Xəbər lenti‎ > ‎

AYDIN MƏMMƏDOV - 70

Отправлено 13 янв. 2014 г., 23:48 пользователем Murad Nabibekov   [ обновлено 13 янв. 2014 г., 23:51 ]
2014-cü il yanvarın 16-da bütün ömrünü Azərbaycanın tərəqqisinə, elmin inkişafına, Vətənimizin azadlığı uğrunda mübarizəyə həsr etmiş və 57 yaşında faciəli surətdə dünyasını dəyişmiş Aydın Məmmədovun 70 yaşı tamam olacaqdır.

    Aydın Mirsaleh oğlu Məmmədov 1944-cü il yanvarın 16-da Şəkidə anadan olmuşdur. Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr etmişdir. Orta məktəbdə müəllim fəaliyyətinə qoşulan A.Məmmədov elmi işçi kimi böyüdü, ictimai xadim kimi ərsəyə çatdı, görkəmli siyasət adamı kimi həyatdan getdi. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim Aydın bəy istər "Sovetskaya turkologiya" jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün ölçüyəgəlməz işlər görmüşdür.
    Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında ilk günlərdən dayanmışdır. Onu həmişə tətil edən fəhlələrin, yerli ağalara etiraz edən kəndlilərin, tələbələrin, ziyalıların içərisində, özü də ən narahat, ən ağrılı anlarda görmək mümkün idi. Ayıq siyasətçi və ardıcıl demokrat olan Aydın bəyin hadisələrə öz şəxsi münasibəti və onları öz şəxsi yozum üslubu vardı.
    
Güclü məntiqə malik, alovlu natiq Aydın bəy on minlərcə insanı arxasınca aparmağı bacarırdı. Xalqın sevgisini qazanmış A.Məmmədov millət vəkili seçilmişdi. Bu vəzifədə o, milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkatımızı düz yolla aparmaq üçün ciddi işlər görürdü.
    Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri idi.
    Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur.
    Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir.
    1991-ci il aprel ayının 19-da avtomobil qəzasında ədəbiyyatşünas, tərcüməçi,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci il Azərbaycan Xalq Hərakatının fəal iştirakçısı olmuş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı Dilarə xanım Əliyeva ilə bir yerdə faciəli şəkildə həlak olmuşdur.
    Aydın Məmmədov öz doğma Kiş kəndində dəfn olunmuşdur.