Xəbər lenti‎ > ‎

AMEA “Gənc alim” AİS-nin yaradılması alim və mütəxəssislərin innovativ potensialından geniş istifadə məqsədlərinə xidmət edir

Отправлено 14 мар. 2014 г., 11:52 пользователем Murad Nabibekov   [ обновлено 14 мар. 2014 г., 11:53 ]
    Azərbaycan Milli Elmlər Akademiyasının “Gənc alim” analitik-informasiya sisteminin (AİS) yaradılması alim və mütəxəssislərin innovativ potensialından geniş istifadə məqsədlərinə xidmət edir. Bu haqda AMEA Rəyasət Heyətində AMEA-nın akademik-katibi, müxbir üzvü Rasim Əliquliyevin rəhbərliyi ilə keçirilən müşavirədə bildirilib.

    Tədbirdə çıxış edən professor R.Əliquliyev qloballaşmanın vüsət aldığı informasiya cəmiyyətində gənclərin istər ictimai-siyasi, sosial-iqtisadi, istərsə də elmi-mədəni, təhsil sahələrində daha fəal iştirakının təmininin dövlətin gənclər siyasətinin başlıca hədəflərindən olduğunu bildirib. Alim müasir dövrdə bu istiqamətdə həyata keçirilən işlərin innovativ yanaşma tələb etdiyini qeyd edərək, bildirib ki, ölkə iqtisadiyyatının rəqabətədavamlılıq qabiliyyətinin artırılması üçün gənc alim və mütəxəssislərin də innovativ potensialından geniş istifadə olunması üçün əlverişli zəmin yaradılmalıdır.
    AMEA-nın akademik-katibi son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında gənc alim və mütəxəssislərin innovativ inkişafı, onların fəallığını stimullaşdıran tədbirlərin görülməsi ilə bağlı məqsədyönlü işlərin aparıldığını bildirib. AMEA-da gənclərlə işin prioritet hədəflərdən biri kimi akademiya rəhbərliyinin daim diqqət mərkəzində olduğunu qeyd edən alim elmlə məşğul olan gənclərin daha səmərəli fəaliyyət göstərməsi, onların potensialının səfərbər edilməsi, rəqabətədavamlı kadr potensialının formalaşdırılması üçün aparılan işlərdən söz açıb. O, hazırda AMEA-da gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə digər tədbirlərlə yanaşı AMEA-nın institut və təşkilatlarında çalışan gənc alim və mütəxəssislər haqqında analitik-informasiya sistemi yaradıldığını nəzərə çatdırıb, bu sistemin alim və mütəxəssislərin innovativ potensialından geniş istifadə məqsədlərinə xidmət etdiyini qeyd edib.
    “Gənc alim” analitik-informasiya sisteminin əhəmiyyətindən danışan AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov bildirib ki, sistemin yaradılmasında əsas məqsəd gənc kadr potensialı haqqında dolğun məlumatların sistemləşdirilməsi, kadr hazırlığı səmərəliliyinin yüksəldilməsi, səmərəli qərarların qəbulu, müxtəlif təyinatlı təhlillərin aparılmasıdır. F.Yusifov hazırda sistemdə qeydiyyatdan keçən gənc alim və mütəxəssislərin sayının 2215 nəfər olduğunu və bu prosesin davam etdiyini qeyd edib.

Mənbə: www.science.gov.az