Xəbər lenti‎ > ‎

“Sumqayıt 1988: Cinayət və cəza” kitabının təqdimatı keçirilib

Отправлено 2 мар. 2014 г., 1:06 пользователем Murad Nabibekov   [ обновлено 2 мар. 2014 г., 1:06 ]

        Fevralın 28-də AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə hazırlanmış “Sumqayıt 1988: Cinayət və cəza” kitabının təqdimatı keçirilib.


        Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin (XİN) birgə təşkil etdiyi tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə Sumqayıt hadisələrinin gerçək mahiyyətinin üzə çıxarılması və dünya ictimaiyyətinə təqdim olunmasının ümummilli dövlət maraqlarının strateji əhəmiyyətindən danışdı. Akademik qeyd etdi ki, 26 il öncə baş verən bu hadisənin əsasında erməni millətçilərinin saxta torpaq iddiaları ilə SSRİ rəhbərliyinin imperiya maraqlarının bir nöqtədə kəsişməsi dayanır: “Bu niyyəti həyata keçirmək üçün Azərbaycan xalqını vəhşi, qaniçən, qeyri-tolerant obrazda dünya ictimaiyyətinə təqdim etmək istəyən erməni millətçiləri hətta öz soydaşlarını belə güdaza verməkdən çəkinmədilər”.
        Akademik xüsusi vurğuladı ki, Sumqayıt hadisələrinin gerçək üzünün beynəlxalq ictimaiyyətə çatdırılması hüquq mühafizə orqanları işçiləri ilə yanaşı, alimlərin, tarixçilərin, hüquqşünasların da üzərinə böyük məsuliyyət qoyur: “Bu baxımdan tədqiqatçı jurnalist-alimlər Ramazan Məmmədov və Eyruz Məmmədov tərəfindən yazılan və üç dildə işıq üzü görən “Sumqayıt 1988: cinayət və cəza” adlı kitab xüsusi əhəmiyyətə malikdir”.
        Kitabın mühüm məziyyətlərindən bəhs edən akademik A.Əlizadə qeyd etdi ki, burada Sumqayıt hadisələrinin dövrün digər analoji prosesləri ilə müqayisədə işıqlandırılması təqdirə layiqdir: “Sevindirici haldır ki, kitabda müxtəlif siyasi sənədlər, dövrü mətbuat yazıları, xatirələr, cinayət işi ilə bağlı ayrı-ayrı faktlar dövrün siyasi mənzərəsi kontekstində sistemləşdirilib”.
        Bildirdi ki, kitabda SSRİ və Azərbaycan SSR prokurorluqlarının əməkdaşları tərəfindən aparılmış istintaq materiallarından, cinayətin icraçılarının, zərərçəkənlərin və digər şahid ifadələrindən, həmçinin məhkəmə materiallarından istifadə olunub. Bununla belə, uydurma “Böyük Ermənistan” problemi, “erməni məsələsinə” həsr olunmuş çoxsaylı ədəbiyyatdan istifadə edilməklə, hadisələrin səbəb və nəticələri, cinayətin icraçılarının cəzalandırıldığı da göstərilir. Nəşrdə Sumqayıt iğtişaşlarının yaranma səbəbinin izahını verən, iştirakçılarını ifşa edən müəlliflərin öz obyektivliyi və subyektivliyi ilə seçilən fərziyyə, mühakimə və mülahizələri də yer alıb.
        Sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov çıxış etdi. O qeyd etdi ki, kitabın hazırlanmasında əsas məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır: “Kitabda əsasən 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədənlər, təşviq edən qruplar haqqında materiallar yerləşdirilməklə yanaşı, kitabın müəllifləri hadisələri sifariş verən və təşkil edən qüvvələrin izlərinin respublikanın hüdudlarından kənara çıxdığını göstərməyə çalışıblar”.
        Aparılan istintaqın əsas məqsədinin Sumqayıt hadisələri ilə əlaqədar erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla bu hadisələrin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını, əsasən də təşkilatçılarını müəyyən etmək olduğunu söyləyən R.Usubov bu məqsədlə ilk öncə Baş prokuror, cənab Zakir Qaralovun əmri ilə SSRİ Baş Prokurorluğunun istintaq qrupunun aparmış olduğu və icraatlarını dayandırdığı cinayət işlərinin öyrənilməsi üçün Prokurorluğun təcrübəli işçilərindən ibarət Komissiyanın yaradıldığını bildirdi.
        R.Usubov həmçinin qeyd etdi ki, hazırkı istintaqla Sumqayıt şəhərində yaşamış ermənilərin əksəriyyətinin kütləvi iğtişaşlar baş verəcəyindən əvvəlcədən xəbərləri olduğu müəyyən edilib. Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb şəhərdən köçüb getmələri müəyyən edilib.
        Bildirdi ki, hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv aparılmamış, hadisələrin əsl mahiyyəti açılmamış, faktiki olaraq gizlədilmiş, cinayətlərin bütün iştirakçıları müəyyən edilməmiş, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmamışdır. Bütün bunlar Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurətini yaratmışdır.
        R.Usubov xüsusi vurğuladı ki, cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələyib və istintaqın hərtərəfli aparılması üçün Baş prokurorun birinci müavininin rəhbərliyi ilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İstintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin ifadələri alınmış, xarici ölkələrə müvafiq sorğular göndərilmiş, arxiv sənədləri açılmış, mətbuatda verilmiş məlumatlar təhlil edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri görülmüşdür.
        Aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxmış, bu hadisələrin əsas sifarişçi və təhrikçiləri Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilmişdir.
        Rüstəm Usubov hazırda iş üzrə tam və hərtərəfli istintaq aparılmaqla Rusiya, Ukrayna, Belarus və Moldova hüquq mühafizə orqanlarına SSRİ Prokurorluğunun istintaq qrupunun üzvləri barədə məlumatlar əldə edilməsi üçün sorğular verilməklə istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirdi.
        Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Rafael Hüseynov, professor Gövhər Baxşəliyeva, kitabın həmmüəllifləri Ramazan Məmmədov və Eyruz Məmmədov, XİN-in Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, XİN-in şöbə müdiri Hikmət Hacıyev, AMEA Gənc alim və mütəxəssislər şurasının sədri Famin Salmanov və başqaları kitabın ərsəyə gəlməsinin mühüm, əhəmiyyətli və eyni zamanda, gərgin bir fəaliyyətin məntiqi nəticəsi olduğunu bildirdilər. Sumqayıt hadisələrini araşdıran istintaq-əməliyyat qrupuna AMEA Tarix İnstitutunun fəal köməklik etdiyini söyləyən alimlər Gəncə quberniyası, Zəngəzur, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə ermənilərin törətdikləri soyqırımların bütövlükdə araşdırılaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində respublikanın hüquq mühafizə orqanları ilə sıx əməkdaşlığın vacibliyini vurğuladılar. Qeyd edildi ki, yeni nəşr ölkənin müasir tarixini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini tam reallıqları ilə əks etdirir.

Mənbə: www.science.gov.az