Xəbər lenti‎ > ‎

Akademik Mirəsədulla Mirqasımov haqqında xatirə kitabı nəşr edilib

Отправлено 16 дек. 2013 г., 6:32 пользователем Murad Nabibekov   [ обновлено 27 дек. 2013 г., 23:42 ]
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsi haqqında 2013-cil fevral ayının 6-da sərəncam imzalayıb. Sərəncama əsasən AMEA Rəyasət Heyətinin qərarı ilə ölkəmizin ən nüfuzlu elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının Mər¬kəzi Elmi Kitabxanası görkəmli ictimai xadim, Elmlər Akademiyasının ilk prezidenti, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Mirəsədulla Mirələsgər oğlu Mirqasomova həsr olunmuş “Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı”nı hazırlayıb. Nəşrin layihə rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru akademik Əhliman Əmiraslanov və tərtibçi müəllifi isə filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

    Kitabda M.Mirqasımova həmdövr olan və müasir dövrün görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin akademik haqqında xatirələri geniş yer alıb və həmçinin alimin elmi-pedaqoji fəaliyyətini əks etdirən biblioqrafiyası da öz əksini tapıb. Azərbaycan MEA-nın prezidenti, akademik Akif Əlizadənin “Akademik Mirəsədulla Mirqasımov: elmi idrak epoxaların kəşisməsində” məqaləsi kitabda xüsusi yer tutur. Akademik A.Əlizadə Azərbaycanın elmi və ictimai fikir tarixinə qızıl hərflərlə yazılmış Mirəsədulla Mirqasımovun şəxsiyyəti, elmi, elmi-təşkilati, pedaqoji, ictimai-mədəni, praktik-tibbi, tibbi-nəzəri istiqamətləri özündə birləşdirən geniş fəaliyyət spektri bütövlükdə XX əsrin birinci yarısı Azərbaycan elmi və ictimai düşüncəsinin təşəkkülündə və inkişafında müstəsna rolunu öz məqaləsində geniş işıqlandırmışdır.

    Kitabda həmçinin akademiklər Əhliman Əmiraslanov, Cəmi Əliyev, Böyükkişi Ağayev, Mahmud Kərimov, Mirməmməd Cavadzadə, müxbir üzv Südeyf İmamverdiyev, professorlar Mehman Ağayev, Məmməd Nəsirov, Vaqif Verdiyev də digərlərinin məqalələrində akademik M.Mirqasımovun yüksək elmi və zəngin mənəvi xüsusiyyətləri, parlaq şəxsiyyəti, geniş dünyagörüşü, insani cəhətləri, ictimai-əxlaqi dəyərləri, ailə-övlad münasibətləri və b. keyfiyyətləri öz əksini tapmışdır.

    Alimin Azərbaycan və rus dillərində işıq üzü görmüş kitab, monoqrafiya, broşür, habelə məcmuələrdə və dövrü mətbuatda dərc edilmiş elmi əsərləri xronologiya və əlifba prinsiplərinə uyğun olaraq biblioqrafiyada yerləşdirilib. Eyni zamanda akademik haqqında Azərbaycan və rus dillərində yazılan materiallar və ailəsinin təqdim etdiyi fotoşəkillər də geniş şəkildə təqdim olunub.

Mənbə: http://www.turkelpress.com

URL: http://www.turkelpress.com/?p=14551

Comments