Xəbər lenti‎ > ‎

Azərbaycanda ilk dəfə Bakı Elm Festivalı keçirilir (23 foto)

Отправлено 11 нояб. 2014 г., 2:11 пользователем Murad Nabibekov   [ обновлено 11 нояб. 2014 г., 2:14 ]
        AMEA-nın təşkilatçılığı ilə keçirilən və iki gün davam edən festivalın açılış mərasimi “Akademiya şəhərciyi”ndə, AMEA-nın Əsas binasında baş tutub. Bakı Şəhər İcra Hakimiyyəti, AR Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin təşkilatı dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti“Azercell”in sponsoru olduğu festivalı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk dəfə təşkil olunan Bakı Elm Festivalının ölkəmiz və elmimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini, həmçinin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu qeyd edib. Bildirib ki, elmimizin uğurlarının nümayiş olunduğu və hər il keçirilməsi planlaşdırılan festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları yüksək səviyyədə iştirak edir. Eyni zamanda, Azərbaycanda elmin inkişafı və qarşıda duran vəzifələrdən danışan AMEA rəhbəri festivala hazırlıq prosesini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıb.
        
Sonra çıxış edən Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və akademik Asəf Hacıyev festival haqqında fikirlərini bölüşüblər. Natiqlər sözügedən festivalın Azərbaycan elminin inkişafı və əldə olunan nailiyyətlərin təbliğinə böyük bir tövhə olduğunu qeyd ediblər.

Sonra festival bədii hissə ilə davam edib. Festivalın marşı səslənib, əyləncəli elmi şoular nümayiş etdirilib.
        
Daha sonra qonaqlar Mərkəzi Elmi Kitabxananın yeni binasında AMEA-nın institut və elmi təşkilatlarının, regional bölmələrinin elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
        Sərgidə gənc alimlərin elmi maraq kəsb edən tədqiqat işlərinin nəticələri, multimedia instollasiyaları, elmi şoular, robotların yarışı böyük maraqla qarşılanıb. AMEA-nın müxtəlif institut və elmi-tədqiqat mərkəzləri, ali təhsil ocaqları tərəfindən nəşr edilmiş ədəbiyyat nümunələri də sərgidə yer alıb.
        
Bakı Elm Festivalının birinci günü proqrama daxil olan istiqamətlərdə Milli Azərbaycan Tarixi, Arxeologiya və etnoqrafiya və digər muzeylərə ümumilikdə səkkiz elmi ekskursiya təşkil olunub, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət, Azərbaycan Tibb və başqa universitetlərdə 23 elmi-populyar mühazirələr dinlənilib. Eyni zamanda, 6, 23 və 132-134 nömrəli orta məktəblərdə də festivalın proqramlarını izləmək mümkün olub.

Festivalın ikinci gününün proqramına isə ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr və əyləncəli elmi şouların nümayişi nəzərdə tutulub.

Mənbə: www.science.gov.az