Xəbər lenti‎ > ‎

Doktoranturaya qəbulla bağlı yeniliklər açıqlandı

Отправлено 4 авг. 2015 г., 11:47 пользователем Murad Nabibekov   [ обновлено 4 авг. 2015 г., 11:49 ]
        Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) növbəti tədris ili üçün doktoranturaya qəbul imtahanının hansı formada keçiriləcəyini müəyyənləşdirib.

        Ölkə.Az xəbər verir ki, akademiyanın Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov Trend-ə açıqlamasında bildirib ki, AMEA sistemindəki institut və elmi tədqiqat müəssisələrinə doktoranturaya qəbul imtahanlarının noyabr ayında keçirilməsi planlaşdırılır: "Ötən illərdə olduğu kimi, bu il də qəbul imtahanları 3 fənn – ixtisas fənni, fəlsəfə və xarici dil üzrə keçiriləcək. Xarici dil imtahanlarının TOEFL və ya IELTS proqramları üzrə keçirilməsi planlaşdılır. Bu imtahanların hər biri test üsulu ilə həyata keçiriləcək. Hazırda imtahanların proqramları və testlər hazırlanır".
        AMEA rəsmisi test imtahanlarının hansı qurum tərəfindən keçiriləcəyini də açıqlayıb. Onun sözlərinə görə, test imtahanları elə AMEA tərəfindən keçiriləcək.
        Bu imtahanların mərkəzləşdirilmiş qaydada bir, yaxud bir neçə gün ərzində keçiriləcəyinə gəldikdə, Ə.Sadıqov bildirib ki, bu, sənəd verənlərin sayından, AMEA-nın texniki, auditoriya imkanlarından asılı olacaq: “Bu imkanlardan asılı olaraq, imtahanlar bir, yaxud bir neçə gün ərzində də ola bilər. Bunu hələlik dəqiqləşdirməmişik. İmtahanlardan əvvəl bunu elan edəcəyik”.
        Bu il doktoranturaya qəbul imtahanlarının daha sərt tələblə keçiriləcəyini deyən AMEA rəsmisi əlavə edib ki, bu ildən iddiaçılardan TOEFL və ya IELTS proqramlarından biri üzrə beynəlxalq dil sertifikatı tələb olunacaq. İddiaçıların təqdim edəcəkləri sertifikatların etibarlılığının xüsusi komissiyalar tərəfindən yoxlanılması nəzərdə tutulur. İddiaçıların dil biliklərinin müsahibə formasında yoxlanılacağı gözlənilir: “Biz doktoranturaya qəbul olmaq istəyənlər üçün dil biliklərinə tələbi yüksəldirik. Qəbul zamanı onlardan daha yüksək biliklər tələb olunacaq”.
        Ə.Sadıqov əlavə edib ki, əvvəllər rus dilini bilən gənclərin sayı çox olsa da, indi rus dilini bilənlərin sayı kəskin azalıb. Bu il də iddiaçılardan beynəlxalq dil sertifikatının tələb olunması ilə əlaqədar sənəd verənlərin sayının əvvəlki illərlə müqayisədə az ola biləcəyi ehtimal edilir: “Amma bizim başqa yolumuz yoxdur, çünki xarici dili bilmədən elmi tədqiqat işi aparmaq mümkün deyil. Biz iddiaçılardan beynəlxalq dil sertifikatının tələb olunacağını bu il martın 4-də elan etmişik. Müəyyən dil biliklərinə malik namizədlər ötən 5-6 ay ərzində öz biliklərini artıra bilərdilər. Hesab edirəm ki, doktoranturaya qəbul olmağı qarşısına məqsəd qoyanlar imtahanlaradək buna nail ola bilərlər”.
        O deyib ki, doktoranturaya qəbul olanlar üçün tədrisin yeni formada təşkil edilməsi, həmçinin onlar üçün təhsil müddətində müvafiq ixtisaslar üzrə əlavə tədris kurslarının təşkili nəzərdə tutulur. Bu kurslarda onlara elmdə baş verən yeniliklər, həmin müvafiq ixtisas üzrə əldə olunan yeni elmi nailiyyətlər barədə məlumatlar veriləcək.
Mənbə: Ölkə.Az