Milli ideyalar

Отправлено 29 нояб. 2014 г., 2:07 пользователем Murad Nabibekov   [ обновлено 5 мар. 2015 г., 23:09 ]






Hüseyn MUSTAFABƏYLİ,
Şəki Regional Elmi Mərkəzinin
geokimya laboratoriyasının rəhbəri,
geologiya-mineralogiya elmləri namizədi

                                                   I hissə

        Hər bir milli şüuru inkişaf etmiş xalqların - milli ideyalar formalaşdırmaq və onun ətrafında birləşərək uğurlu istiqamətdə yüksəlmək imkanları olur. Bunun üçün həmin xalqın şair, yazıçı, filosof, rəssam, tarixçi, dilçi alimlərinin rolu çox böyükdür. 

        Xalqın avanqard ziyalıları sayılan elmi-ictimayi-siyasi-mədəni zümrəsi, əslində təmsil elədiyi xalqın genetik kökləri ilə bağlı olan milli ruha söykənən fəlsəfi fikirlərin – ideyaların daşıyıcılarıdır. Fəlsəfi fikir və ideyalar yüksək inkişaf mərhələlərində olan xalqlarda, məsələn, Fransa, İngiltərə, Almaniya, İtaliyada və hətta Rusiyada olduğu kimi sanballı fəlsəfi cərəyanlar və məktəblərin yaranmasına səbəb olur. Nəticədə hər bir xalqın ümumi mədəniyyət səviyyəsi formalaşır ki, bu da onun hansı dərəcədə milli şüura malik olduğunu açıq-aşkar təzahür etdirir. Elə bu səbəbdən də biz alman, ingilis, fransız xalqlarının mədəni səviyyələrində yetkinlik dövrünün Slavyan xalqlarının əksəriyyətində gənclik, Zaqafqaziya xalqları içərisində yeniyetməlik dövrünə uyğun səviyyə və yaxud mərhələdə təmsil olunduqlarının şahidi oluruq.
        Süur səviyyələri. Yetkinlik və gənclik mərhələlərində təmsil olunan xalqlar müstəqil dövlətlər qura bilirlər, daha aşağı səviyyədəkilər isə hələlik hansısa bir xalq və yaxud etniki qrup halında öz inkişaf proseslərini ya davam etdirəcək ya da siyasi – ictimai vəziyətlə əlaqədar asimilyasia olunaraq tarixin arxivinə daxil olacaqlar. Xoşbəxtlikdən biz azərbaycanlılar XIX – XX əsrlərdə bu səddləri dəf edərək müstəqillik qazana bilmişik və indi onu yüksələn xətlə inkişaf etdiririk.
        Biz insan cəmiyyətində olduqca yüksək keyfiyyətlərdən hesab olunan çörəyə, ailəyə sədaqət və qarşılıqlı münasibətlərdə vicdanlılığı şərəfi və ləyaqəti əsas tutaraq düşünən və hərəkət etməyə üstünlük verən xalq kimi tanınırıq. Bununla belə qeyri-səmimilik, yalan, rüşvət, saxtakarlıq, qəddarlıq kimi ciddi nöqsanlara malik hərəkətlər də bizim cəmiyyətdə az deyldir. Hər bir xalqın milli şüurunun formalaşması və inkişafı onun milli ruhu ilə bağlı olan fəlsəfi cərəyan və yaxud cərəyanlardan asılı olur. Bu asılılıq birinci növbədə xalqın milli dilinin yaranması və inkişafı ilə özünü biruzə verir. Biz bir xalq olaraq əzab - əziyyətə dözümlü, zəhmətkeş olsaq da hələlik xarici təsirlərə meyilli olaraq harada nə görmüş olsaq tətbiq etməyə çalışırıq. Lakin yaddan çıxarmamalıyıq ki, Dədə Qorquddan bu tərəfə yaşayırıqsa və ətrafımızda düşmənlərdən qoruna da bilmişiksə bu öz tarixi köklərimizdən götürdüyümüz ləyaqətlilik hissinə olan sədaqətimizdəndir. Azərbaycan xalqının mövcud dilinin yaranmasında dahi Füzulinin, Axundzadənin, Vurğunun və başqalarının çox böyük rolunun olduğu açıq aydın görünsə də hansı fəlsəfi cərəyanla inkişaf yolu keçdiyini anlamaq bir o qədər də asan deyildir. Avropa ölkələrinin bugünki milli süur səviyyəsinin formalaşması romantizm fəlsəfi cərəyanının məhsulu kimi qiymətləndirilir. Azərbaycanda olan və yaxud yaşamaq haqqı qazanmaq istəyən fəlsəfi cərəyan bir sıra köhnə cərəyanların hibridi və yaxud qərblə şərqin süni və ya təbii birləşməsi ola bilər. Çox arzu edərdik ki, bu fəlsəfi cərəyan tam yeni bir yolu tərənnüm etsin. Birinci növbədə bunun üçün müstəqil dövlətimizdə qanunların aliliyi işləməlidir. Onda siyasi, iqtisadi, sosial və mədəni birlik yaradaraq millət səviyyəsinə yüksəltmək mümkün olardı. Dövləti yaşatmaq, qorumaq və yüksəltmək üçün biz azərbaycanlılar çoxlu qanunlar qaydalar yaratmağa çalışırıq, amma hələlik ölkəmizi yaşada və qoruya bilsək də onu yüksəltməkdə bir qədər acizlik göstəririk. Bəlkə bu ona görə belədir ki, dahi Nizaminin dövlətçilik haqqında XII əsrdə söylədiyi fikrə lazımınca əhəmiyyət verməmişik.

