1918-ci il mart soyqırımı ilə əlaqədar ŞREM-in elmi işçisi Elşən Abdurahmanovun məruzəsi

Отправлено 31 мар. 2015 г., 4:37 пользователем Murad Nabibekov   [ обновлено 31 мар. 2015 г., 11:17 ]
Dünən - martın 30-da AMEA Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının növbəti yığıncağı keçirilmişdir.

        İclasda "Azərbaycanda ipəkçiliyin inkişafı konsepsiyası" və görkəmli şairimiz, professor Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı tadbirlər planı müzakirə edildikdən sonra mərkəzin elmi işçisi Elşən Abdurahmanovun "31 Mart Azərbaycanlıların soyqırımı" ilə bağlı məruzəsi dinlənilmişdir.
        Həmin məruzəni oxucularımıza təqdim edirik.
* * *
31 Mart Azərbaycanlıların soyqırımı

        XIX əsrdə baş vermiş Rusiya-İran və Rusiya-Osmanı müharibələrindən sonra Cənubi Qafqaza kütləvi şəkildə köçürülən ermənilər tezlikə bölgədəki etnik tərkibin və say dinamikasının dəyişməsinə səbəb olmaqla yanaşı, həm də sabitliyin pozulmasında, ictimai-siyasi hadisələrin axarının dəyişməsində əsas pay sahibi oldular. 
        1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrandan və Azərbaycanın cənubundan 18 min ailə, 1828-1830-cu illərdə isə İrandan 40 min nəfər, Türkiyədən 84 min nəfər erməni Zaqafqaziyaya köçürüldü.
        Ermənilərin daha çox köçürüldüyü İrəvan xanlığı ərazisində Türkmənçay və Ədirnə müqavilələrinə qədər əhalinin 78 faizini azərbaycanlılar, 10 faizini ermənilər, 11 faizini isə başqa millətin nümayəndələri təşkil edirdi”. İrəvan xanlığının əhalisi ümumilikdə 138 min nəfər idi ki, bunun da 8 mini köçəri əhali idi.1832-ci il kameral təsvirlərinin materiallarına görə, həmin ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8.4%-ni ermənilər təşkil edirdilər.
        Şəki əyalətində əhalinin sayı 1824-cü ildə 98 min 600 nəfərdən ibarət idi. Əyalətdə 40 seyid ailəsi, 1550 imtiyazlı bəy, 2500 müsəman ruhani, cəmi 915 erməni və 15 imtiyazlı erməni yaşayırdı.
        
