Xəbər lenti‎ > ‎

Görkəmli tarixçi alimin 75 illik yubileyi münasibətilə əsərlərinin təqdimatı keçirilmişdir

Отправлено 8 февр. 2014 г., 22:35 пользователем Murad Nabibekov   [ обновлено 8 февр. 2014 г., 22:53 ]


Fevralın 7-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli tədqiqatçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, “Şöhrət” ordenli Yaqub Mahmudovun əsərlərinin təqdimatı keçirilmişdir.

        Yaqub Mahmudovun 75 illik yubileyi münasibətilə təşkil edilmiş tədbirdə alimin seçilmiş əsərlərinin onikicildliyi, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı, əsərlərinin “Biblioqrafiya göstəricisi”, tarixçi alim Yeganə Gözəlovanın “Tarix elmində Yaqub Mahmudov məktəbi” kitabı təqdim olunmuşdur.
Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Yaqub Mahmudovun Azərbaycan tarix elminə verdiyi töhfələrdən, əsərlərinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, alimin 12 cildlik əsərlərində Azərbaycan tarixinin bütün dövrlərinə dair qiymətli tədqiqatlar toplanmışdır. Yaqub Mahmudovun çoxillik əməyinin bəhrəsi olan kitabların təqdimatının Prezident Kitabxanasında keçirilməsini kitabxanaya, mədəniyyətə yüksək qiymət kimi dəyərləndirən M.Əhmədov bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulamışdır.
        
Sonra M.Əhmədov yubilyarı təbrik etmiş, ona tarix elmimizin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulamışdır.
        AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tariximizin qaranlıq səhifələrinin üzə çıxarılmasında Yaqub Mahmudovun və onun rəhbərlik etdiyi Tarix İnstitutunun xidmətlərindən, bu sahədə əldə olunmuş uğurlardan danışmışdır. Akademik vurğulamışdır ki, milli məfkurənin formalaşmasında Azərbaycan tarixçilərinin rolu böyükdür. Tarixin xalq və dövlət qarşısında ən mühüm vəzifələrindən biri də dövrün, zamanın çağırışına cavab verməsidir. Yaqub Mahmudov bu çağırışlara cavabların müəllifi və təşkilatçısıdır.
        Respublika Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev Azərbaycan tarix məktəbinin görkəmli nümayəndəsi Yaqub Mahmudovun səmərəli elmi və pedaqoji fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışmışdır. A.Paşayev bildirmişdir ki, hazırda Tarix İnstitutunun qarşısında duran ən mühüm vəzifə Azərbaycan tarixinin bilərəkdən təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılmasıdır. İnstitut bu məqsədlə xarici ölkələrin arxiv və kitabxanalarında saxlanılan ilk mənbələrin respublikamıza gətirilərək nəşr edilməsi kimi çox vacib bir layihəni həyata keçirir və bu sahədə böyük uğurlar əldə edilmişdir.
        
Tədbirdə Bakı Dövlət Universitetinin dosenti Yeganə Gözəlova, “Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov çıxış edərək Yaqub Mahmudovun şərəfli ömür yolundan, tarix elminə verdiyi sanballı töhfələrdən söz açmışlar.
        Sonra Prezident Kitabxanası əməkdaşlarının hazırladıqları, Yaqub Mahmudovun həyat və fəaliyyətindən bəhs edən fotoxronika nümayiş etdirilmişdir.
        Sonda Y.Mahmudov çıxış edərək göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
        Alim vurğulamışdır ki, Azərbaycan tarixinin yenidən yazılmasına ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Hazırda bu sahədə işlər uğurla davam etdirilir. Tariximizin gizli qatları araşdırılır, yeni tədqiqat əsərləri nəşr olunaraq müxtəlif dillərə tərcümə edilir, əsil tariximiz haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılır. Y.Mahmudov tariximizin yenidən yazılması işində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Mənbə: AzərTAc