyatı və mühiti”, filologiya üzrə fəlsəfə doktoru Sevil Qaraşovanın “Əli bəy Hüseynzadə yaradıcılığı və Qərb ictimai-siyasi fikri”, filologiya üzrə elmlər doktoru Şərəf Cəlillinin “Əli bəy Hüseynzadənin ideyaları və müasirlik”, həmçinin filologiya üzrə elmlər doktoruGülər Abdullayevanın “Əli bəy Hüseynzadə və müasirləri” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə görkəmli türkoloq alimin həyatının bəzi məqamları və yaradıcılıq istiqamətləri barədə əhatəli və dolğun məlumat verilib.
    Tədbirdə çıxış edən ədibin qardaşı nəvəsi Cəmilə xanım Hüseynzadə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, o cümlədən akademiya rəhbərliyinə minnətdarlığını bildirib.
    Sonda akademik İsa Həbibbəyli çıxış edərək yubiley tədbirlərinin davam etdirildiyini, AMEA Humanitar və İctimai Elmlər Bölməsi üzrə konfransın keçiriləcəyini, eləcə də alimin doğulduğu Salyan şəhərində tədbirin təşkil ediləcəyini bildirib. O, həmçinin Əli bəy Hüseynzadə haqqında yazılan əsərlərdən ibarət Məqalələr toplusunun da nəşrə hazırlandığını diqqətə çatdırıb. Akademik ədibin irsini bütün dolğunluğu ilə əhatə edə biləcək sanballı monoqrafiyanın yazılmasını məqsədəuyğun hesab edib, tapşırıq və tövsiyyələrini verib.

Mənbə: www.science.gov.az