                Torpağı namusla olur qorumaq,
                Onunla ucalır dövlət və bayraq!


        Müxtəlif peşə sahibləri olan insanlar arasında söhbət edərkən bəziləri azərbaycanın milli idealogiyasının olmamasından və yaxud əhaliyə bəlli olmamasından haqlı olaraq gileylənirlər. Əlbəttə, vaxtilə dövrü mətbuatda Azərbaycan milli idealogiyasına aid çoxsaylı yazılar getmişdir. Lakin, həmin yazıların nəticəsi olaraq əhali arasında yekdil bir fikrə gəlmək o qədər də asan deyldir. Bəlkə də ona görə ki, azərbaycan xalqı milli özünüdərkinə görə başqa xalqlardan tam fərqlənir. Belə bir atalar sözünü yada salmaq yerinə düşərdi. Ağsaqqalları, başçıları, qəhrəmanları seçmirlər, onları qəbul edirlər. Beləcə də azərbaycançılıq milli ideyasının əsas leytmotivi sayılan dahi Nizaminin bu dəyərli fikrinin əsas qayəsi nə vaxt qəbul olunacaq onda da milli idealogiyamızın təsir və təkamül maşını işə düşəcəkdir.
        Bəs niyə ümumbəşəri olan bu yüksək ideyaya azərbaycanlılar arasında bu qədər laqeydlik göstərilir? Niyə insanlar arasında çoxları yaxşılıqları yox daha çox pislikləri axtarırlar? Niyə daha çox Azərbaycanda “böyük adam olmaq” uğrunda mübarizə gedir? Halbuki, bütün dünya ölkələrində insanların başlıca istəyi xoşbəxt adam olmaq hesab olunur. Əslində əsl böyüklük Hötenin göstərdiyi kimi, insanın öz kiçikliyini dərk etməsindədir – fikrilə biz razılaşsaq onda “böyük adam olmaq üçün çalışan” soydaşlarımızın illüziyalar, xəyalpərəstlik, saxta təxəyyüllərə qapılaraq qeyri-sağlam düşüncəyə qapılacaqlarını əvvəlcədən görmək çətin deyldir. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, fikir və ideyalar da zamana görə yaşlaşır və öz mahiyyətini itirir. XII əsrdə Azərbaycanın müstəqil dövlətinin olmaması, bu dəyərli ideyanın milli şüur səviyyəsinə yüksəlməsinə imkan verməmişdir. XX əsrdə yaranan ADR və onun davamı olan müasir Azərbaycanda isə həmin ideyanı yəqin ki, müasir anlamda formalaşdırmağa ehtiyac vardır. Yəni hal-hazırda dilimizin və süur səviyəmizin inkişafı tələb edir ki, XII əsrdə “namus” sözünün XXI əsr qarşılğı olaraq “vicdan, şərəf və ləyaqət” söz birliyi ilə əvəz edək. Bu halda yaranan əsas ideya

                Ölkəni vicdan, şərəf və ləyaqətlə olur qorumaq, 
                Onunla ucalır Dövlət və Bayraq. 

formasında qəbul edilir.
        Yuxarıda qeyd olunmuşdur ki, Avropa xalqlarının yaranmasında romantizm fəlsəfi cərəyanının böyük rolu olmuşdur. Romantizmin xüsusi göstəriciləri olan məhəbbət, səmimilik, gözəllik hisslərinin təsiri altında inkişaf edən bu cərəyanı bu günün və yaxın gələcəyin ideologiyası kimi qəbul etmək olsa da realizmdən uzaqlaşma onu solçuluğa doğru çəkib aparmaqdadır. Bu səbəbdən bu gün Avropa ölkələrinin əksəriyyətində “seksual azlıqlar” adı altında real dünyadan tədrici uzaqlaşma prosesi mənəviyyatın aşağı enməsi, cəmiyyətdə disharmoniyalar, ictimai həyatda destruksiyalar və dövlətçilikdə isə deqradasiyalar (daha çox Rusiya timsalında) özünü biruzə verir. Azərbaycanın Avropaya inteqrasiya etmə məsələlərindən söhbət gedərkən məhz sonuncu problemlər əksər azərbaycanlıları narahat edir. Yəqin bu o səbəbdəndir ki, romantizm cərəyanının yeni forması olan neoromantizmdə - məhəbbətdən çox ehtirasa əsaslanan azad münasibətlər yer alır. Yəni Avropa xalqlarının formalaşmasına səbəb olan XVII – XVIII - əsr romantizmindən indi əsər-əlamət yoxdur. Digər tərəfdən də daha çox “böyük adam olmaq” düşüncəsində olan fərdlər nə qədər sağlam düşüncədən uzaqlaşarlarsa bir qədər də məhəbbət hisslərindən kənarda qalacaqları da şübhə doğurmur. Qərbə kor-koranə inteqrasiya edərək neoromantizmin təhlükəsiz olmadığnı bilərək və 70 ilik “Sovet realizminin” də məntiqsiz və yararsız olduğunu da yadda saxlayaraq, indi Azərbaycan hansı addımı atmalıdır? Əlbəttə o addımı ki, onun öz tarixi, ədəbiyyatı, dili, folkloru, təbiəti və s. ilə bağlı fəlsəfi cərəyana uyğun gəlmiş olsun. Bu fəlsəfi cərəyan yəqin ki, modernist realizmdir. Niyə məhz modernist? Ona görə ki, realizm təklikdə inkişaf üçün kifayət etmir, o, mühafizə edə, qoruya, dərk edə, yaxşı-pisi, düzü-əyrini, dostu-düşməni bir-birindən fərqləndirə bilir. Modernizmin təsiri ilə hərəkətə gələn realizm isə həm kinetik və həm də potensial enerjiyə malik olur. Modernizmin təsir dairəsində həm də romantizmin, rasionalizmin və həm də liberalizmin mühüm proqressiv cəhətlərini özündə tərənnüm etdirir.
