Xəbər lenti‎ > ‎

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda tədbir keçirilib

Отправлено 9 апр. 2015 г., 0:41 пользователем Murad Nabibekov   [ обновлено 9 апр. 2015 г., 0:41 ]
        AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Humanitar və İctimai Elmlər Bölməsi və Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş “Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi tədbir keçirilib.


        Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyligiriş sözü ilə açıb. Akademik İsa Həbibbəyli Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyətini xüsusi vurğulayaraq, iki qardaş xalq arasında tarixi bağlılıq və birlik hisslərinin tarixən mövcud olduğunu, bu qələbədə türk xalqı ilə birgə 3 minə yaxın azərbaycanlının da iştirak etdiyini bildirib. Sovet dövründə tarixi faktların saxtalaşdırıldığını, arxivlərin məxfi saxlanıldığını və qapalı qaldığını, Birinci Dünya Müharibəsi illərində baş vermiş tarixi hadisələrin obyektiv araşdırılmadığını, bundan yalnız bədnam qonşularımızın xeyrinə istifadə edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu gün Azərbaycanda olduğu kimi, Türkiyədə də arxivlərin dünya tədqiqatçılarına açıq olduğunu, bütün tarixi həqiqətlərin olduğu kimi, sənədlərdən öyrənilməsi üçün münbit şəraitin yaradıldığını qeyd edib.
        Ölkə Prezidenti İlham Əliyevin Türkiyədə keçiriləcək Çanaqqala zəfərinin 100 illik bayram tədbirlərində iştirakından söz açan akademik İsa Həbibbəyli Bakıda, eləcə də respublikamızın bir sıra bölgələrində 1918-ci il qırğınlarında da ulu öndər Heydər Əliyevin adlandırdığı kimi “bir millət, iki dövlət” olan türk qardaşlarımızın erməni daşnaklarına qarşı azərbaycanlılarla çiyin-çiyinə vuruşduğunun böyük önəm daşıdığını bildirib. Akademik İsa Həbibbəyli tarixi Çanaqqala zəfərinin təntənəsini Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin parolu kimi səciyyələndirib.
        Sonra Yeni Yurd Sosial İnkişaf İctimai Birliyi tərəfindən çəkilən, Çanaqqala zəfərinin 100 iliyinə həsr edilmiş “Torpaq, uğrunda ölən varsa Vətəndir!” sənədli filminin təqdimatı olub. Azərbaycan, eləcə Türkiyənin tarixçi alim və mütəxəssislərinin iştirak etdiyi, tarixi kinoxronika materiallarından istifadə olunan sənədli film tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
        Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad MəcidYazıçılar Birliyi ilə Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş ən yaxşı bədii əsər müsabiqəsinə start verildiyini bildirib. Müsabiqənin şərtləri barədə ətraflı məlumat verən R.Məcid alim və jurnalistləri də bu yarışmaya qatılmağa dəvət edib.
        Sonra Milli Məclisin deputatı, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlının “Çanaqqala zəfəri və müasir dövr” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Çanaqqala zəfərinin elmi-tarixi aspektləri ilə yanaşı, o zamankı dünya siyasəti, mövcud tarixi-coğrafi şərait və s. istiqamətlərdə aparılan araşdırmalar təqdim olunub.
        Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin məsul nümayəndəsi Meralxanım Barlas, Xalq şairi Zəlimxan Yaqub, Uluslararası Türkiyə-Azərbaycan Dərnəklər Federasionunun genel başqanı Seyfəddin Ayaqyay, Milli Məclisin deputatı Elmira Axundova, Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd Əliyev, Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, şair Yusif Nəğməkar və başqaları çıxış edərək Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyətindən danışıblar. Çıxış edənlər AMEA-nın rəhbərliyinə, eləcə də təqdim olunan sənədli filmin yaradıcı kollektivinə minnətdarlıqlarını bildiriblər.
        Tədbir bədii hissə ilə yekunlaşıb.
Mənbə: science.gov.az