Xəbər lenti‎ > ‎

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Отправлено 6 нояб. 2014 г., 5:56 пользователем Murad Nabibekov   [ обновлено 6 нояб. 2014 г., 5:59 ]
    Dünən - noyabrın 5-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. İlk olaraq Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun “Bioloji aktiv reagentlərin, gübrələrin yaradılması və ilkin sınaqları” mövzusunda məruzəsi dinlənilib.
    Məruzədə qeyd edilib ki, uzun illər institutda aparılan tədqiqatlar nəticəsində müalicəvi Naftalan neftinin təmizlənmə texnologiyası və onun əsasında “Ağ Naftalan yağı”nın alınma üsulu hazırlanıb. Bu yağ 2014-cü ildə Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyata alınıb.
    Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. AkademiklərƏhliman Əmiraslanov, Qərib Məmmədov, Adil Qəribov və başqaları suallarla çıxış ediblər.
    Tədbirdə Rəyasət Heyətinin qərarı ilə AMEA-nın illik fəaliyyəti haqqında hesabat məcmuəsinin yeni strukturu təsdiq edilib. Məqsəd elmi müəssisələrin ənənəvi hesabat formasını bundan sonra daha müasir, dolğun, obyektiv və aydın tərtib etməkdir.
    İclasda bu ilin 10-11 noyabr tarixlərində keçiriləcək “Bakı Elm Festivalı -2014”-ə hazırlıq haqqında festivalın direktoru və işçi qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva tədbirlər planının icra bölgüsü və görülən işlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri sərgiləmək və elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb. Sonra festivalın ölkədə elmin populyarlaşdırılmasına müsbət təsir edəcəyindən və tədbirin əhəmiyyətindən danışan akademik Akif Əlizadə hazırlıq işləri çərçivəsində AMEA-nın bütün bölmələrinin yüksək səviyyədə iştirakını vacib hesab edib.
Mənbə: www.science.gov.az