        Fərdi Milli ideologiyaya malik olan millətlərin əksəriyyətində müxtəlif etniklər və yaxud ərazilərin vəhdətinin yaranması prosesi aparıcı fəlsəfi cərəyana uyğun olaraq formalaşır. Məsələn, Fransada breton, provans, qaskon, burqundlar və s. xalqların birliyindən, Almaniyada isə olan ərazilərin – Saksoniya, Bavariya, Saar, Essen və s. (F. Şiller, İ. Höte, J. Herderin – romantik realist ideyaları əsasında) birləşməsində yetkin fransız və alman millətləri formalaşmışdır. Azərbaycanda da XXI əsrdə artıq azəri millətlərinin yaranması üçün siyasi, iqtisadi, sosial və mədəni zəmin yaranmışdır. Bunun üçün ilk növbədə Azərbaycanın daha böyük sayda təmsil olunan ticarətçilərə aid olan təbəqəsi formalaşdırılmalıdır. Ticarətçi təbəqəsinin yaranmasında isə hələlik ciddi əngəllər mövcuddur. Ona görə ki, hələ SSRİ dönəmində müttəfiq respublikalar içərisində ən böyük nöqsanlar Azərbaycan ticarətinə məxsus idi. Azərbaycan sərhədləri daxilində heç nəyi qiymətinə almaq mümkün deyldi. Beləliklə, daha çox ticarətdə, bazarda zəhmət çəkən insanlar mövcud idarəetmə nöqsanları müqabilində həmişə qazandıqlarının bir hissəsini yuxarılara ötürməklə narahat bir həyat sürür, vicdanlarını arzu olunduğu kimi təmiz saxlaya bilmirlər. Daha çox ticarətçinin olunduğu yer aldığı azərbaycan orta təbəqəsi də azad və ləyaqətli tacirlər əvəzinə alverçi, dəllal və baqqal kimi fərdlərin toplusuna çevrilir və onun dövlət idarəçiliyində ola biləcək nəzarəti də zəifləyərək heçə enməsinə gətirib çıxarmışdır. Deməli, Azərbycanda baş verməli olan ən birinci islahat ticarət sektorunda qayda yaradıb qanunun aliliyinə nail olmaqdan ibarətdir. Orta təbəqənin yaranmasında dövlət nə qədər maraqlı olsa da, xarici rəqabəti də yaddan çıxarmaq olmaz. Xüsusilə ucuz məhsul ardınca xarici bazarlara üz tutub ölkəmizə yararsız məhsulları gətirən ticarətçilər daha çox maddi marağın və yaxud korrupsiyanın qurbanlarına çevrilirlər. Ciddi problemlərin baş aldığı ticarət – kommersiya sektorunun çətinlikləri və təhlükəsi burada çalışan soydaşlarımızın bir çoxunun təklikdə qalmasına səbəb olur. Təklikdə görülən işin maddi gəliri xeyli aşağı qiymətlərlə ölçülsə də, Azərbaycanda əhali arasında mövcud olan xüsusi deyimə uyğun gəlir. “Heç kəsə qoşulan deyil”. Bu deyimdə açıq-aşkar hiss olunur ki, birgə iş görməkdə nəsə bir təhlükə var. Bu təhlükə maddi maraq, mənfəət güdmədir. Ingilislərdə də iki nəfərin birliyi maddi marağın mövcudluğunu göstərir. Lakin bu maddi maraq yəqin ki, şəxsi yox vətən, millət, ölkə anlamlarının içərisində yaşayır. Azərbaycanda isə iki nəfərin şəxsi maraq üzərində qurduğu birlik – 3-cü nəfəri birləşdirdikdə artıq alverçi və yaxud korrupsiya mahiyyəti daşıyır. Ingilislərdə isə 3-cü nəfərin də qatıldığı birlik artıq imperiya deməkdir. Müasir dövrdə bu imperiyanın siyasi, iqtisadi, mədəni asılılıqları zəif ölkələrdə özünü daha aydın biruzə verir. Deməli, xarici ideyaların təsiri xalqların yaratdıqları və inkişaf etdirmək istədikləri dövlətçiliklərə olduqca güclü mənfi təsir göstərir. Hələ V.Hüqo bir neçə əsr bundan əvvəl göstərmişdir ki, xarici orduların ölkəyə daxil olmasının qarşısını almaq olar, ideyaların isə yox.
