Şəkidə ipəkçiliyə innovativ yanaşma (video)

Отправлено 30 нояб. 2014 г., 1:41 пользователем Murad Nabibekov   [ обновлено 12 дек. 2014 г., 0:29 ]
Fərhad ƏZİZOV,
Şəki Regional Elmi Mərkəzinin elmi 
işlər üzrə direktor müavini, 
biologiya üzrə fəlsəfə doktoru


Qüdürət BƏKİROV,
Şəki Regional Elmi Mərkəzinin İpəkçilik 
laboratoriyasının rəhbəri,
biologiya üzrə fəlsəfə doktoru


        Azərbaycanda ipəkçiliyin inkişaf tarixində Şəkinin, Şəki sənətkarlarının və yerli əhalinin özünəməxsus yeri və rolu olub, onların maddi rifah halının yüksəldilməsində İpəkçilik sənayesi xüsusi əhəmiyyət kəsb edir. Tarixi “Böyük İpək yolu”nun üzərində yerləşməsi Azərbaycanda xüsusən də Şəkidə bu sahənin təşəkkül tapmasına və inkişafına səbəb olmuş, digər ölkələrlə ticarət-iqtisadi əlaqələrinin genişlənməsinə təkan vermişdir.

        İlk əvvəllər Şəkidə (Nuxa) ipəkçiliklə şəxsi fabriklərdə, emlatxanalarda sahibkarlar məşğul olmuş, məhdud fəaliyyət göstərmişlər. Sonralar bu qiymətli məhsulun, Şəki ipəyinin şöhrəti həm ölkədə, həm də xaricdə yayılmış bu məhsula olan təlabat artmağa başlamışdır.
        XVIII-XIX əsrlərdə Şəkidə ipəkçilik özünün ən yüksək inkişaf nöqtəsinə çatmışdır. Bu illərdə istehsal edilən ipək məhsulları əsasən Rusiyaya, oradan isə Avropa ölkələrinə ixrac edilirdi. Xüsusən də, Şəkidə istehsal edilən ipək məhsulu öz keyfiyyəti ilə fərqlənir və xarici bazarlarda yüksək qiymətləndirilirdi. Bunu nəzərə alaraq, ilk dəfə 1829-cu ildə Nuxa (Şəki) şəhərində ilk ipək zavodu inşa edilmiş və 1830-cu ildən başlayaraq ipək parça istehsalı təşkil edilmişdir. 
        Əvvəllər bu zavodun istehsal gücü aşağı olsa da, sonralar artırılmış, 1861-ci ildə bu zavodda 555,2 ton ipək istehsalı mümkün olmuşdur. Sonrakı illərdə dünyada baş verən siyasi vəziyyət, müharibələr və s. bütün sahələrdə olduğu kimi ipəkçilikdə də özünü büruzə vermiş, bu sahənin tənəzzülünə səbəb olmuşdur. 
Ümimiyyətlə isə çar hökuməti dövründə Şəkidə 6 ipək zavodu fəaliyyət göstərmişdir.
        Sovet dövründə bu sahə yenidən dirçəlmiş, Şəki-Zaqatala bölgəsində sosial-iqtisadi və mədəni həyatın inkişafında ipəkçiliyin müstəsna rolu nəzərə alınaraq Şəkidə Zaqafqaziyada istehsal gücünə görə keçmiş SSRİ–də üçüncü ipək kombinatı - Şəki İpək Birliyi inşa edilib 1931-ci ildə istifadəyə verilmişdir. Həm keyfiyyətcə, həm də çeşid baxımından fərqlənən ipək məhsulları istehsal edən bu müəssisənin məhsulları öz yürczr keyfiyyəti ilə fərqlənmiş, SSRİ-nin bütün respublikaları və regionlarına ixrac edilmişdir. 
        XX əsrdə dünyada baş verən siyasi proseslər zəminində SSRİ-nin dağılması və Azərbaycanın müstəqil dövlət kimi öz iqtisadi münasibətlərini özünün formalaşdırması,dövlətlərarası iqtisadi münasibətlərdə bazar iqtisadiyyatı prinsiplərinin əsas götürülməsi, dövlət miqyasında aqrar sahədə həyata keçirilən islahatlar, torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi və s. başqa sahələrdə olduğu kimi ipəkçiliyə də öz mənfi təsirini göstərmişdir. Azərbaycanda 1982-ci ildə 5921 ton barama məhsulu istehsal edildiyi halda bu göstərici 2000-ci ildə 57 ton, 2014-cü ildə isə 10,0 ton olmuş, buna müvafiq olaraq ipək məhsulu istehsalı da zəifləmişdir.
