Xəbər lenti‎ > ‎

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası ilə AMEA-nın elmi müəssisələrinin Direktorları Şurasının birgə iclası keçirildi

Отправлено 7 апр. 2015 г., 12:45 пользователем Murad Nabibekov   [ обновлено 7 апр. 2015 г., 23:52 ]
        
Aprelin 7-də AMEA-nın Əsas binasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası ilə akademiyanın elmi müəssisələrinin Direktorları Şurasının birgə iclası keçirildi.


        İclasda AMEA-nın vitse-prezidentləri, bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının üzvləri, elmi problemlər üzrə Elmi şuraların sədrləri, həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iştirak edirdi.
        Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə akademiyada təhsil məsələləri, doktoranturaya qəbul və doktorluq imtahanlarına dair yeni tələblər haqqında çıxış etdi. Alim bu il AMEA-da ilk dəfə olaraq magistratura pilləsinin təşkili ilə bağlı məlumat verərək bildirdi ki, qəbul dilçilik, antropologiya, geologiya, molekulyar biologiya, bitkilərin seleksiyası, nəzəri və riyazi fizika, kimyəvi genetika və kataliz ixtisasları üzrə aparılacaq. Magistraturaya qəbulun aparılması yeni pilot layihəsi kimi həyata keçiriləcək və burada təhsil alanlar müəyyən elmi istiqamətdə hazırlanacaqlar.
        AMEA prezidenti bu istiqamətlərin Azərbaycan elminin inkişafına xidmət və yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə seçildiyini vurğuladı. Qeyd etdi ki, tədris olunacaq ixtisaslar yalnız elmi xarakter daşıyacaq.
        Sonra TQDK sədri Məleykə Abbaszadə çıxış etdi. İlk dəfə elmi fəaliyyətə məhz AMEA-da başladığını bildirən TQDK sədri bir mütəxəxsis kimi formalaşmasında bu elm ocağının xüsusi rolu olduğunu qeyd etdi. AMEA-da magistratura pilləsinin təşkili ilə bağlı atılan addımları yüksək qiymətləndirən məruzəçi bu layihənin uğurlu olacağına inamını ifadə etdi.
        M.Abbaszadə ölkəmizdə təhsilin magistratura pilləsinə qəbul qaydaları barədə ətraflı məlumat verərək bildirdi ki, Azərbaycanda magistratura pilləsinə qəbul 1998-ci ildən tətbiq olunur. 2005-ci ildə magistraturaya qəbul rəsmi olaraq dövlət başçımızın müvafiq Fərmanına əsasən TQDK-ya verilib. 2005-ci ildə ilk dəfə olaraq TQDK tərəfindən mərkəzləşmiş imtahanlar keçirilib.
        M.Abbaszadə AMEA-da magistratura səviyyəsinə ilk dəfə olaraq 20 yerin ayrıldığını nəzərə çatdırdı. Qeyd etdi ki, ixtisas seçimi mayın 7-12-də olacaq. Proqram seçimi isə artıq aprelin 10-da başa çatır. 22-28 iyun tarixlərdə boş qalan yerlərə ixtisaslaşma seçimi aparılacaq.
        TQDK sədri magistratura proqramının hazırlanmasında AMEA alimlərinin rolunu xüsusi vurğuladı.
        Daha sonra akademik A. Əlizadə AMEA-nın illik ümumi yığıncağına hazırlıq işləri ilə bağlı bəzi məsələləri diqqətə çatdırdı. Bildirdi ki, aprelin 29-da keçiriləcək illik ümumi yığıncaqda AMEA-nın vitse-prezidenti vəzifəsinə və bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilər keçiriləcək. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir.
        A.Əlizadə elmi-tədqiqat proqramlarının maliyələşdirilməsi haqqında da danışdı. Onun sözlərinə görə, bu məsələ AMEA-nın elmi bölmələrində müzakirə olunub və AMEA Rəyasət Heyətinin qərarı ilə işin icrası akademiyanın institutlarına həvalə edilib. A.Əlizadə akademiyada elmi-tədqiqat proqramlarının 2 istiqamətdə - Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA-nın büdcəsindən maliyələşdirildiyini vurğuladı.
        Sonra akademik Vaqif Fərzəliyev AMEA-nın 70 illik yubileyi ilə əlaqədar çap olunacaq nəşrlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, AR Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın icrası məqsədilə Tədbirlər Planı təsdiq edilmişdir. Onun sözlərinə görə, planda yubileyə hazırlıqla əlaqədar əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, həmçinin bir sıra kitabların nəşr olunması nəzərdə tutulmuş, AMEA Rəyasət Heyətinin sərəncamı ilə Redaksiya Heyəti və İşçi qrupu yaradılmışdır.
        AMEA Rəyasət Heyəti Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoruƏminağa Sadıqov Elmi problemlər üzrə elmi şuraların fəaliyyəti haqqında danışdı. O, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının son iclasında elmin müxtəlif problemləri üzrə 14 elmi şuranın yaradıldığını, 30 elmi şuranın təkmilləşdiyini diqqətə çatdırdı.
        Sonda AMEA Rəyasət Heyəti Hüquq və kadrlar idarəsinin rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev akademiyanın elmi müəssisələrində kargüzarlıq işinin təkmilləşdirilməsi ilə bağlı çıxış edərək, bu sahədə nöqsan və problemləri nəzərə çatdırdı, onların həlli yollarından söz açdı.
        Tədbirdə, həmçinin magistratura pilləsinin təşkili ilə bağlı geniş müzakirələr aparıldı, müxtəlif fikir və tövsiyyələr səsləndirildi.
Mənbə: www.science.gov.az