        Azəri millətinin yaranması üçün təhsil, elm, texnika, informaiya, ədəbiyyat, incəsənət, din, folklor ümumi mədəniyyətin də müəyyən səviyyəyə çatdırılması tələb olunur. Müstəqillik illərində aparılan dövlət quruculuğunun nəticəsi olaraq Azərbaycanda mədəniyyət sahəsinin inkişafı özünü aydın şəkildə göstərir. Digər sahələrdə olan naliyyətlər isə hələlik yalnız kosmetik səviyyə daşıyır desək ədalətli olardı.
        Cəmiyyətin milli ruhuna uyğun olan milli ideya arxasınca gedərkən mənəviyyatın, təhsilin, elmin, şüurun, şərəfin, ləyaqətinvə mədəniyyətin də yüksəlişinə nail olunur. Adları sadalanan mühüm insani və bəşəri keyfiyyətlərdən daha asan qazanıla biləni mədəni səviyyəni orta Avropa standartlarına doğru irəliləməsi olmuşdur. Bununla belə xarici ideologiyaların mənfi təsirinə daha güclü məruz qalan mənəviyyatın, şüurun inkişafı isə hələlik olum – ölüm mübarizəsi mərhələsindədir.
        Azərbaycana aid, onun milli ruhuna uyğun olan vicdan, şərəf və ləyaqət keyfiyyətlərinin bütün iş, tədbir, təlim və fikirlərdə asanlıqla yoxlamaq imkanı vardır. Insanlar digərlərinin şərəf və ləyaqəti haqda daha çox düşünüb qiymət verirlər. Lakin daha yaxşı olardı ki, ilk növbədə insan öz vicdanını dilləndirər və məsələlərə daha insaflı qiymət verəydi. Bu yönümdə aparılan kompleks qiymətləndirmə Azərbaycanda sənaye, k/t, xarici və daxili siyasət, müdafiyə, ordu, sosial, ekoloji, gənclər, regional problemlərin və s. həlli üçün eyni bir istiqamət vermiş olar və milli potensialın inkişafını təmin edərdi. Qafqaz xalqlarını təməl xüsusiyyətlərindən biri olan şərəf hissi tarixdə sərbəst özünəməxsus yaşamaq istəyi kimi yüksək milli ruha sahib olacağına əminlik verir. Xalqın ən fundamental xassəsinin sabiti olan milli xarakter isə vicdanlılıq prinsipinin məntiqi nəticəsi olaraq formalaşacağı şübhə doğurmur. Dədə Qorqudçuluqdan mənbəyini götürən ləyaqət hissi isə Azərbaycan milli idayasını əsas ana xəttini – leytmotivini təşkil edir.
        Azərbaycan mövcud cəmiyyətində orta təbəqənin tam mövcud olmaması həm də insanları iki qarşı cəbhəyə bölünməsinə şərait yaradır. Burada olan hər bir şeyi qara rəngdə görən kritiklər (radikallar) və onun əksinə hər şeyi qəbul edib, tərif yağdıran liberallardır. Bu fakt da onu göstərir ki, cəmiyyət hələ yetkin deyldir. Onun yetkinləşməsi üçün dövlət dahi Nizaminin məlum fikrini əsas ideya xətti kimi götürmüş olsa idi, Azərbaycanın vicdana, şərəfə və ləyaqətə əsaslanan milli ruhunun yüksəlməsində mühüm nəticə verirdi.
29 noyabr 2014

* * *

II hissə

        "Milli ideyalar" məqaləsinin I hissəsində biz Azərbaycanın milli ideologiyasının ümumi strateji xəttinin - yəni namusluluğun bayrağımızın rənglərinə uyğun olaraq vicdan -yaşıl , şərəf -qirmızı və ləyaqət -göy prinsiplərinə uyğun olaraq yarandığı fikrini iddia etmişdik. ( "Şəki Bələdiyyəsi " qəzeti . 2014. N 11 . ) Bu məqalədə isə bizim əsas məqsədimiz milli ideologiyamızın həyata keçirilməsi yolunda icra olunacaq taktiki məsələlərin həllinə həsr edilmişdir.

        Azərbaycan cəmiyyətininin inkişafını qloballaşan Dünya dünyagörüşünə ,xüsusilə inkişaf etmiş ölkələrin intibah yolunda qazanılmış ideoloji təcrübəyə uyğun olaraq qiymətləndirərkən o fikrə gəlmək mümkündür ki , hər bir ölkənin öz fərdi tarixi təkamül yolu olmuşdur . Əgər Böyük Britaniya və ABŞ üçün bu yol ağıl üzərində qurulmuşdursa , Fransada -mədəniyyət , Almaniyada - qanun , Türkiyədə -möhkəmlik , Yaponiya ,Koreya və Çində - zəhmətkeşlik , İsraildə -dözümlülük amilləri üzərində həyata keçirilmişdir. Azərbaycanda isə təkamül yolu Dədə Qorqudçuluqdan bizə miras qalmış və mental şüuraltı düşüncəmizdə mühüm yer tutmuş ləyaqətlilik amili ilə əlaqəsi vardır. Buna görə də Azərbaycanda aparılacaq ideoloji təbliğatların hər birinin aparıcı strateji xətti kimi məhz ləyaqətliliyin rolu nəzərə alınmalıdır.
