Xəbər lenti‎ > ‎

AMEA Hüseyn Cavidin Ev Muzeyində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Отправлено 31 мар. 2014 г., 22:53 пользователем Murad Nabibekov   [ обновлено 31 мар. 2014 г., 22:54 ]
    AMEA Hüseyn Cavidin Ev Muzeyində 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.

    Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 1918-ci il martın 30-dan aprelin 2-dək erməni quldur dəstələrinin Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində xalqımıza qarşı xüsusi qəddarlıqlarla soyqırımı aktı həyata keçirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, bu qanlı qırğınlar martın 31-də Bakıda daha kütləvi xarakter almışdır.
    Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verilmişdir: “Hər il 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən qanlı qırğının qurbanlarının xatirəsini ehtiramla anırıq”.
    Tədbirdə belə bir maraqlı fakt xüsusi diqqətə çatdırılıb ki, 1918-ci ilin mart ayında daşnakların törətdikləri bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olmuşdur. Qaniçən cəlladlar H.Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayan digər insanları da oradan silah gücünə çıxarmışlar və yol boyu bu insanlardan əksəriyyətini güllələmişlər. H.Cavid təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilmişdir.
    Sonda muzeyin ekspozisiyasında hazırlanmış 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgi və slaydlar nümayiş etdirilib.

Mənbə: www.science.gov.az