Xəbər lenti‎ > ‎

Ədəbiyyat İnstitutunun “Əsərləri”- “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışı çapdan çıxmışdır

Отправлено 8 янв. 2014 г., 7:40 пользователем Murad Nabibekov   [ обновлено 8 янв. 2014 г., 7:40 ]


AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Əsərləri”- “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışı çapdan çıxıb. 1946-cı ildən nəşr edilən, sayca 24-cü cild olan elmi nəşrin xüsusi buraxılışı Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunub.

Xüsusi buraxılış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin çoxəsrlik Azərbaycan ədəbiyyatı və nəhəng ədəbi simalar barədə dəyərli fikirləri ilə açılır. Nəşrdə “AMEA-nın Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi haqqında” AMEA Rəyasət Heyətinin17 oktyabr 2013-cü il tarixli qərarı da yer alır.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəylinin “Nizami adına Ədəbiyyat İnstitutu” oçerki elmi nəşrdə yer alan ilk məqalədir. Burada institutun yaranma tarixi, görkəmli yaradıcılar barədə müfəssəl məlumat verilir. Məqalə ingilis və rus dillərinə tərcümə edilib.

Jurnalda yer alan “Nizami adına Ədəbiyyat İnstitutu: davamlı ənənələr və müasirləşmə yollarında (1933-3013)” (müəlliflər akademik İsa Həbibbəyli və filologiya üzrə elmlər doktoru Asif Rüstəmli) adlı ikinci məqalədə isə institutun keçdiyi şərəfli yola nəzər salınır, bu elmi-tədqiqat müəssisəsində çalışmış görkəmli ədəbiyyatşünas alimlərin həyat yolundan bəhs edilir, onların yaradıcılığı barədə ətraflı məlumat verilir.

18 çap vərəqi həcmində nəşr olunmuş “Əsərlər”də yer alan məqalələr “Nizami adına Ədəbiyyat İnstitutunun qurucuları” və “Elmin yollarında” adlı iki bölmədə cəmlənib. Birinci bölmədə 15, ikinci bölmədə isə 26 ədəbiyyatşünas alim haqqında bioqrafik oçerk əks olunub.

“Nizami adına Ədəbiyyat İnstitutunun elmi nəşrləri” məqaləsində AMEA-nın müxbir üzvü Teymur Kərimli “Ədəbiyyat məcmuəsi” nəşrinin tarixinə nəzər salır, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə yeni yaradılan “Ədəbi əlaqələr” və “Poetika. izm” jurnalları haqqında məlumat verir.

Xüsusi buraxılışın sonunda AMEA Humanitar və İctimai Elmlər Bölməsinin elmi-tədqiqat institutlarının 2013-cü il üzrə reytinq cədvəli yer alır.

Akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş elmi jurnalın məsul katibi filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov, nəşriyyat redaktoru isə Töhfə Talıbovadır.
Mənbə: www.science.gov.az