        Azərbaycanın strateji -ləyaqətlilik xəttinin gələcək inkişafı üçün hansı elmi ideoloji istiqamətlərin inkişaf etdirilməsinə ehtiyac vardır ? - sualına cavab axtarmış olsaq yəqin ki , çoxları Azərbaycan cəmiyyətində insanların baş -beyin evolyusiyasında nəzərə çarpan nisbi gerilik problemini misal göstərə bilər. Əlbəttə bu yönümdəki dəyərləndirmə daha çox dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə verilir. Lakin, İnkişafda olan postsovet respublikaların da bəziləri xüsusilə Baltikyanı ölkələr ,Rusiya , Belorus , Ukrayna ,Gürcüstan və hətta Qazaxstan Respublikaları baş -beyin evolyusiyasından az-çox irəlidə yer tuturlar. Baş -beyin evolyusiyasının inkişafının göstəricisi olaraq ali təhsilli insanların ümumi sayının yox , hər yüz nəfər ali təhsilli mütəxəssisdən nə qədərinin təşkilati işlərdə ,dövlət vəzifələrində çalışa bilmə imkanları nəzərdə tutula bilər. Azərbaycan reallıqlarında cəmiyyətin belə bir evolyusiyaya yüksəlməsinə maneçilik göstərən və yaxud tormozlayıcı bir sıra amillər mövcuddur.
        Ayrı -ayrı insanlarda və həm də xalqlarda beyin evolyusiyası yəqin ki , elmi biliklər və mənəviyyatın birgə vəhdətindən yaranır . Onların qarşılıqlı əlaqə şəraitində bir -birini tamamlamasından əldə edilən yüksək səviyyəli mədəniyyətin sayəsində beyin evolyusiyasının da formalaşacağını qəbul etmək olar. Elmli insanları fərdi fikirlərinə , düşüncələri nə və danışdıqlarına görə asanlıqla tanımaq mümkündür . Mənəviyyatlı insanları isə qismən də olsa onların iştirakının hansı abi-hava yaratması ilə müəyyənləşdirmək olar. Mənəvi keyfiyyətlərin insanlarda yüksəldilməsi ilk növbədə aqressivliyin -hirslilk,narazılıq ,iddialılıq ,inciklik ,qorxu və s. kimi mənfi xüsusiyyətlərin azalması ilə nəticələnir . Bu amilin aradan qaldırılması həm də cəmiyyətdə vətəndaş həmrəyliyinin əldə olunması üçün əlverişli zəmin yaradır.
        Azərbaycan milli ideologiyasının qəbul olunmuş prinsiplərinə görə -islamlaşmaq , müasirləşmək və türkləşmək istiqamətlərini elə müasir anlamda sülh , mədəniyyət və ləyaqətin yüksəldilməsi kimi də başa düşmək olar.Burada qarşıya qoyulan məqsədlərə çatmaq üçün vicdan -qanun və ədalət sırası üzrə inkişaf yolu keçmək zərurəti vardır. Vicdan -mənəviyyatın ,qanun -maddiyatın və ədalət isə- ləyaqətin başlanğıcı hesab etmək olar. Azərbaycanlıların tarixən formalaşdırdıqları milli mental düçüncəsinə görə bu üç kateqoriyadan olan dəyərləri "halallıq " anlamı adı altında real həyatda işlədilmişdir. Qafqaz xalqlarının əksəriyyətinin də orta əsrlərdən bəri azərbaycan dilində ünsiyyət qurmalarına çalışmalarının ,yəni türkləşmələrinin səbəbini əslində azərbaycanlılara məxsus halallığın və daha ləyaqətli həyat yolunun seçilməsi ilə də əlaqələndirilə bilərik . Lakin , müasir dünyagörüşünə görə qiymətləndirmiş olsaq halallığın həmişə qanuni olmadığını ,qanuniliyin isə bütün hallarda halallığa uyğun gəldiyini qəbul edə bilərik. Deməli Azərbaycan cəmiyyətinin mental düşüncəsində yer almış halallıq anlamına qanunilik amilini də mütləq daxil etməliyik ki ,nəticədə insan ləyaqəti arzuolunan səviyyədə qorunmuş və yüksəldilmiş olsun. .
        Hər hansı bir xalqın mənəvi dəyərləri onun mental xüsusiyyətlərini də əhatə edir. Mental xüsusiyyətlər isə həmin xalqın inkişaf səviyyəsi ilə uzlaşaraq onun düşüncə tərzini formalaşdırır. Azərbaycanlıların düşüncə tərzində koformist baxışlar öndə gedir. Həmin təfəkkür tərzinə görə ən yaxşı və ümumən ən aparıcı düşüncə yeyib -içməyə olan çox yaxşı - birinci dərəcəli və həyat əhəmiyyətli münasibətdir. Azərbaycan məkanında geyimə , ev-eşiyin bəzədilməsinə olan münasibət də insanların dünyaya baxışlarında öncül yerlərdən birini tutur.Bu iki aparıcı düşüncə tərzi müasir Azərbaycan vətəndaşının dünyagörüşünün fundamentini təşkil edir. Hətta müxtəlif televiziya efir proqramlarında azacıq sərbəstliyin verilməsi musiqili şou proqramlarında sənətkarlığın nümayiş etdirilməsindən çox təmtərahlı ev qonaqlıqlarının bir-birləri ilə bəhsəbəs yarışmalarını xatırladır. Burada ən yaddaqalan düşüncələr gözəl ifalar haqda yox , kimin daha təmtərahlı kabab qonaqlığı verməsi ilə əlaqədar olaraq vurğulandırılan görüntülərlə əlaqədar verilir. Belə davam edərsə xalqın öncülləri sırasında bu gün gedən müğənnilərin peşəkarlıq üstünlüklərinin də müəyyən zaman gedişində tədricən itiriləcəyi şübhə doğurmur.
