Xəbər lenti‎ > ‎

Görkəmli dramaturq H.Cavidin vəfatının 73-cü ildönümünə həsr olunmuş anım günü keçirilib

Отправлено 8 дек. 2014 г., 6:38 пользователем Murad Nabibekov   [ обновлено 8 дек. 2014 г., 6:44 ]
        AMEA  Hüseyn Cavidin Ev Muzeyində görkəmli dramaturq-şair H.Cavidin vəfatının 73-cü ildönümünə həsr olunmuş anım günü keçirildi.

        Mərasimi giriş sözü ilə muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı açdı. G.Babaxanlı çıxışında H.Cavidin keşməkeşli həyat yolundan və zəngin yaradıcılığından bəhs etdi. O bildirdi ki, H.Cavid 1941-ci ilin dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko kəndində 59 yaşında vəfat edib. Ailəsinə onun ölümü haqqında şəhadətnamə yalnız 7 il sonra 1948-ci ildə gəlib çatıb. Əsl bəraət isə H.Cavidə 1982-ci il Heydər Əliyev tərəfindən verilib və onun nəşi ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1982-ci il oktyabrın 26-da uzaq Sibirdən Azərbaycana – öz doğma vətəninə gətirilib. Ümummilli lider H.Əliyevin göstərişi ilə H.Cavidin Bakıda və Naxçıvanda ev muzeyləri yaradılıb, Naxçıvandakı məzarı üzərində məqbərə ucaldılıb.
        Hüseyn Cavidin Ev Muzeyində hər il olduğu kimi bu il də keçirilən anım mərasimində bir çox cavidşünas alim və cavidsevərlər iştirak edərək muzeyin ekspozisiyası ilə yaxından tanış oldular. Muzeyin ekspozisiyasında - “Cavidin faciəsi” otağında yer alan dəyərli eksponatlardan olan şairin Sibirdəki məzarından götürülmüş bir ovuc torpaq, xüsusilə, tədbir iştirakçılarının marağına səbəb oldu.
        Muzeyin elmi katibi Mustafayeva Firuzə muzeyin fondunda qorunan H.Cavidə məxsus bir çox dəyərli eksponat haqqında qonaqlara ətraflı məlumat verdi.
        Sonda H.Cavidin nəşinin vətənə gətirilməsini əks etdirən “Qayıdış” filmi və onun müxtəlif illərdə çəkilmiş fotolarından ibarət slayd nümayiş etdirildi.
Mənbə: www.science.az