Yerli əhalinin torpaqlarında, əkinə yaralı ərazilərdə məskunlaşan ermənilər bir müddət sonra bu “hədiyyə” ilə kifayətlənməyərək, daha geniş ərazilərə sahib olmaq, “Böyük Ermənistan” yaratmaq iddiasına düşdülər.Türk-müsəlman milətinə qarşı terror bayrağı atında birləşmək məqsədilə 1885-ci ildə Vanda “Armenakan”, Rusiya, Türkiyə və İran ərazisindəki erməniləri bir araya yığmaq və “Böyük Ermənistan” yaratmaq məqsədilə 1886-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə isə Tiflisdə Daşnaksütyun” erməni terror təşkilatları yaradıdı.
        Erməni təxribatçılarının Azərbaycan xalqına qarşı ilk təcavüzkar hərəkətləri XX əsrin əvvəllərinə təsadüf edir. 1905-ci ildə Bakı, Naxçıvan, Cəbrayıl, Şuşa qəzalarında, 1906-cı ildə Bakı, Yelizavetpol və İrəvan quberniyalarında toqquşmalar təşkil edildi.
        1905-1907-ci illər hadisələri zamanı Azərbaycanın müxtəlif bölgələrində olan ermənilər şayiə yayırlar ki, “ermənilərin sünnilərlə heç bir işi” yoxdur. Belə bir riya və yalanın nə ilə nəticələndiyini gözləri ilə görmüş publisist mollanəsrəddinçi Ö.F.Nemanzadə 1906-cı ildə “İrşad” qəzetində yazırdı: “Ağla, əzizim, ağla ki, ancaq düşmənlərimiz bizi nə qədər binamus və şərəfsiz hesab edirlər ki, araya guya, şiə-sünnü nifaqı salıb, yenə bizi qəflət, cəhalət əksimizlə kəsmək istəyirlər. Mən məəttələm ki, ermənilərin “bizim sünnülərlə işimiz yox” yalan və fitnələrinə inananlar nə cür cammaat arasında qalırlar. Nə üçün “məcnunxanalara” getmirlər? Kimdir deyən ki, ermənilərin sünnülərlə işi yoxdur. Zəngəzur, Qazax mahalında ermənilərin viran etdikləri kəndlərin, şəhid etdikləri canların çoxu sünnü deyilmiydi? Ayə, Tiflisdə şəhid edilən qalayçı ləzgilər sünnü deyilmiydilər? Tiflisdə talan edilən və yanan evlərin bir xeylisi dağıstanlı, şəkili sünnüləri deyilmi? Mən qanmıram ki, erməni bir müsəlman öldürərkən demir ki, sən şiyəsən, ya sünnü? Noyabr vüqudatında bir erməni bir silahsız sünnünü öldürmək istəyəndə, sünnü guya, canını qurtarmaq üçün erməniyə başladı ki, a, qonşu! Siz deyirsiniz sünnü ilə işimiz yoxdur, bil ki, mən sünnüyəm, mənə dəymə! Erməni cavabında: a, bəli, Osmanlıda bizim erməni balalarını nizəyə taxanlar siz sünnülər deyildiniz? Biz sünnü şiə bilmirik, müsəlmanların Qafqazda kökünü qazıyacağıq”.
        Müəllif axırda üzünü bütün müsəlman əhlinə tutur və onlara bir daha erməni fırıldağını, erməni məkrini açıb göstərirdi: “Amma Şəki, Şamaxı, Dağıstan və qeyri-yerlərdəki hiyləgər ermənilər deyirmişlər ki, bizim sünnülər ilə işimiz yoxdur. Əlbət, özlərinin gücləri çatmadıqları, az olduqları yerlərdə çalışırlarmış ki, aranı qatsınlar. Ayə, bu mərhəmətli “kirvələrin” həm məzhəbləri nə üçün Zəngəzur, Qazax, Tiflisdə belə demədilər və demirlər”.
        Bu illərdə erməni millətçiləri Şamaxıda qırğın törətməyə, bu ərazini “müsəlmanlardan təmizləməyə” böyük səy göstərmişlər. Qatı millətçi Lalayev qardaşları - Aleksandr və Saşa Lalayev Şamaxıda “sünni-şiyə” qarşıdurmasını canlandıra bilmişlər. İlk əvvəlcə, onlar fürsət tapıb, hər iki tərəfdən adamlar qətlə yetirmiş və camaatı bir-birinə qarşı qoymuşlar. Bunun nəticəsi olaraq, sünni və şiə məscidləri arasında narazılıqlar baş versə də, ziyalıların səyi nəticəsində böyük qalmaqallar olmamışdır.