        Şəki İpək kombinatının əvvəlki nüfuzunun bərpa edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticə verməmiş, hazırda bu müəssisə durğunluq dövrünü yaşayır.
        XXI əsr qloballaşma və innovasiyalar əsri olub, elmi texniki tərəqqinin sürətli inkişafını, iqtisadiyyatın bütün sahələrində nanotexnologiyalarının tətbiqi, müasirləşmə, iqtisadi baxımdan daha sərfəli və qənaətbəxş texnologiyaların və üsulların tətbiqi, bazar iqtisadiyyatının tələblərinə, prinsiplərinə cavab verən keyfiyyətli və rəqabətə davamlı məhsulların istehsalı tələb olunur.
        Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Şəki Regional Elmi mərkəzində uzun illərdən bəri İpəkçilik laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada istehsalatın tələblərinə cavab verən keyfiyyətli və məhsuldar tut ipəkqurdu cinslərinin və sortlarının yetişdirilməsi istiqamətində seleksiya damazlıq işləri yerinə yetirilmiş və çoxlu sayda yeni cinslər əldə edilmiş, onların istehsalatda tətbiqinə dair rəsmi dövlət qurumlarından təsdiqedici sənədlər əldə olunmuş, onların istifadə olunması tövsiyə edilmişdir.
        Mərkəzdə yerinə yetirilən elmi tədqiqat işlərində əsasən dünyanın ipəkçiliklə məşğul olan aparıcı ölkələrindən gətirilmiş sort və cinslərdən istifadə edilmişdir.
        Hazırda bir çox sahələrdə olduğu kimi ipəkçilikdə də dünyanın bir çox ölkələrində mütərəqqi və prinsipcə yeni, iqtisadi baxımdan daha sərfəli texnologiyalardan istifadə edilir və uğurla tətbiq edilir.
        Tut ipəkqurdunun əvvəlki ənənəvi üsullarla yetişdirilməsi iqtisadi cəhətdən sərfəli olmadığı üçün bu sahədə yeniləşmənin tətbiq edilməsi zərurəti meydana çıxmışdır. Bu zərurətin meydana çıxmasının başlıca səbəbi hazırda torpağın xüsusi mülkiyyətə verilməsi və tut ipəkqurdunun yetişdirilməsində əsas yemləmə vasitəsi olan xammal kimi tut yarpağı məhsulunun kifayət qədər yetişdirilməməsidir. Buna səbəb isə əhalinin istifadəsində olan torpaq sahələrinin bu məhsulu yetişdirmək məqsədilə torpağı istifadəsiz saxlamaq istəyinin olmaması, digər tərəfdən tut ipəkqurdunun yetişdirilməsi və bəslənməsi prosesində tələb olunan xammalın tut-yarpağının tədarükü prosesində əl əməyinin tətbiqi və s.dir.
        Bütün qeyd olunan hallar və eyni zamanda bu sahənin mövsümü xarakter daşıması son nəticədə barama məhsulunun maya dəyərinin yüksək olmasına, alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olduğudan bu məhsula olan tələbat ödənilmədiyinə görə ipək məhsulları istehsalı zəifləyir, son dərəcə əhəmiyyətli olan bir istehsal sahəsi ləğv olmaq təhlükəsinə məruz qalır.
        AMEA ŞREM-in ipəkçilik sahəsində uzun illər fəaliyyət göstərən əməkdaşları və yeni rəhbərliyi bu təhlükəni hiss edərək, Azərbaycanda ipəkçiliyin tarixi irsini qorumaq və Şəki ipəyinin əvvəlki şöhrətini bərpa etmək məqsədilə bu günlərdə mərkəzə yeni təyin edilmiş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlünün təşəbbüsü və mütəxəssislərin iştirakı ilə bu sahədə müzakirə aparılmış, Şəkidə ipəkçiliyin inkişafı istiqamətində dünya təcrübəsində mövcud olan bütün mütərəqqi üsul və texnologiyaların araşdırılması və iqtisadi cəhətdən daha səmərəli innovasiyaların öyrənilməsi və Azərbaycanda tətbiqi istiqamətində fəaliyyətlərin gücləndirilməsi qərara alınmışdır. Bu məqsədlə ipəkçiliklə məşğul olan aparıcı ölkələrə - ABŞ, Cənubi Koreya, Bolqarstan və s. ölkələrin müvafiq təşkilatlarına və mütəxəssislərinə müraciətlər edilmiş və müsbət cavablar alınmışdır.
