Xəbər lenti‎ > ‎

Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımı mövzusuna həsr olunmuş beynəlxalq konfrans öz işinə başladı

Отправлено 10 апр. 2015 г., 0:01 пользователем Murad Nabibekov   [ обновлено 10 апр. 2015 г., 0:03 ]

        
Dünən - aprelin 9-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində AMEA Rəyasət Heyəti, Tarix İnstitutu, Türkiyə Cumhuriyəti Başbakanlık Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Atatürk Araştırma Merkezi və Quba şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” mövzusunda II Beynəlxalq elmi konfrans öz işinə başladı.


        Əvvəlcə iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etdilər.
        Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
        Daha sonra ziyarətçilər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış oldular. Məlumat verildi ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar da yer alıb. Kompleksdə quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü işlərin, imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.
        Tədbir iştirakçıları, həmçinin ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər, önünə gül dəstələri düzdülər.
        Sonra Heydər Əliyev Mərkəzində “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda II Beynəlxalq elmi konfrans öz işinə başladı.
        Əvvəlcə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkə Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirdi.
        Tədbiri Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov giriş sözü ilə açaraq, türk-müsəlman əhaliyə qarşı soyqırımlara həsr olunan beynəlxalq konfransın əhəmiyyətindən danışdı.
        Konfransda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə ermənilərin yürütdüyü soyqırımı siyasəti, azərbaycanlıların amansızlıqla qətlə yetirilməsi, o cümlədən repressiya və deportasiyaya məruz qalması, etnik təmizləmə, ərazilərimizin bir hissəsinin işğal edilməsi və s. haqqında ətraflı məlumat verdi. Mart soyqırımının tariximizin faciəli səhifələrindən olduğunu söyləyən AMEA prezidenti soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından söz açdı.
        Bildirildi ki, 1914-1920-ci illərdə Şimali Azərbaycanın əksər bölgələri – Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın bir çox əraziləri – Səlmas, Xoy, Qarabağ, Təbriz, ən əsası Urmiya bölgəsi, bundan əlavə, Şərqi Anadolu və indiki Ermənistanın yerləşdiyi bütün şimal-qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar, o cümlədən bütün türk-müsəlman əhalisi ermənilərin dünyada analoqu olmayan soyqırımına məruz qalmışdır.
        Akademik Akif Əlizadə xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrinə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin verildiyini diqqətə çatdırdı. O, 31 mart hadisələrinin dünyada ən qanlı soyqırımı kimi tanınmasının vacibliyini qeyd etdi.
        Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Türkiyə Cumhuriyyəti Atatürk Araştırma Mərkəzinin Başkanı Prof. Dr. Mehmet Ali Beyhan və başqaları çıxış edərək, ikinci dəfə keçirilən beynəlxalq tədbirin əhəmiyyətindən söz açdılar, soyqırımı hadisələrinə beynəlxalq miqyasda tarixi və hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini vurğuladılar.
        Tədbir öz işini “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” bölmələri üzrə davam etdirdi. Beynəlxalq elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Türkiyə, Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan 58 alim maraqlı məruzələrlə çıxış edəcəklər.
        Konfransa təqdim olunmuş məqalələr çap olunaraq “AMEA Tarix İnstitutunun Elmi Əsərlərinin Xüsusi buraxılışı” şəklində tədbir iştirakçılarına təqdim ediləcəkdir.

Mənbə: science.gov.az