Xəbər lenti‎ > ‎

AMEA-nın YENİ ÜZVLƏRİNƏ DİPLOMLARIN TƏQDİMATI MƏRASİMİ KEÇİRİLMİŞDİR

Отправлено 11 июл. 2014 г., 6:40 пользователем Murad Nabibekov   [ обновлено 11 июл. 2014 г., 6:43 ]
        Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni seçilmiş üzvlərinə diplomların təqdimatı mərasimi keçirilmişdir. Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirmişdir ki, ali elmi qurum olan və dövlətin elm siyasətini həyata keçirən AMEA-nın üzvü adını daşımaq Azərbaycan alimi üçün şərəfli olduğu qədər də, məsuliyyətli missiyadır. AMEA-nın üzvü seçilmək Azərbaycan elminin inkişafında xidmətləri olan, onu yeni biliklərlə zənginləşdirən alimlərin gərgin əməyinə verilən yüksək qiymət, eyni zamanda yeni vəzifələrlə bağlı öhdəliklərin qəbul edilməsidir.
        Natiq AMEA-nın 30 iyun 2014-cü il tarixli ümumi yığıncağından da bəhs etmişdir. Vurğulamışdır ki, yığıncaqda yalnız Azərbaycan elminin inkişafı baxımından deyil, bütövlükdə respublikamızın ic­ti­­mai-mədəni həyatı üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər mü­­zakirə edilmişdir. Akademiyanın normativ hüquqi bazasının gücləndirilməsi, 2020-ci ilə qədərki inkişaf strategiyasının müəyyənləşdirilməsi və yeni strukturların yaradılması ilə bağlı qərarlar qəbul olunmuş, sonda AMEA üzvlüyünə seçkilər keçirilmişdir. Akademik bütün bunları Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və
məqsədyönlü elm siyasətindən irəli gələn vəzifələr kimi təqdim etmişdir. Bildirmişdir ki, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında əksini tapdığı kimi, indi Azərbaycanın əsəs strateji hədəfi intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasıdır. Yüksəkixtisaslı kadr hazırlığı və alimlərin əməyinin stimullaşdırılması ilə bağlı istənilən təklifin ölkə rəh­bər­­liyi tərəfindən böyük razılıqla qarşılandığını tədbir iştirakçılarının diqqətinə çatdıran AMEA rəhbəri Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
        Akademik xatırlatmışdır ki, seçkilər nəticəsində 26 həqiqi üzv, 50 müxbir üzv seçilmişdir. Qeyd olunmuşdur ki, seçkilər istər hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə uyğun aparılmış, seçki pro­sesinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi və seçki komis­si­ya­la­rı­nın işinin təkmilləşdirilməsi üçün bir sıra innovativ tədbirlər görülmüşdür. Akademik səsvermənin nəticələrinin cəmiyyətdə görkəmli alimlərimizlə bağlı formalaşmış ictimai rəylə, demək olar ki, üst-üstə düşdüyünü bildirmişdir. O, seçkilərin kadr potensialının güclənməsi, xüsusən son dövrlər müşahidə olunan elmdə qocalma tendensiyasının aradan qalxması və kadrların gəncləşməsində mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.

        Sonra akademiyanın yeni üzvlərinə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı və vəsiqələr təqdim edilmişdir. Akademik A.Əlizadə akademiyanın yeni seçilmiş üzvlərini təbrik etmiş, ölkədə biliklər cəmiyyətinin qurulması naminə səfərbər olmağa, səyləri birləşdirməyə çağırmış, fəaliyyətlərində uğurlar arzulamışdır. Daha sonra AMEA-nın yeni üzvləri adından ölkə Prezidentinə müraciət qəbul olunmuşdur.

        Sonda tədbir iştirakçılarına AMEA prezidenti adından ziyafət verilmişdir.


Mənbə: 

AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şəbəsi