        Hazırda həmin ölkələrdə yeni mütərəqqi üsullarla, tut ipəkqurdu üçün xüsusi olaraq hazırlanmış tərkibi məxfi saxlanılan qida maddəsindən istifadə etməklə tut ipəkqurdu yetişdirilir və ilboyu barama məhsulu əldə edilir.
        Yeni tətbiq edilən üsulun üstünlükləri aşağıdakılardır:
        - Barama məhsulu istehsalında əvvəlkindən fərqli olaraq mövsümilik aradan qalxır, ilboyu məhsul istehsalı təmin olunur.
        - Tut ipəkqurdunun yemlənməsi prosesində istifadə edilən tut yarpağının əldə edilməsi üçün çəkil bağlarının yaradılmasına ehtiyac qismən aradan qalxır.
        - Bu məqsəd üçün saxlanılan torpaq sahələri digər kənd təsərrüfatı məhsulları istehsalına yönəldilir.
        - Bu yolla istehsal edilən barama məhsulunun maya dəyəri aşağı olmaqla yanaşı, həm də keyfiyyəti qaneedici olur.
        - Tut ipəkqurdunun ənənəvi üsulla bəslənməsi və yemlənməsi prosesində tətbiq edilən əl əməyi qismən aradan qalxır.
        - İstehsalatın barama məhsuluna olan tələbatı müntəzəm olaraq ödənilir.
        - Süni yemləndirmə üsulu ilə hasil edilmiş barama məhsulunu uzun müddət saxlanmasına ehtiyac aradan qalxır və barama yaş halda açıldığı üçün sapın keyfiyyəti yüksək olur.
        - İpək istehsalında ən önəmli sahələrdən biri olub yüksək enerji tutumuna malik olan bir sahə, yəni baramanın boğulması və qurudulması prosesi aradan qalxır ki, bu da nəticə etibari ilə alınmış ipək sapının maya dəyərinin aşağı düşməsinə səbəb olur. 
        Bu günlərdə Bolqarıstanın Kənd təsərrüfatı Akademiyasının İpəkçilik və Əkinçilik təcrübə-sınaq stansiyasının rəhbərliyinə bizim tərəfimizdən edilən müraciətə müsbət cavab verilmiş və qarşılıqlı razılıq əsasında AMEA ŞREM-in mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə ezam edilməsi qərara alınmışdır. 
        2015-ci ilin yanvar-fevral aylarında mütəxəssislər həmin müəssisəyə ezam edilərək təcrübə keçəcək, tut ipəkqurdunun süni yem tətbiq edilməklə yemləmə texnologiyası ilə tanış olacaq, bu məqsədlə tələb edilən tut ipəkqurdu cinsini və müvafiq yemləri əldə edərək ixtisaslaşma proseslərində istifadə edəcəklər. Xaricdən gətirilmiş tut ipəkqurdu cinsləri sonrakı illərdə Şəki REM İpəkçilik laboratoriyasında mövcud cinslərlə seleksiya işlərinin aparılması, yeni xətt və cinslərin yaradılması nəzərdə tutulur. Yeni cinslərin bioloji göstəricisi həmçinin, ondan əldə edilmiş ipək sapının texniki və texnoloji göstəriciləri öyrənildikdən sonra istehsalata tətbiqi üçün tövsiyələr, eyni zamanda ipəkqurdunun yetişdirilməsi üçün metodiki göstəriş tərtib ediləcəkdir.
        Azərbaycanın və Şəkinin brend məhsulu sayılan, təbii ipəkdən hazırlanan kəlağayı məhsulunun YUNESKO-nun “Qeyri-maddi İrs” siyahısına daxil edilməsi ata-babalarımızdan bizə miras qalmış bu sənət sahəsinin qorunmasnı və inkişaf etdirilməsini tələb edir.
        Aidiyyatı dövlət qurumları qeyri-hökumət təşkilatları, bu sahədə çalışan sənətkarlar elmi-tədqiqat müəssisələri, ictimaiyyət bu sahəyə diqqət və qayğısını daha da artırmalı, əvvəlki ənənələri yaşatmaqla yanaşı ipəkçilikdə yeni dünya təcrübəsini, mütərəqqi texnologiyaların tətbiqi istiqamətində öz səylərini artırmalıdırlar.
        Güman edirik ki, ipəkçilikdə bu yenilik dünya təcrübəsinin öyrənilməsi və tətbiqi bütün Şəki sakinləri o cümlədən, elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanacaq və müsbət qiymətləndiriləcəkdir.
Mənbə: "Şəki Bələdiyyəsi" qəzeti