        İnkişaf etmiş ölkələrdə əhali üçün səciyyəvi olan , öz işinin peşəkar ustası olmaq , layiqli iş görmək üçün bilik və bacarığın artırılması uğrunda çalışmalara çox lazımlı diqqət göstərilir. Bizdə isə bu ciddi məsələyə orta səviyyədə və yaxud birtəhər səy göstərməkdə davam edilməkdədir. Burada düşüncəni dəyişmək ,birinci olaraq diqqəti layiqli iş görməyə və peşəkarlığa , sonra geyinib -kecinməyə və nəhayət , düşüncənin sonuncu olaraq yeyib içməyə yönəltməyin zamanı çoxdan yetişmişdir. Peşəkarlığın istənilən sahələrdəki çatışmazlığı bizim cəmiyyətdə xeyli ciddi və yarası sağalmaz problemlər törədəcəyi şübhə doğurmur. Belə problemlər 1988 ci ildən bəri çox tez-tez ortalığa çıxır. Onların icrası həm də ona görə ciddi çətinliklərlə üzləşir ki , qeyri peşəkar insanlar çox zaman vəzifələrə can atır və əksər hallarda özlərini hansı isə bir vəzifəyə variant olaraq təqdim olunmasından narahat olmurlar. Əksinə, peşəkarlar isə ilk növbədə bu etimadı nə dərəcədə doğrulda biləcək doğru seçim və bu işdə qabaqcıl prioritet olduğunu əsas götürməlidirlər. Deməli , azərbaycan cəmiyyətinin ən yaralı problemlərindən birincisini məhz burada , insanların öz işlərinə qeyri -peşəkar yanaşmasında axtarmaq lazımdır . Digər tərəfdən peşəkarlığın artırılması uğrunda gedən mübarizədə " zəhmət olan yerdə qeybət olmaz " prinsipinə uyğun olaraq insanların mənəvi keyfiyyətlərinin artmasına da nail olmaq mümkündür. Əksinə , insanların maddi durumları yüksəldikcə "yeyib -içmə " mərasimlərində yaranan dedi-qodu və qeybətin miqdarı ölçüyəgəlməz dərəcədə çoxalacağı və lüzumsuz çəkişmələrə gətirib çıxaracağı heç bir şübhə yaratmır.
        Düşüncəsində "layiqli mütəxəssis olmalı " fikri birincı mövqedə yer almış və bu yolda məqsədyönlü fəaliyyət gğstərən hər hansı bir fərd , düşüncəsində hər şeyi "yeyib -içmək"lə ölçüb - biçənlərdən maddi və mənəvi keyfiyyətlərdə yüksək yer tuta bilmələri heç də təsadüfi iş deyildir. Birinci növbədə tapşırıqları daha məsuliyyətlə yerinə yetirən peşəkar ustalarda həmişə deyilən söz və görülən iş arasında daimi uyğunluq müşahidə olunur. Digər tərəfdən də bu tipli peşə sahibləri öz həyat yollarını halallıq üzərindən qurduqlarından onların vicdanlı şəxsiyyət kimi yüksəlişi zaman gedimində dəyişməz qalır. Şəxsiyyət kimi yüksəlişdə də peşəkarlığın nə qədər vacib amil olduğu hamıya yaxşı məlumdur. Ona görə də hər hansı bir ciddi peşə növünə sahib olan insanların gündəlik zəhmət və mübarizə hesabına şəxsiyyət olaraq nə dərəcədə mükəmməlləşə biləcəyi heç kimdə şübhə doğurmur. Əksinə yeyib -işməyi həyatlarının əsas qayələri hesab edənlər və bunun guya "sağlamlığa faydası var " və yaxud da "qoy deməsinlər ki , dünya malından yeyib doymadı ,getdi " deyə düşünənlər isə olsa -olsa qarınqululuğun astanasında olan bir səviyyədə qalacaqlar.
        Yuxarıda söylənilən fikirlərdən bizə agah olur ki , azərbaycan mentalına uyğun gələn düşüngədə ayrı -ayrı komponentlərin düzümündə bütün dünyanın da sınağından keçirilərək qəbul olunmuş yer dəyişkənliyi edilməsinə ehtiyac vardır. Azərbaycan dövlətinin aparıcı ideoloji kursunun yerinə yetirilməsində və azərbaycanşılığın strateji istiqaməti kimi beynəlxalq səviyyədə tədqiqinin təşkilində bu məsələyə diqqət yetirilməsinə böyük ehtiyac duyulur.Bu yönümdə aparılan işlər həm də dünya iqtisadiyyatında Azərbaycanın yeri və dünya iqtisadi birliyinə inteqrasiyanın özünəməxsusluqlarının araşdırılaraq ümumiləşdirilməsi məsələlərin həllində də mühüm əhəmiyyət kəsb edəcəyi ehtimal olunur.
