Xəbər lenti‎ > ‎

AMEA Dilçilik İnstitutunda professor Qulu Məhərrəmlinin 60 illik yubileyi qeyd olunub

Отправлено 8 дек. 2014 г., 6:43 пользователем Murad Nabibekov   [ обновлено 8 дек. 2014 г., 6:43 ]
        AMEA Nəsimi adına Dilçilik İnstitutunda görkəmli jurnalist, istedadlı alim və ictimai xadim, professor Qulu Məhərrəmlinin anadan olmasının 60 illik yubileyi qeyd olunub.

        Yubiley toplantısını giriş sözü ilə açan institutun direktoru, akademik Tofiq Hacıyev professor Qulu Məhərrəmlini müasir Azərbaycan mətbuatının, jurnalistikamızın, televiziya sənətinin və milli jurnalistika elminin görkəmli nümayəndəsi kimi səciyyələndirib. Bildirib ki, müstəqillik illərində yeni jurnalistikanın formalaşmasında, televiziya publisistikasının inkişafında misilsiz xidmərlər göstərmiş Q.Məhərrəmli milli jurnalistika elmi məktəbinin əsaslarının yaradılmasında da böyük rol oynayıb.
        Yubilyarı jurnalistika şöhrətinin kölgəsində qalmış istedadlı dilçi alim kimi qiymətləndirən görkəmli lüğətşünas alim, professor Oruc Musayev bildirib ki, Qulu Məhərrəmlinin media və dil sahəsindəki araşdırmaları Azərbaycan dilçilik elminin hüdudlarını genişləndirib və bununla da dilçiliyimizdə tamamilə yeni elmi istiqamətin əsasını qoyub. O, həmçinin professor Q.Məhərrəmlinin lüğətçilik sahəsindəki fəaliyyətini, dilçiliyə dair monoqrafik əsərlərini yüksək qiymətləndirib.
        
İnstitutun lüğətçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədov Azərbaycan televiziyası və radiosunun tarixinin yazılması, ekran-efirin və bütövlükdə jurnalistikanın elmi-nəzəri problemlərinin öyrənilməsi, müstəqil jurnalistika konsepsiyasının formalaşdırılması sahəsində Q.Məhərrəmlinin məhsuldar fəaliyyətinə toxunub.
        Azərbaycan Terminologiya Komitəsinin sədr müavini, professor Sayalı Sadıqovaçıxışında qeyd edib ki, professor Qulu Məhərrəmli təkcə praktik jurnalist deyil, həm də jurnalistika elmimizin parlaq təmsilçisi, media məsələlərinə dair sanballı tədqiqat əsərlərinin, dərsliklərin və izahlı lüğətlərin müəllifi, öz təcrübəsini gənclərə həvəslə öyrədən nüfuzlu pedaqoqdur.
        Dilçi alimlərdən İlhami Cəfərsoy, İlham Tahirov, Vahid Adilov, Şahlar Göytürk və Təranə Şükürova çıxışlarında vurğulayıblar ki, Q.Məhərrəmlinin zəngin jurnalist yaradıcılığı, səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti, yenilik hissi, fəal vətəndaş mövqeyi çoxları üçün, sözün həqiqi mənasında, parlaq nümunədir.
        Sonda çıxış edən professor Qulu Məhərrəmli bu gün Azərbaycan dilinin işlənməsi ilə bağlı problemlərdən, həmin problemlərin həllində dilçi alimlərin vəzifələrindən və rəhbərlik etdiyi Monitorinq şöbəsinin fəaliyyətindən bəhs edib. Yubilyar ona göstərilən diqqətə görə institut rəhbərliyinə minnətdarlığını bildirib.

Mənbə: www.science.gov.az