“Millət Sizə minnətdardır”

Отправлено 28 авг. 2014 г., 2:15 пользователем Murad Nabibekov   [ обновлено 28 авг. 2014 г., 2:17 ]
        
Kommunist–bolşevik qiyafəsinə girən, əslində isə qəddar erməni millətçiliyi mövqeyində qərar tutan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti (Bakı XKS) tərəfindən törədilən cinayətlərin miqyası xalqımızın milli varlığını təhdid edəcək həddədək təhlükəli olub. Onun Qubaya göndərdiyi cəza dəstəsinin başında duran cəllad Hamazaspın orada əhali qarşısında söylədiyi qorxunc sözlər də bunu təsdiq edir. Bu başkəsən quldur, qubalılara bəyan edib ki, Xəzər sahillərindən Şahdağa qədər bütün müsəlmanları məhv etmək, yaşayış yerlərini isə dağıtmaq əmri ilə gəlib. Qısa müddət ərzində Qubanın 122 kəndinin özülünə qədər yandırılaraq yerlə yeksan edilməsi bu hədə-qorxunun söz olaraq qalmadığını təsdiq etdi.
        1918-ci il martın 31-dən aprelin ortalarınadək olan məhdud zaman kəsiyində yalnız Bakıda 12 min insan qətlə yetirildi. Bütövlükdə isə Qafqazda o sıradan Azərbaycanda 30 mindən artıq insan bolşevik-daşnak terrorunun qurbanı oldu.
        Böyük öndərimiz M.Ə.Rəsulzadə xalqı və Vətəni xilas etmək üçün Osmanlı dövlətinin rəsmi şəxsləri ilə danışıqlara başlamaq qərarına gəlir. O, Məhəmməd Həsən Hacınski ilə birgə 1918-ci ilin mayın 11-dən iyunun 4-dək Osmanlı dövlətiylə Zaqafqaziya Seymi nümayəndələri arasında keçirilən Batum konfransında iştirak edərək, Osmanlı Türkiyəsinin Azərbaycana hərbi yardımını özündə ehtiva edən müqavilənin bağlanılmasına nail olub. Müqaviləni Osmanlı höküməti adından Ədliyyə Naziri və Dövlət Şurasının sədri Xəlil Paşa ilə Qafqaz cəhbəsinin komandanı Mehmet Veheb Paşa, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən isə Milli Şuranın sədri M.Ə.Rəsulzadə, həmçinin xarici işlər naziri M.H.Hacınski imzalayıblar.
        1918-ci ilin mayın 25-də Nuru Paşa 20 nəfər türk zabitinin başında Gəncəyə gəldi. Bolşevik–daşnak təcavüzü təhdidi altında yaşayan bu istiqlal qalasının sakinləri onları coşqun sevinclə, xilaskar kimi qarşıladılar. Nuru Paşa Gəncədə öz qərargahını yaradaraq Azərbaycanıın silahlı qüvvəsinin özəyini təşkil edən Müsəlman korpusunun durumunu araşdırmağa başlayır. Təftişin nəticələri heç də onu qane etmir. Azərbaycan ordusuna baxış zamanı məlum oldu ki, bu qüvvə ilə nəinki Bakını işğaldan azad etmək, heç Gəncəni qoruyub saxlamaq belə mümkün olmayacaqdır. Nuru Paş gəldiyi qənaəti məktub vasitəsi ilə Türkiyə ordusunun baş komandanına bildirir və bolşevik-daşnaq təcavüzünün qarşısını almaq üçün türk hərbi hissələrinin Azərbaycana daxil olması zərurətindən bəhs edir.
        Osmanlı ordusunun ali komandanlığından əmr alan Mehmet Veheb paşa tabeliyində olan IX Qafqaz piyada alayının Aleksandropoldan (Gümrüdən) Tiflis istiqamətində irəliləməsi üçün göstəriş verdi. Bu ordu Voronsovkada onun yolunu kəsmək istəyən alman-gürcü hərbi birləşməsini məğlub edərək, Cəlaloğlu-Sadaxlı-Kəmərli, Aslanbəyli xəttiylə Qazağa doğru hərəkət edir. IX Qafqaz piyada alayının ilk qrupu iyunun 11-də, ikinci qrupu isə iyunun 12-də Qazağa yetişir və dərhal dəmir yolu vasitəsiylə Gəncəyə göndərilir.
        Iyunun 10-da Şaumyanın təyyarələrlə, toplarla və zirehli qatarla silahlanmış 18 min nəfərlik ordusu da Hacıqabuldan Gəncəyə doğru hücuma başladı. Qırmızı Ordunun qarşısına çıxan Azərbaycan Xalq Cumhuriyyətinin Müsəlman Korpusu həm say baxımından, həm də hərbi texnika sarıdan xeyli zəif olsa da düşmənə ciddi müqavimət göstərdi. Lakin bu müqavimət yetərli olmadığından düşmən iyunun 12-də Kürdəmiri ələ keçirdi. Gəncədə yaşayan 20 min erməninin və Qarabağ ermənilərinin törətdiyi təxribat xarakterli əməllər vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Onlar səbirsizliklə Korqanovun rəhbərlik etdiyi bolşevik-daşnak ordusunun gəlişini gözləyirdilər. Hətta Gəncə erməniləri 600 nəfərdən ibarət hərbi hissə də yaratmışdılar.
