Xəbər lenti‎ > ‎

Akademik Tofiq Köçərlinin 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Отправлено 6 мар. 2014 г., 3:13 пользователем Murad Nabibekov   [ обновлено 6 мар. 2014 г., 3:14 ]
    AMEA-nın Əsas binasında görkəmli tarixçi alim, akademik Tofiq Köçərlinin 85 illik yubileyinə həsr olunmuş elmi konfrans və kitablarının təqdimatı keçirilib.

    Tədbiri giriş sözü ilə açan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunundirektoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova bildirib ki, müasir Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması ilə ardıcıl məşğul olan Tofiq Köçərli bu sahədə bir çox kitab və monoqrafiyaların, 120-dən çox məqalənin müəllifidir: “Azərbaycan tarixşünaslığına sanballı töhfələr verən alimin əsərləri ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqi və onun fəaliyyətinin öyrənilməsi, Naxçıvanın və Qarabağ tarixinin ən mühüm məsələlərinin araşdırılması görkəmli alimin əsas elmi nailiyyətləri sırasındadır”.
    Daha sonra AMEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev “Akademik Tofiq Köçərlinin “Qarabağ” monoqrafiyası” mövzusunda məruzə ilə çıxış edib. Vurğulanıb ki, akademik Tofiq Köçərli monoqrafiyasında Ermənistanın bütün cəhdlərinin mahiyyətinə tarixi, siyasi, fəlsəfi, hüquqi baxımdan yanaşmış, ermənilərin beynəlxalq hüquq normalarını kobud surətdə pozduqlarını və pozmaqda davam etdiklərini faktlar və dəlillərlə ətraflı şərh edib.
    Tədbirdə Tofiq Köçərlinin “Naxçıvan: uydurmalar və tarixi həqiqətlər” adlı əsərinə bir baxış” mövzusunda məruzə ilə çıxış edən tarix elmləri doktoru Əliağa Məmmədli alimin böyük elmi axtarışlarından geniş söhbət açıb.
    Bildirib ki, alimin araşdırmaları arasında Qarabağa və Naxçıvana həsr olunmuş tarixi əsərlər xüsusi yer tutur. Bu əsərlər Azərbaycanda müasir tarix elminin ən aktual problemlərindən birinə həsr olunub.
    Ə.Məmmədli diqqətə çatdırıb ki, akademikin əsərinin Azərbaycan tarixşünaslığında xüsusi yeri vardır. Bu əsər erməni saxtakarlığına və uydurmalarına qarşı son dərəcə tutarlı və əsaslandırılmış cavabdır.
    Məruzələr ətrafında akademik Teymur Bünyadov, professor İzzət Rüstəmov, tarix elmləri doktoru Xəlil Köçərli və başqaları çıxış edərək Tofiq Köçərlinin böyük elmi axtarışlarından, Azərbaycan elminə verdiyi əvəzsiz töhfələrdən, onun yüksək insani keyfiyyətlərindən və vətəndaşlıq mövqeyindən geniş söhbət açıblar.
    Qeyd edilib ki, görkəmli alimin bu günlərdə geniş oxucu kütləsinə təqdim olunan “Erməni saxtakarlığı”, “Azərbaycan Milli Elmlər Akademiyasının elmi sessiyasının materialları” və rus dilində qələmə aldığı “Pravda istorii i istoriya odnoy insinuatsii” və digər əsər və araşdırmaları Azərbaycan oxucusunu milli kimliyini, mənsubiyyətini dərk etməyə çağırır, milli ruhun oyanmasına və yüksəlişinə xidmət edir.
    Sonda akademikə həsr edilmiş “Ailə albomu” filmi nümayiş etdirilib.

Mənbə: www.science.gov.az
Comments