Xəbər lenti‎ > ‎

AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı Elmi İnnovasiyalar Mərkəzinin keçirdiyi seminarda iştirak edib

Отправлено 15 дек. 2014 г., 2:00 пользователем Murad Nabibekov   [ обновлено 15 дек. 2014 г., 2:01 ]
        Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov dekabrın 9-da Elmi İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda milli innovasiya sisteminin formalaşması və inkişafı” mövzusunda keçirilmiş respublika elmi-praktiki seminarında iştirak etmişdir.

        AMEA-nın əsas binasında keçirilən tədbirdə innovasiya sahəsində çalışan alim və mütəxəssisələr, respublika nazirlikləri və komitələrinin nümayəndələri, ekspertlər iştirak edirdilər.
        Seminarı giriş sözü ilə açan mərkəzin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov elmi-praktiki tədbirin məqsədinin Milli İnnovasiya Sisteminin (MİS) formalaşması və idarə olunması istiqamətində beynəlxalq təcrübə mübadiləsi aparmaq, onun alt sistemlərinin icrası ilə əlaqədar görülən işləri, zəruri məsələləri nəzərə çatdırmaq olduğunu bildirdi.
        Ölkəmizdə innovasiya fəaliyyətinin inkişaf etdirilməsinin metodoloji əsaslarının müasir şəraitə uyğunlaşdırılmasına, innovasiyalara əsaslanan yeni iqtisadi inkişaf mexanizmlərinin işlənməsinə ehtiyac olduğunu söyləyən A.Namazov qeyd etdi ki, MİS-in formalaşdırılması yeni biliklər, elmi innovasiya və yüksək texnologiyalara əsaslanan iqtisadiyyat və sənaye cəmiyyətinin qurulmasının ilkin mərhələsini təşkil edə bilər.
        Alim bildirdi ki, rəhbərlik etdiyi mərkəz tərəfindən “Azərbaycan Respublikasının innovasiya siyasəti Konsepsiyası”, “Milli İnnovasiya Sisteminin formalaşması və inkişafı proqramı”, " Azərbaycan Respublikasında innovasiya fəaliyyətinə dövlət dəstəyi və tənzimlənməsi haqqında qanun” layihələri hazırlanmış, AMEA Rəyasət Heyəti tərəfindən müvafiq qiymət verilməklə, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilmişdir.
        Tədbirdə professor Fərman Qasımov “Elmi-tədqiqat və tədris müəssisələrinin innovasiya aktivliyinin qiymətləndirilməsi”, professor Təbriz Əliyev “Sənayedə innovasiyaların tətbiqi proqramının işlənilməsinin metodiki aspektləri”, biologiya üzrə fəlsəfə doktoru Təmraz Təmrazov “Azərbaycanda innovasiya texnologiyalarının vəziyyəti” mövzusunda məruzələrlə çıxış etdilər.
        Məruzələr ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Mənbə: www.science.gov.az