        Gəncəyə gələn türk ordusu Azərbaycanın hərbi hissələri ilə “Qafqaz İslam ordusu” adı altında birləşərək, həlledici döyüşlər üçün vacib hesab edilən hazırlıq işlərinə başladı.
        Nuru paşa Gəncə ermənilərini tərksilah etmək məqsədi ilə onların yaşadığı məhəllələrin mühasirəyə lınması barədə əmr verdi. Bu əməliyyat iyunun 10-dan 14-nə qədər davam etdi. Baş verən toqquşmalar zamanı Türk-Azərbaycan silahlı qüvvələrindən 13 nəfər şəhid oldu. Eyni zamanda Yelendorfda (indiki Göygöldə) təxribat törətməyə hazırlaşan almanlar da zərərsizləşdirildi. Beləlikdə, Qafqaz İslam ordusunu arxadan gözləyən təhlükə aradan qaldırıldı. Daşnak-bolşevik ordusu isə Gəncə istiqamətində irəliləməkdə davam edirdi. Şaumyan Moskvaya verdiyi məlumatda bildirdi ki, bu əsl nizami ordudur. Rusiyadan gələn yoldaşlar bu ordu ilə tanış olduqdan sonra heyrətlərini gizlədə bilmirlər. Düşmən iyunun 16-da Qaraməryəmi ələ keçirərək, Müsüslü istiqamətində hücumu davam etdirirdi.
        Nuru paşa Qaraməryəmi azad etmək üçün X Qafqaz alayını ora göndərdi. Lakin iyunun 18-də baş verən döyüşlərdə bu hərbi hissə öz məqsədinə çata bilmədi. Həmin gün alay 200 nəfər şəhid verdi. Hamazaspın başçılıq etdiyi erməni-rus ordusu Qaraməryəmdə daha da möhkəmləndi.
        Qafqaz İslam ordusu toparlanaraq iyunun 27-də düşmənin hücumunu dayandırdı və özü əks hücuma keçdi. Döyüşlər iyunun 30-dək davam etdi və bolşevik-daşnak ordusunun məğlubiyyəti ilə bitdi. Ermənilərin milli qəhrəman kimi təqdim etdikləri Əmirovun komandanlıq etdiyi qoşunun qalıqları Göyçaydan 5-6 kilometr kənara atıldı. Qafqaz İslam ordusunun Göyçay-Qaraməryəm döyüşlərində əldə etdiyi qələbə sayəsində cəbhədə əsaslı dönüş yarandı. Hərbi əməliyyatlara başlamaq təşəbbüsü düşmənin əlindən birdəfəlik alındı. O ancaq müdafiə olunmaq barədə düşünməyə məcbur edildi.
        Qırmızı ordunun məğllubiyyəti hakimiyyəti ələ aldıqdan sonra xalqların xilaskarı maskasının çıxarıb ataraq Rusiyanın hakim dairələirnin yüz illərlə sürdürdüyü işğalçılıq, imperiya siyasətini daha məkrli üsullarla davam etdirən Lenini və onun ətrafını təşvişə saldı. Moskva Şaumyana hərbi və diplomatik yardımı gücləndirdi. Petrovun komandanlıq etdiyi süvari eskadron, bir bölük dənizçidən və 4 topla silahlanmış 170 nəfərdən ibarət daha bir süvari dəstə Ukrayna cəhbəsindən çıxarılaraq Bakıya göndərildi. Eyni zamanda 8 gəmiylə Həştərxandan Azərbaycandakı bolşevik-daşnak ordusuna hərbi ləvazimat daşındı. Bu bəs deyilmiş kimi 1500 nəfər Terek və Kuban kazaklarından ibarət hərbi hissə İrandan Bakıya göndərildi. Kazaklardan ibarət olan bu hərbi hissəyə öz qəddar xarakteri ilə fərqlənən Biçeroxov komandanlıq ediridi. Lenin Bakı neftinin ¼-ni Almaniyaya vəd edərək onu Osmanlı Türkiyəsinə təzyiq etməyə çağırdı. On illər ərzində kommunist təbliğatının bütün dünyaya ən böyük humanist kimi sırıdığı Lenin Bakını əldə saxlamaq mümkün olmasa neft müəsissələrinə od vurub yandırmaq barədə Şaumyana göstəriş verdi. Zəhmətkeşlərin bu üzdəniraq rəhbəri imperiya ambisiyaları naminə Abşeron boyda alov dənizində saysız-hesabsız insanın yanıb kül olmasına razı olacaq həddədək qəddar xislətə malik olub.
