Xəbər lenti‎ > ‎

Bu gün Şəki Regional Elmi Mərkəzin direktoru Z.Əlizadənin doğum günüdür

Отправлено 4 февр. 2014 г., 5:13 пользователем Murad Nabibekov   [ обновлено 4 февр. 2014 г., 5:14 ]

Bu gün AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-minerologiya elmləri doktoru, professor, Zəkəriyyə Mabud oğlu Əlizadənin doğum günüdür.
Bu munasibətlə mərkəzin kollektivi Zəkəriyyə müəllimi təbrik edir, ona möhkəm can sağlığı arzulayır.

Zəkəriyyə Mabud oğlu Əlizadə 1936-cı il fevralın 4-də Şəki şəhərində anadan olub. 1943-cü ildə Şəki şəhər 10 saylı orta məktəbinə qəbul olub, 1953-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1953-cü ildə Zəkəriyyə Əlizadə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olub, 1958-ci ildə oranı dağ-mədən geoloqu mühəndisi ixtisası üzrə başa vurmuşdur. Əmək fəaliyyətinə 1958-ci il avqustun 8-dən təyinat üzrə Pirallahı Neft-Mədən İdarəsində operator kimi başlamış, 1959-cu ilin yanvar ayının 21-də yüksək nəzəri biliyi qiymətləndirilərək Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna baş laborant vəzifəsinə keçirilmişdir. Həmin il sentyabrın 7-dən institutun kiçik elmi işçisi kimi fəaliyyət göstərmişdir. 1962-ci ildə AEA Geologiya İnstitutunun aspiranturasına daxil olan Zəkəriyyə Əlizadə 1966-cı ildə "Qərbi Azərbaycanın Ağcagil çöküntülərində bəzi kimyəvi elementlərin yayılma qanunauyğunluqları və onunla əlaqəli paleocoğrafi problemlər" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Azərbaycan SSR EA - nın akademik İ.M.Qubkin adına Geologiya İnstitutunun Elmi Şurasının 1966-cı il 29 aprel tarixli iclasının 9 saylı protokoluna əsasən geologiya - mineralogiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1970-ci ildə müsabiqə yolu ilə Geologiya İnstitutunun baş elmi işçisi seçilmişdir. 1972-ci ildə Elmlər Akademiyasının Rəyasət Heyətinin 20 iyun tarixli sərəncamına əsasən köçürmə yolu ilə Şəki Elmi Bazasına rəhbər təyin olunmuşdur. Professor Zəkəriyyə Əlizadə Elmi bazaya rəhbərlik etdiyi gündən elmi müəssisənin yüksək ixtisaslı kadrlarla təminatını əsas vəzifə kimi götürərək mərkəzdə müvafiq tədqiqat strukturlarını formalaşdırmışdır. Qədim mədəniyyət və elm mərkəzi olan Şəkinin folklorşünaslıq, geoloji-coğrafi, fizika və s. baxımdan öyrənilməsi üçün laboratoriyalar təşkil edilmişdir. Alim öz ixtisası üzrə də tədqiqatlarını genişləndirərək "Mürəkkəb dislokasiyaya uğramış rayonların filiz yerləşən süxurlarının litologiyası və filiz elementlərinin geokimyası (Böyük Qafqazın cənub yamacının orta və üst yura çöküntüləri timsalında)" mövzusunda doktorluq dissertasiyası üzərində çalışmışdır. Dissertasiyanın məzmunu respublikanın nüfuzlu jurnallarında çoxsaylı məqalələrlə oxucuların nəzərinə çatdırılmışdır. Və 1989-cu ildə Zəkəriyyə Əlizadə Ukrayna Elmlər Akademiyasının Geoloji Elmlər İnstitutunda birdəfəlik Elmi Şurada müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir. Dissertasiya Azərbaycan və Ukraynanın geoloq alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının 4 may 1990-cı il tarixli iclasının 18 saylı protokol qərarına əsasən ona geologiya - mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Professor Zəkəriyyə Əlizadə 50 ildir Akademiya sistemində çalışır. Bu mənalı ömrünün 34 ili AMEA-nın Şəki Regional Elm Mərkəzinə rəhbərlikdə keçmişdir.

1962-2006-cı illərdə alimin 80-dan çox elmi məqaləsi, 4 kitabı nəşr olunmuşdur. Dövlət tərəfindən elmi - ictimai fəaliyyəti yüksək qiymətləndirilmiş AMEA-nın yaradılmasının 60 illik yubileyi ilə əlaqədar respublika prezidentinin fərmanı ilə akademiyanın nüfuzlu alimlərindən biri kimi Zəkəriyyə Əlizadə də "Tərəqqi" medalı ilə təltif olunmuşdur.