        Azərbaycan mentalını ümumilikdə toxunulmaz saxlamaqla onun müxtəlif elementlərinin nisbi yerdəyişmələri hesabına dünyəvi model üzrə inkişafı modernləşdirmək müasir modernist realizm cərəyanına qoşmaq sadə baxışda toplananların yerlərini dəyişdirmək kimi başa düşülə bilər. Doğrudan da , azərbaycanlıların vicdan , halallıq ,ədalət ,insaf ,mədəniyyət və zəhmət göstəricilərinin bir-birini tədricən tamamlayaraq əvəz edən sıra modeli maksimal surətdə işlək mexanizmə malik ola bilər. Bu model hər bir vətəndaş tərəfindən vicdan amilinin düşüncədə , sözdə və işdə əsas prioritet istiqamət kimi qəbul edilməsindən başlayır. Vicdani keyfiyyətləri zəruri səviyyəyə çatdırmadan heç bir insan mental düşüncəmizin tələb etdiyi halallıq yoluna yiyələnə bilməz. Halallığın sabit və düzxətli yolunda davamlı surətdə əzm və iradə göstərən insanlar azərbaycan reallığında şəxsiyyət olaraq daha çox yüksəlirlər. Azərbaycan xalqının nümayəndələri yalnız vicdan və halallıq keyfiyyətlərini zəruri səviyyəyə yüksəltdikdən sonra ədalətlilik mərtəbəsinə çata bildikdə özlərini müəyyən qədər xoşbəxt hesab edə bilirlər. Doğrudan da yalnız öz ədalət göstəricilərinin çox və ya azlığına uyğun olaraq insanlar təmsil etdikləri xalqa , eləcə də bütün dünya ictimaiyyətinə yaxın və ya uzaq ola bilir. Azərbaycanlılara başucalığı gətirə biləcək və yuxarıda qeyd olunan bütün milli mənəvi keyfiyyətlər yalnız şüurda insafın və davranışda yüksək mədəniyyətin lazımi səviyyəyə qaldırılmasından sonra yerinə yetirilən peşəkar zəhmət hesabına nəticə verə bilər. Azərbaycanın bu günkü orta ictimayi -iqtisadi reallığında insanların böyük və ağır zəhmətləri müqabilində qazanılan nailiyyətlərin yetərincə olmamasının səbəblərini ,ilk növbədə vicdan - halallıq - ədalət yolunun aşağı göstəriciləri ilə əsaslandırmaq olar.
        Biz , Azərbaycanın iri şəhərlərindəki yol hərəkət qaydalarının həm sürücü və həm də piyadalar tərəfindən hansı dərəcədə pozulmasını misal göstərə bilərik. Burada vicdan ,halallıq və ədalətin göstəricilərinin hansı dərəcədə arzu edilməz olduğu cəmiyyətdə yol müfəttişliyinə əhalinin mənfi münasibəti ilə də müəyyənləşdirmək olar. Küçələrin çoxunda səkilərin olmaması, piyadaların və avtomobillərin qarmaqarışıq hərəkətləri , tez-tez baş verən avto-yol qəzaları yol müfəttişliyinin işlərini xeyli çətinləşdirir .Əslində , yol hərəkəti qaydalarını nizama salmaq yalnız hərəkətdə olan piyada və avtomobillərə şamil edilməli deyildir. Küçələrdə dayanıb hərəkətə maneçılık göstərənlər də bu sadə görünən sahədə nə qədər çox işlər görülməli olduğunu bildirir.
        Bəzən insanlar daha yüksək təhsil almaq nəticəsində cəmiyyətdə ədalətin də səviyyəsinin artacağını təhmin edirlər. Lakin ,cəmiyyətdə ədalətə nail olmağın əsas yolunu demokratiya və aşkarləğın inkişafında axtarmaq lazımdır. Demokratiya və aşkarlıq insanların baş-beyin evolyusiyasında mühüm rol oynamaqla yanaşı cəmiyyətdə ədalətin qatı düşmənləri olan qorxu , yalan və zorakılığın tədricən azalmasını da təmin edir. Demokratiya və aşkarlığın hər hansı bir ölkədəki kəmiyyət və keyfiyyət göstəricilərinin ədaləti nə dərəcədə ifadə etməsinin isə iki başlanğıc şərti mövcuddur. Birinci növbədə, görülən işlərin heç bir kəsə ziyanı vurmayacağı və bu işlərin cəmiyyətə nə dərəcədə faydalı olacağı qabaqcadan götür -qoy edilməlidir .
        Xalqın rifah halının yüksəldilməsinə sərf olunan bütün digər tədbirlər də qanunların aliliyinə riayət olunması ilə bilavasitə əlaqədar olduğundan yollarda mövcud olan hər hansı bir nöqsanın nə dərəcədə cəmiyyətimizin normal inkişafına maneçilik göstərdiyi bəlli olur. Yollarda insanların hansı nizam - intizamla hərəkət etmələri isə xüsusi göstərici kimi həm də hər bir xalqın iqtisadi , sosial və mədəni səviyyələrinin meyarı kimi qiymətləndirilə bilər.
