Xəbər lenti‎ > ‎

“Kimya elminin Yusif Məmmədəliyev zirvəsi” adlı elmi konfrans keçirilib

Отправлено 3 июл. 2014 г., 9:11 пользователем Murad Nabibekov   [ обновлено 3 июл. 2014 г., 9:12 ]
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə Y.Məmmədəliyevin Ordubad şəhərindəki ev muzeyində “Kimya elminin Yusif Məmmədəliyev zirvəsi” adlı elmi konfrans keçirilib.

        Konfransı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Ələddin Abbasov qeyd edib ki, Y.Məmmədəliyev nəinki Azərbaycanda ümumilikdə keçmiş SSRİ məkanında kimya elminin zirvəsində duran alimlərdəndir. Ə.Abbasov Y.Məmmədəliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, o, 1947-51 və 1958-61-ci illərdə Azərbaycan SSR EA-nın Prezidenti seçilmişdir.
        Elmi konfransda institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev “Y.Məmmədəliyevin uşaqlıq illəri”, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova “Yusif Məmmədəliyevin həyatı və fəaliyyəti”, kimya üzrə fəlsəfə doktoru Qorxmaz Hüseynov “Yusif Məmmədəliyev - alkilləşmənin kralı”, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova “Yusif Məmmədəliyevin neft kimyasında rolu”, kimya üzrə fəlsəfə doktoru Aliyə Rzayeva“Yusif Məmmədəliyevin elmi yaradıcılığı”, kiçik elmi işçi Turac Süleymanova“Yusif Məmmədəliyev və müasir gənclik” mövzusunda məruzələrlə çıxış ediblər.
        Vurğulanıb ki, Yusif Məmmədəliyevin əsas elmi nailiyyətləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. O, Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. Müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.
        Y.Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür. Alimin Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur. O, SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda respublikamızı təmsil etmişdir.
        Tədbirdə qeyd olunub ki, Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni, Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri, həmçinin medallarla təltif edilmişdir. Y.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifi olmuşdur.
        Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
        Sonda iştirakçılar Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olublar.

Məvbə: www.science.gov.az