        Burada naşiyə çıxaraq, qeyd etmək istərdik ki, oxşar hadisələrin Şəki qəzasında təkrarlanmaması üçün şəhərin adlı-sanlı adamları bir yerə toplaşmış və lazımı tədbirlər görməyə çalışmış, baş verə biləcək erməni qırğınlarının və talanlarının qarşısı alınmışdı. Dini təfriqənin qarşısını almaq və ona yol verməmək məqsədilə Bakı Qurultayının qərarına əsasən, Mustafa Əfəndi , Hacı Məcid Əfəndizadə sünnilərə müfti, Axund Molla Fərəc Pişnamazzadə şiələrə Şeyxülislam sifətində Şəkiyə yola düşürlər. Şəki Qəza icrayə komitəsinin sədri vəzifəsində işləyən Ə. Kərimov Şəki keçmişdə və indi (Şəki-1928) əsərində yazır ki, müfti və şeyxülislamın Şəki əhalisində olan sünni və şiə heysiyyatını gidərmək üçün baş örtüklərini dəyişdilər. Məscid minbərində öpüşdülər. Müfti şiələrin, Şeyxülislam isə sünnilərin məscidində camaat namazı qıldı. Onlar aşıqdan-açığa milli heysiyyatın alovlanmasına səbəb oldular.
        1905-1907-ci il hadisələrindən erməni millətçiləri yetərincə yaralana bilməsələr də, I Dünya müharibəsi bədnam qonşuların yenidən fəalaşmasına, həm Osmanlı imperiyası daxilində, həm Azərbaycan torpaqlarında təxribatları artırmağa və terror aktları törətməyə şərait yaratdı.
        Çar Rusiyasının süqutu ilə onlara verilən vədlərin yerinə yetməyəcəyini dərk edən erməni daşnakları “ Böyük Ermənistan” yaratmaq planının gerkəkləşməsində bolşevik təbliğatından yaralanmağı, Sovetlərdə təmsil olunmaqla Cənubi Qafqazın xəritəsinin dəyişdirilməsində iştirak etməyi qərara aldılar. Fevral inqilabından sonra öz övbəsində bolşeviklərin də siyasi fəallığı artmış, təbliğatı genişləndirməyə və xalq kütlələrinə nüfüz etməyə başlamışdılar.
        1917-ci ilin oktyabr çevrilişindən sonra Cənubi Qafqazda yaranan qarışıqlıqdan istifadə edən bolşeviklər az bir vaxtda Bakı Sovetinin təşkilinə nail olmuş, lakin həmin ilin oktyabrın 22-də Bakı Sovetinə keçirilmiş yeni seçkilərin nəticələrinə görə istədikləri nəticəni əldə edə bilməmişdilər. Seçkilərdə Müsavat – 9 617səs , Bolşeviklər – 3 623 səs, Eserlər – 6 305 səs, Menşeviklər - 687 səs , Daşnaqlar- 5 288 səs qazanmışdılar. Göründüyü kimi, seçkilər zamanı digər partiyalarla müqayisədə bolşeviklərin topladığı səslər xeyli miskin nəzərə çarpırdı. Bunun tam əksinə olaraq, “Müsavat”ın çoxmillətli proletar Bakısında ümumi səslərin 40 faizini toplaması bu partiyanın reytinqinin yüksək olduğunu göstərirdi. Lakin məhz “Müsavat”ın Bakı Sovetinin və onun İcraiyyə Komitəsinin tərkibinə daxil olmaqdan imtina etməsi eser və daşnaklarla ümumi dil tapmaqda çətinlik çəkməyən bolşeviklərin işini xeyli yüngülləşdirmişdi
