Xəbər lenti‎ > ‎

AMEA-nın regional elmi müəssisələrində kargüzarlıq və kadr məsələlərinin tənzimlənməsinə dair seminar keçirilib

Отправлено 7 июн. 2015 г., 1:10 пользователем Murad Nabibekov   [ обновлено 7 июн. 2015 г., 1:10 ]
AMEA Rəyasət Heyətində Hüquq və kadrlar idarəsi 
“AMEA-nın regional 
elmi müəssisələrində kargüzarlıq və kadr məsələlərinin tənzimlənməsi” 
mövzusunda seminar keçirib.


        Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev son 2 il ərzində AMEA prezidenti, akademik Akif Əlizadəninrəhbərliyi ilə akademiyada aparılan məqsədyönlü islahatlardan danışdı. O, AMEA-da normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən söz açaraq əmək intizamı, hüquq və kadr siyasəti istiqamətində aparılan islahatlardan, eləcə də bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söhbət açdı. Akademik bildirdi ki, hər bir müəssisənin apardığı hüquqi islahatların səmərəli nəticələr verməsi, ilk növbədə, onun fəaliyyətini müasir tələblər səviyyəsində qurmasından asılıdır.

        AMEA Rəyasət Heyətinin tərkibində ilk dəfə olaraq Hüquq və kadrlar idarəsinin formalaşdığını nəzərə çatdıran R.Əliquliyev bildirdi ki, əsas məqsəd akademiyada kadr hazırlığı prosesinin düzgün aparılması, ölkə Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş bir sıra mühüm Fərman və Sərəncamların icrasının təmin olunmasıdır. O, akademiyada sənədləşmə işlərinin Azərbaycan dövlətçiliyinin tələblərinə uyğun aparılmasının vacibliyini vurğuladı.

        Kadr və kargüzarlıqla məşğul olan şəxslərin attestasiyasının zəruri olduğunu deyən alim onlara xüsusi təlimlərin keçirilməsi və sertifikatlaşdırmanın məqsədəuyğun olduğunu bildirdi.

        AMEA-nın akademik-katibi, həmçinin akademiyanın elmi müəssisə və təşkilatlarının rəhbərləri üçün kargüzarlıq və kadr məsələlərinin tənzimlənməsi məqsədilə qapalı seminarın keçirilməsi təklifini də irəli sürdü. O, cari il iyunun 24-də AMEA Rəyasət Heyətinin iclasında elektron elm üzrə Fəaliyyət
Planının müzakirə olunacağını dedi. Ölkədə elektron hökümətin tətbiq olunduğunu bildirərək kargüzarlığın informasiyalaşdırılması, elektron sənəd dövriyyəsinin tətbiqi və s. işlərdən danışdı. Bu proseslərin daha sürətli getməsi üçün AMEA-nın qarşısında mühüm vəzifələrin durduğunu qeyd etdi.

        Sonra Hüquq və kadrlar idarəsinin rəis müavini Rzaqulu Hacıyev çıxış edərək ulu öndər Heydər Əliyevin 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyət orqanlarında,
idarə, təşkilat və müsəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” AR Qanununun tələblərini seminar iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin sözügedən sənədlərin tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə görülən işlərdən danışdı.

        Sonra seminarda AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə
doktoru Rasim Ağasiyev çıxış etdi. Bildirdi ki, akademik Akif Əlizadənin sərəncamının icrasını təmin etmək məqsədilə may ayında idarənin əməkdaşları AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, NaxçıvanGəncə bölmələri, həmçinin Lənkəran ŞəkiRegional Elmi mərkəzlərinə ezam olunublar. Əməkdaşlar bu müəssisələrdə kargüzarlıq və kadr işinin mövcud vəziyyətini öyrənib, nöqsanları aşkar ediblər. R.Ağasiyev regional bölmə və mərkəzlərdə görülən işlərin nəticələrinə dair arayışı seminar 
iştirakçılarının diqqətinə çatdırdı. “Bu tədbirlərin həyata keçirilməsi kargüzarlıq işinin daha da təkmilləşdirilməsi, onun vahid sistemə və formaya salınması məqsədi daşıyır” deyə vurğuladı.

        Sonda AMEA-nın regional bölmə və mərkəzlərinin rəhbərləri çıxış etdilər. Rəhbərlik etdikləri müəssisələrdə kargüzarlıq və kadr məsələlərinin tənzimlənməsi işində çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verdiklərini qeyd etdilər. Eyni zamanda bu sahədə Hüquq və kadrlar idarəsi tərəfindən göstərilən metodiki və praktiki köməkliyə görə idarə əməkdaşlarına minnətdarlıqlarını bildirdilər.
Mənbə: www.science.gov.az