Xəbər lenti‎ > ‎

Gənc alim deputat seçkilərində iştirak edəcək

Отправлено 10 сент. 2015 г., 3:32 пользователем Murad Nabibekov   [ обновлено 10 сент. 2015 г., 4:22 ]
        Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov da bu il, noyabr ayının 1-də ölkədə keçiriləcək parlament seçkilərində namizəd kimi mübarizə aparacaq. 

        Faiq Ələkbərovdan aldığımız məlumata görə, o, parlament seçkilərində Binəqədi 8 saylı 1-ci seçki dairəsindən namizəd kimi mübarizə aparacaq. F.Ələkbərovun sözlərinə görə, həmin seçki dairəsindən onun namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülüb.
        F.Ələkbərov onu da bildirdi ki, deputatlığa namizədliyinin irəli sürülməsinə razılıq verməsində əsas məqsədi cəmiyyətdə yeni ziyalılara ehtiyacın olnasıyla bağlıdır. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti artıq milli ziyalı mövqeyini də görməlidir.
        F.Ələkbərov: "Mən deputat seçiləcəyimə inandığım üçün buna razılıq verdim. Çünki Azərbaycan cəmiyyətində yeni sözə və milli aydına çox ehtiyac var. Mən ilk növbədə aşılanmaqda olan milli dəyərlərimiz üçün mücadilə verəcəm. Əgər seçicilər layiqli namizəd görsələr tərəddüdsüz səs verəcəklər. Binəqədi seçicilərinə inamım tamdır. Onlar bütün hallarda layiqli, mövqeyi olan namizədə səs verəcəklər. Eyni zamanda deputat seçilərəmsə, AMEA-nın və onun işçilərinin nüfuzunu parlament səviyyəsində bərpa etməyə çalışacam. İlk növbədə, Elm haqqında qanunun alimlərin xeyrinə həll edilməsi üçün əlimdən gələni edəcəm. Alimə alim kimi yanaşmayan cəmiyyət kordur".

* * *

    Həyatı

            Faiq Qəzənfər oğlu Ələkbərov 12 aprel 1977-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur.

            1994-cü ildə həmin kənddə orta məktəbi bitirərək, fəlsəfə ixtisası üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə daxil olmuşdur. 2001-ci ildə həmin ali məktəbin magistraturasını bitirmişdir. Elə həmin ilin dekabrında AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Fəlsəfə və ictimai fikir tarixi" şöbəsinə aspirant kimi qəbul olunmuşdur. 2005-ci ilin martın 25-də "XX əsrdə Azərbaycanın İctimai-siyasi və fəlsəfi fikir tarixində M.Ə. Rəsulzadənin yeri və rolu" mövzusunda dissertasiya işini müdafiə edərək fəlsəfə ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Milli ideologiya (azərbaycançılıq, türkçülük, islamçılıq, modernləşmə və b.), milli ideya, milli kimlik, milli şüur və s. sahələr üzrə özünəməxsus yanaşmalarını formulə etmişdir. 2008-ci ildə "XX əsrin birinci yarısında Azərbaycan fəlsəfəsinin inkişaf yolları" adlı mövzusu elmlər doktoru dərəcəsi almaq üçün Koordinasiya Şurası tərəfindən təsdiq olunmuşdur.

            Ali Attestasiya Komissiyası tərəfindən 14 may 2013-cü ildə dosent (prof.assisent) elmi adını almışdır.

            1997-ci ildən 2003-cü ilə qədər jurnalistika sahəsində çalışmışdır. "Millət", "Zaman-Azərbaycan", "525-ci qəzet", "Üç nöqtə", "Xalq cəbhəsi" və digər qəzetlərdə jurnalist kimi fəaliyyət göstərmişdir. Hazırda bir sıra qəzet (“Türküstan”, “Cəmiyyət və din”, “Vətəndaş Həmrəyliyi” və b.) və saytlarda (modern.az, bao.az, turansesi.com və b.) elmi-publisistik, fəlsəfi-ideoloji məqalələr yazır. 2 monoqrafiya və 50-dən çox elmi məqalənin müəllifidir. Bir neçə xarici elmi-fəlsəfi konfranslarda iştirak etmişdir.

    Kitabları

    • "Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü", Bakı, "Elm", 2007.
    • "Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (I hissə), Bakı, "Təknur", 2011
    • "İdarəetmə nəzəriyyəsi" (dərslik), Bakı, "Elm və təhsil", 2012 (həmmüəllif)
    • "Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış" (II hissə), Bakı, "Elm və Təhsil", 2014
    • “Muhammed Emin Resulzadenin Dünya Görüşü”, Konya, Buğra Yayın Evi, 2014