        Müasir Azərbaycan cəmiyyətinin reallığında bir sıra keçmiş adət və vərdişlərin qəti surətdə bir kənara qoyulmasına da ehtiyac duyulmaqdadır . Burada biz ilk növbədə digərlərindən üstün olmaq istəyilə yaranan qeyri -münasibliyi misal göstərə bilərik. " Hamıdan üstün olmaq "üçün göstərilən səylər Dədə Qorqudçuluqdan bəri özünə yer tutan və xalqın mübarizlik ruhunu uzun illər qoruyub saxlayan bir vasitə olmuşdur. Hal -hazırda isə bu düşüncə tərzi insanlarda müəyyən qədər lovğalıq və acgözlülüyə doğru meylliliyin artmasına səbəb olur. Feodal tipli bəsit düşüncəyə əsaslanan bu təmayülün , indi Azərbaycanda mövcud olan və kapitalizm iqtisadi - siyasi formasiyası səviyyəsində gedən ictimayi -etik münasibətlərdə zamanın mənəvi tələblərindən geri qaldığı göz qabağındadır . Doğrudan da , Dünyıanın müasir insan tipologiyasında ən başlıca meyar qüsursuz insan və peşəkar mütəxəssis olmaq amili durursa , bir azərbaycanlı kimi həm də dəyərli vətəndaş səviyyəsinə yüksəlməyə ehtiyac vardır. Belə olduğu təqdirdə mükəmməl bir insan kimi yüksəlməyin yolu kimlərlə müqayisədə üstünlük əldə edilməsi yox , insanın öz-özünün keçmişi ilə müqayisədə olan uğurları hesabına qazandıqları ilə ölçülməlidir.
        Azərbaycananın müasir cəmiyyətinin ümumi sağlamlıq durumunda təmizkarlığın və xüsusilə SSRİ -nin dağılmasından sonra ayıqlığn ( içki içməməməsi ) artımı müşahidə olunsa da bu sahədə işlərin davam etdirilməsinə ciddi ehtiyac vardır. Hələlik Azərbaycanın əsas şəhərlərinin təmiz saxlanılması baş küçələrdə layiqincə yerinə yetirilsə də daxili küçə və dalanların vəziyyəti normalardan xeyli geri qalır.
        Azərbaycan cəmiyyətində insani keyfiyyətlərin -dara düşənlərin halına acıma , mərhəmət hissləri yüksək səviyyədə bərqərar olsa da kimlərin isə peşə ,savad ,vəzifə , var-dövlət ,imkanlılıq , sosial qrup və s. fərqləndirilməsinə də təsadüf olunur. Yəqin ki , cəmiyyətdə sülhsevərliyin artırılması istiqamətində atılan addımlar bu çatışmazlıqların aradan qaldırılmasında mühüm rol oynayacaqdır. Sual oluna bilər ; bəs cəmiyyətdə sülhsevərliyə necə və hansı yolla nail olmaq və onu artırmaq mümkündür ?
        Ola bilsin ki , bunun üçün birinci növbədə cəmiyyətdə doğruçuluğun , dürüstlüyün artırılmasına ehtiyac vardır. Dürüstlülük , doğruçuluq və yaxud da namusluluq bizim cəmiyyətimizdə bir sıra mənəvi keyfiyyətlərin - həqiqət , qanunilik , xeyirxahlıq , ədalət kimi cəhətlərin kompleks məcmu sistemi başa düşülür. İnsanlara xeyirxahlıq və ədalət kimi mənəvi keyfiyyətləri ailə və məktəblərdə müəyyən qədər aşılamaq imkanları olsa da həqiqilik və qanunilik keyfiyyətləri dövlət səviyyəsində yerinə yetiriləcək daxili siyasətin nəticəsi olmalıdır. Deməli doğruçuluğun cəmiyyətdə lazımi səviyyəyə qədər yüksəldilməsi dövlət səviyyəsində aparılmalı olan ciddi bir istiqamət olmalıdır.

Doğruçuluğun cəmiyyətdə səviyyəsinin normal həddlərə qədər artırılması hal hazırda ölkəmizin qarşısında duran birinci dərəcəli Qarabağ probleminin həllində də önəmli yer tutacağı şübhəsizdir. İlk növbədə qüvvələrdən qeyri rasional surətdə istifadə olunaraq israf edilməsi , digər tərəfdən də doğruçuluğun tələb olunan səviyyədə bərqərar olmaması möhkəmlik və fədakarlıq kimi yüksək mənəvi keyfiyyətlərin də xeyli aşağı enməsinə gətirib çıxarır. Məhz elə bu səbəblərə görə doğruçuluq cəmiyyətdə nə qədər az olursa bir o qədər də orada fədakarlığa az rast gəlinir , əksinə rüşvətxorluq , alverçilik , şöhrətpərəstlik , plagiatlıq , özündən müştəbehlik kimi cəmiyyəti tənəzzülə doğru yönləndirən nöqsanların çoxalmasına şərait yaradır..
        Bir çox hallarda Azərbaycan cəmiyyətinin müəyyən hissəsində dini və siyasi fanatizm meyllərinin və habelə cəmiyyətin elmi ,ədəbi , mədəni qurumlarında da rastlaşdığımız paxıllıq , qısqanclıq və yaxud da adi insanlardan başlamış ta nazirlərə qədər rast gəlinən lovğalılığın da köklərində doğuçuluğun normadan azlığı durur. Cəmiyyətimizdə rast gəlinən bütün mənfi keyfiyyətlər son nəticədə ümumi təşkilatsızlıq və yaxud da nizam -intizamın aşağı göstəriciləri ilə özünü biruzə verir.
06 mart 2015