Xəbər lenti‎ > ‎

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir

Отправлено 7 апр. 2015 г., 12:37 пользователем Murad Nabibekov   [ обновлено 7 апр. 2015 г., 23:53 ]
        Tanınmış filosof, Moskva Sosial və Pedaqoji Elmlər Akademiyasının akademiki, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, AMEA-nın həqiqi üzvü Əfrand Firudin oğlu Daşdəmirov 2015-ci il aprelin 4-də ömrünün 73-cü ilində vəfat edib.

        Əfrand Daşdəmirov 1942-ci il martın 12-də Bakıda anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmiş, 1968-ci ildə namizədlik, 1977-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1973-cü ildə professor elmi adını almışdır.
        1983-cü ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü, 1998-ci ildə Rusiya Federasiyasının Pedaqoji və Sosial Elmlər Beynəlxalq Akademiyasının üzvü seçilmişdir.
        Ə.Daşdəmirovun elmi fəaliyyətinin əsasını millətlərin və millətlərarası münasibətlərin inkişafının sosial-fəlsəfi, politoloji, kulturoloji, etnopsixoloji problemlərinin elmi-tədqiqi, müasir etnosiyasi, etnomədəni proseslərin dərkinin fundamental nəzəri-metodoloji məsələləri təşkil etmişdir. O, milli prosesləri fərdi şəxsiyyət kəsiyində tədqiq edən, fərdi həyat fəaliyyətinin millətin etnoslararası fəaliyyəti və inkişafı ilə bağlılığı mexanizmlərini öyrənən ilk alimlərindən biri olmuşdur.
        İki dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. 10 ildən çox Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
        Ə.Daşdəmirov 1997-1999-cu illərdə Rusiya Federasiyası Millətlər və Regional Siyasət İşləri üzrə Nazirliyin Rusiya Xalqları İnstitutunun milli nəzəri problemləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
        1999-cu ildən başlayaraq, Azərbaycan MEA-da elmi tədqiqat işi aparan alim, eyni zamanda Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasının milli və federativ münasibətlər kafedrasında fəaliyyət göstərmiş, digər elmi mərkəzlərdə araşdırmalar aparmış, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişdir.
        Ə.Daşdəmirov Rusiyada yaşayan azərbaycanlıların 2002-ci ildə Moskvada yaranan Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti seçilmişdir. 10 il həmin təşkilatın nəşr orqanı olan “Azərbaycan Konqresi” qəzetinin (rus dilində) baş redaktoru olmuşdur.
        2002-ci ildən ömrünün sonuna qədər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır.
        250-dən çox elmi əsərin müəllifi olan alimin rəhbərliyi ilə 10 elmlər və 30-dan çox fəlsəfə doktoru hazırlanmışdır.
        Görkəmli alim, böyük ziyalı, təvazökar və səmimi insan Əfrand Daşdəmirovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
        Allah rəhmət eləsin!
Mənbə: www.science.gov.az