        Bolşeviklər nəyin bahasına olursa-olsun Sovetdə özlərinin təkhakimiyyətliyini yaratmaq istəyirdilər. Müxtəlif təzyiqlər, hədə-qorxulara, təbliğatlara baxmayaraq, onlar 1918-ci ilin mart hadisələrinə qədər buna nail ola bilməmişdilər. Bu faktı bolşeviklərin 1917-1918-ci illərdəki siyasi fəaliyyətini araşdıran sovet tarixçilərinin bir şoxu etiraf etməli olmuşdular.
        1920-ci illərin Sovet müəlliflərinin tədqiqatlarında mart hadisələrilə əlaqədar qeyd edilir ki: “Bu dövrdə bolşeviklərin qüvvələri az idi, Sovet Rusiyasından isə, kömək almaq mümkün deyildi. Bolşeviklər dilemma qarşısında qalmışdılar: ya hakimiyyəti müsavatçı əksinqilabçılara təslim etməli, ya da axıradək müdafiə olunmalı idilər. Buna görə də Sovet daşnak qüvvələrindən müvəqqəti istifadə etdilər. Əgər bolşeviklər birinci yolla getsəydilər, proletar inqilabına ağır zərbə dəyər, Bakıda sovet hakimiyyəti məğlub olar, Zaqafqaziyada sovet hakimiyyətinin qələbəsini qeyri-mümkün edər və vətəndaş müharibəsi aparan Sovet Rusiyası ağır vəziyyətə düşərdi. Əgər 1918-ci ilin martında bolşeviklər istədiklərinə nail olmasaydılar, şanlı Bakı kommunasını qurmaq mümkün olmayacaqdı.
        Faciə ərəfəsində Bakı Sovetinin rəhbəri Şaumyan , daşnaklarla taktiki ittifaqa girməyi də unutmamışdı. Onu da qeyd edək ki, həmin dövrdə Bakıda daşnakların sayı 4 min nəfərdən artıq olan yaxşı silahlanmış silahlı qüvvələri var idi. Həmin dövrdə Bakıda İran və Qərb cəbhəsindən qayıdan 7000 nəfərə qədər rus əsgəri (bunların da müəyyən hissəsi, bir neçə polkun isə hətta rəisləri ermənilərdən ibarətdi) ilişib qalmış, dəmir yolu bağlı olduğu üçün evlərinə gedə bilməmişdilər. Bolşeviklərin təşviqatı da bu işdə öz mənfur rolunu oynamış və sonralar həmin əsgərlərin bir çoxundan müsəlmanlara qarşı hərbi əməliyyatlarda istifadə olunmuşdu. Xəzər hərbi donanmasının matrosları eserlərin təsiri altında olduqlarından onların da gec-tez Bakı Sovetinin tərəfində vuruşacağı şübhə doğurmurdu.Öz növbəsində menşeviklər də Bakı Sovetini müdafiə etdiklərini gizlətmirdilər.
        Ən dəhşətlisi bu idi ki, mart faciəsi ərəfəsində sayı 6 min nəfərə çatan Bakı Soveti silahlı qüvvələrinin, istər tərkibinin, istərsə də komandir heyətinin müəyyən hissəsini erməni millətindən olanlar təşkil edirdilər. Bunların arasında Bakı Soveti Qızıl Ordu qərargahının rəisi, çar ordusunun polkovniki “Daşnaksütyun” partiyasının üzvü Z.Avatisyan, 3-cü briqadanın komandanı Amazasp, daşnak partiyasının digər üzvü, qızıl qvardiyaçıların ümumi dəstəsinin baçısı, çar ordusunun məlum polkovniki Kazarov və başqaları var idi
        Bakı Soveti tərəfindən Evelina gəmisinin tərksilah olunması Bakı şəhərinin müsəlman əhalisi içərisində çaxnaşmaya, milli hislərin coşmasına və şəhərdə izdihamın artmasına səbəb olmuşdu. Bəzi ruhanilər və burjua nümayəndələri əhalini həmrəyliyə, erməni təxribatlarına qarşı birləşməyə və mübarizəyə hazır olmağa çağırırdı. Bununla belə, müsəlman əhalinin silah təchizatı və hərbi qüvvələri müqayisə edilməz dərəcədə zəif idi
        “1918-ci ilin yanvar-fevral aylarında özlərinə çox arxayın olan daşnak zabit və əsgərləri Bakının küçələrində belə bir mahnı oxuya-oxuya gəzirlərmiş:

