Xəbər lenti‎ > ‎

AMEA-nın yeni institutları yaradılacaq

Отправлено 2 мар. 2014 г., 0:57 пользователем Murad Nabibekov   [ обновлено 2 мар. 2014 г., 0:58 ]

        Azərbaycan Milli Elmlər Akademiyasının 4 yeni institutu yaradılacaq. Elmi müəssisələrin yaradılması məqsədilə zəruri tədbirlərin icrası haqqında qərar Rəyasət Heyətinin iclasında qəbul edilib.

        Qərara əsasən, AMEA-nın Yer Elmləri Bölməsinin tərkibində Neft və Qaz Elmi Tədqiqat İnstitutu, Humanitar və İctimai Elmlər Bölməsinin tərkibində Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutu, Biologiya və Tibb Elmləri Bölməsi tərkibindəMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılacaq.
        AMEA Neft və Qaz Elmi Tədqiqat İnstitutunun yaradılmasında başlıca məqsəd neft və qaz sənayesi və elminin prioritet istiqamətlər üzrə ən yeni geoloji-geofiziki, informasiya, kosmik və digər texnologiyaların kompleks tətbiqi əsasında təşkil olunması və həyata keçirilməsidir.
        AMEA Elm Tarixi İnstitutu Azərbaycan elminin dünyanın prioritet elmi-texniki istiqamətlərinə uyğun təşkili baxımından mühüm əhəmiyyət kəsb edir. İnstitutun qarşısında duran əsas hədəflər elm və texnikanın tarixi, elmşünaslıq, elm tarixinin mənbəşünaslığı, onun təşəkkülü, inkişafı və müasir vəziyyətinin öyrənilməsi, eləcə də elmin metodoloji bazasının təşəkkülü, elmə dair abidələrin aşkarlanması və tədqiqi, elm tarixinin öyrənilməsinin yeni metodlarının inkişaf etdirilməsidir.
        Dünya Siyasəti İnstitutu dünyada baş verən siyasi prosesləri və onların gələcək inkişafını, beynəlxalq proseslərin regiona təsirinin araşdırılması, dövlətin fəaliyyətinin kompleks və sistemli tədqiqi, daxili və xarici siyasətin elmi əsaslarının işlənib hazırlanması, uzunmüddətli fundamental elmi tədqiqatların aparılması məqsədlərinə xidmət edir.
        Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Azərbaycanda biologiya, tibb və kənd təsərrüfatı elm sahələrinin inkişafının müasir problemləri üzrə molekulyar biologiya, molekulyar genetika, bioinformatika, sistemli biologiya və digər texnologiyaların həyat proseslərinə kompleks tətbiqi məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayacaq.

Mənbə: www.science.gov.az