Xəbər lenti‎ > ‎

AMEA institutlarındakı viki-qruplara “Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsasları” kursu tədris olunacaq

Отправлено 11 мар. 2014 г., 23:12 пользователем Murad Nabibekov   [ обновлено 12 мар. 2014 г., 23:37 ]
    Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması, qorunması və inkişafı alimlərimizin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu istiqamətdə AMEA-nın elmi müəssisələrində hazırda zəruri tədbirlər görülür.

    AMEA Rəyasət Heyətində AMEA-nın akademik-katibi və müxbir üzvü Rasim Əliquliyevin rəhbərliyi ilə Azərbaycan alimlərinin kitabları və elmi əsərlərinin “Wikipedia” ensiklopediyasında təbliği məqsədilə institutlarda viki-qrupların təşkili ilə bağlı cari vəziyyətin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə “Wikipedia ensiklopediyasının nəzəri və praktiki əsasları” kursunun tədrisi istiqamətində görüləcək işlər haqqında məlumat verilib.
    AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərovanın sözlərinə görə, institutun Tədris-İnnovasiya Mərkəzində bu məqsədlə Viki-Mərkəz yaradılıb. Mərkəzdə AMEA institutlarının əməkdaşlarından təşkil olunmuş viki-qruplara həm mühazirələr oxunacaq, həm də praktiki seminarlar keçiriləcək. İ.Ələkbərova bildirib ki, kurs AMEA-nın institut və təşkilatlarında toplanmış informasiya resurslarının, həmçinin alimlərimizin bilik və təcrübəsinin gələcək nəslə ötürülməsində böyük əhəmiyyət kəsb edən Wikipedia ensiklopediyası ilə işləmək qaydalarının tədrisini nəzərdə tutur. Kurslarda elmi tutumlu materialların “Wikipedia”nın tələb və standartlarına müvafiq qaydada yerləşdirilməsi, viki-mühitdə real və potensial təhlükə mənbələrini vaxtında aşkar etmək, ölkəmizə qarşı aparılan informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlər görmək, analiz etmək və s. ilə bağlı lazımi bilik və təcrübə aşılanacaq.
    Cari ilin aprel ayından start veriləcək kurslar Azərbaycan ilə bağlı mühüm əhəmiyyət kəsb edən elmi məqalələrin, kitabların və digər məlumatların “Wikipedia” kimi qlobal informasiya resursunda öz əksini tapmasına əsaslı təsir edəcək.
Mənbə: www.iсt.az