                        Bir,iki, Qafqaz oldu bizimki,
                        Bir,iki, Bakı oldu bizimki.
                        Dənizdən-dənizə,
                        Qara dəniz, Aralıq dənizi,
                        Üstəlik Kirit adası,
                        Şimal sərhədimiz Voronej şəhəri,
                        Paytaxtımız Tiflis şəhəri,
                        Yaşa, çox yaşa, Andranik paşa...
                        Andranik paşa, səni çox yaşa…”


        Sovet hakimiyyəti dövründə nəşr olunan istər elmi-publisitik əsərlərdə, istərsə də mətbu orqanlarında qırğınların mahiyyəti bilərəkdən təhrif edilmiş,1918-ci il mart hadisələri məzmun xətti saxtalaşdırımışdır. Hadisələrə sinfi xarakter verilmiş, əksinqiabi qiyam və firqələr arası mübarizə kimi şərh edilmişdir. Belə yazılardan birində qeyd edilir ki, ”Daşnaqların və müsavatçıların camaat arasında qırğın salmaq cəhdləri zəhmətkeşlərə baha başa gəldi, onlar zəhmətkeşləri inqilabi mübarizədən yayındırmağa can atırdılar...1918-ci ilin martında Bakıda əksinqilabi qiyam, müsavat və daşnaq avantürasını Sovet silahlı qüvvələri yatırdır. Həmin ilin aprel ayında Azərbaycanda və bütün Zaqafqaziyada ilk Sovet hakimiyyəti orqanı olan Bakı Xalq Komissarları Soveti təşkil edilir...”
        Tarixi saxtalaşdırmaqda, kerçəkləri gizlətməkdə mahir olan Sovet tarixşünaslığı tədqiqat xarakterli materialların toplanmasında da “saxtalaşdırma metodundan” istifadə etmiş,hadisələrin gələcək nəslə obyektiv şəkildə çatdırılmasına əngəl törətməyə çalışmışdır.
        “Azərbaycanı öyrənmə yolu” adlı məcmuəsində ASŞC-də (Azərbaycan Sovet Şura Cümhuriyyətində) inqilab hərəkatı tarixinə dair materiallar toplamaq üçün plan verilmiş, planın bir hissəsi 1905-1907 ci il “erməni-müsəlman qırğınlarına” həsr edilmişdir. Bununla belə, məsələyə obyektiv şəkildə yanaşılmamış, “tədqiqat planında” rejimin xarakterinə uyğun müddəalar qoyularaq, ermənilərin törətdikləri qırğınlara sinfi və firqə xarakteri verilməsinə cəhd edilmişdir. Belə ki, planın ikincı bəndinə əsasən 1905-1907-ci illərdəki hadisələri tədqiq etmək üçün aşağıdakı suala cavab tapılması tövsiyə olunur: “II.3) Erməni-müsəlman qırğınını hansı ictimai qrup ( bəylər, mollalar, alverçilər ) təşkil etmişdir?”
        Planın yeddinci bəndində “1919-1920-ci illərdəki erməni qırğınları və talanlarının tədqiq edilməsi” üçün aşağıdakı sualları cavablandırmaq lazım bilinir: “VII.1)Talan kimin tərəfindən təşkil edilmiş? 2) Müsavat firqəsi kütləni hansı şüarlar ilə talana kalkızmış?”
        Beşinci bəndə əsasən “1918-ci ildə Osmanlı türklərinin Azərbaycanda olması” başlığı altında “Türk hərbi hökumətinin erməniləri qətl və qarət etməsi” haqda materiallar toplanmalı idi.
        Jurnalın həmin sayında bayatılarla əlaqədar verilən bir məqalədə, mart hadisələrinə də toxunulmuş, məsələ ilə əlaqədar iki bayatı verimişdir. Həmin hissəni olduğu kimi qeyd etməyi vacib bildik: ”Burjuaziyanın hakimiyyəti ilə “millətçilik” hissləri artır, azərbaycan əhalisi içərisində böyük fəlakətlərə səbəb olur.Türk-erməni burjuaziyası bir-birini boğmağa başlayır. Meydana 1918-ci il hadısələri çıxır. Ortada məhv olan yenə yoxsul təbəqə olur:

                        “Əzizim Həsən dayı,
                        Göndərsin bizim payı.
                        Arzum mənim budur,
                        Gəlməsin o mart ayı.


        Yaxud:

                        Dar ağacı quruldu,
                        Dibində qan duruldu.
                        Gedin deyin keşişə
                        Ermənilər qırıldı.


        Göründyü kimi ermənilər hadisələrin təşəbbüskarı və icracısı olmaqla yanaşı, təxribatçılıqla da məşğul olur, özlərini “qurban” kimi təqdim etməyi də bacarmışdılar.Və bu işdə onlara rus imperiyası daima arxa-dayaq omuşdur.
        1918-ci ilin mart-aprel hadisələri Azərbaycanın həm şimalında həm də cənubunda erməni təhlükəsinin miqyasını bir daha ortaya qoymuş oldu. Xalqda milli birlik hislərini daha da qüvvətləndirdi.M.Ə.Rəsuzadənin dili ilə desək Xalq başa düşdü ki,onun istiqlal xaricində başqa bir nicatı yoxdur.
        1918-ci i mart hadisələri bu baxımdan 1990-cı il 20 yanvar hadisələrinin sələfidir.