        Lakin bütün bu tədbirlər Türk-Azərbayan ordusunun Bakıya yürüşünün qarşısını ala bilmədi. Bu ordunun yenilməzliyi milli olan hər şeyi özündə əks etdirən türkçülük, vətənpərvərlik duyğularında idi. Yüz il ərzində xalqımızın adət-ənənələri, dini hissləri, məişət özəllikləri ayaqlar altına alınaraq tapdalanmış, vətənimizin adı rəsmi səndlərdə ilim-ilim itirilmiş, hətta etnogenezisin təməl daşı olan xalqın adı təhrif edilmiş, bir sözlə milli-mənəvi dəyərlər sistemi intensiz basqılara məruz qalmışdır. Türk-Azərbaycan ordusundakı əsgərlərin mütləq əksəriyyəti üçün bu rəzalətdən qurtarmaq arzusu öz həyatlarından da üstün idi.
        Türk-Azərbaycan ordusu iyulun 19-da Şamaxını, iyulun 31-də isə Xırdalanı düşməndən təmizlədi. Bu qələbələr Bakı XKS (Xalq Komisarlari soveti) adlandırılan bolşevik-daşnak rejiminin böhranına səbəb oldu. İyulun 31-də saat 11-də Şaumyan başda olmaqla Bakı XKS istefa verdi. Avqustun 1-də həmin rejimdən heç nə ilə fərqlənməyən “Sentrokaspi və Sovetin Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyətinin diktaturası” adlı hakimyyət orqanı yarandı. Bu təsisatda əsas vəzifələr ermənilərə məxsus idi.

Avqustun 3-də Mürsəl Paşanın komandanlıq etdiyi Türk-Azərbaycan qoşunu qurudan Bakını mühasirəyə aldı. Mürsəl Paşa əlavə insan itkisinə və ermənilərin dünya miqyasında “türklər qırğın törətdi” hay-harayına yol verməmək üçün Sentrokaspi diktarturasına, həmçinin Erməni Milli Şurası rəhbərliyinə Bakı şəhərini dinc yolla Azərbaycanın milli hökumətinə qaytarmaq barədə müraciət etdi. Bu zaman İrandakı ingilis ordusunun bir qrup əsgəri polkovnik Stoksun başçılığı ilə Bakıya gəldi. Bundan ruhlanan Sentrokaspi diktaturası və Erməni Milli Şurası həmin müraciəti cavabsız qoydular.
        Avqustun 5-də Tük-Azərbaycan ordusu hücuma keçdi. Amma düşmənin müdafiə xəttini yarmağa güc, qüvvə çatmadı. Bu durumda hər iki tərəf həlledici döyüşə hazırlaşmağa başladı. Biçeraxov Sentrokaspi diktaturasının hərbi qüvvələrinin komandanı vəzifəsindən kənarlaşdırıldı. Onun yerinə keçmiş çar ordusunun polkovniki Avetisov gətirildi. Beləliklə, Sentrokaspi diktaturasında həm mülki, həm də hərbi hakimiyyət tamamilə ermənilərin əlinə keçdi. Avqustun 17-də İrandakı ingilis qoşunlarının komandanı Denistervil 1000-ə yaxın əsgər və zabitdən ibarət qərargahı ilə birgə Bakıya gəldi. İngilis zabitləri Sentrokaspi diktaturasının ordusunu yenidən qurmağa başladılar.
        Qafqaz İslam Ordusu adlanan Türk-Azərbaycan hərbi hissələri də ölüm-dirim çarpışmasına ciddi hazırlıq işləri görürdü. Türkiyənin 5541 əsgər və 191 zabitdən ibarət olan XV diviziyası sentyabrın 8-də Bakı cəhbəsinə yetişdi. Sentyabrın 10-da isə həlledici əməliyyata rəhbərlik etmək üçün Nuru paşa da Bakı ətrafına gəlib çıxdı. O Türk-Azərbaycan qoşunlarını yenidən qruplaşdırdı. Lakin bütün bunlara baxmayaraq həm canlı qüvvə, həm də hərbi texnika baxımından üstünlük düşmənin tərəfində idi. Sentrokaspi diktaturasının sərəncamında 72 min nəfərdən ibarət hərbi qüvvə var idi. Əvəzində isə Türk-Azərbaycan ordusunda əsgərlərin mənəvi ruhu xeyli yüksək idi. Onlar insan üçün təmiz, ülvi, munis, qüdsi yaxın, doğma, əziz olan bütün nəsnələrin cəmləndiyi Vətən uğrunda döyüşüb ölməyə hazır idilər. Xoca Həsən kəndindəki müşahidə məntəqəsində qərar tutan Nuru paşa sentyabırın 13-də saat 1711-də Bakını azad etmək üçün əməliyyata başlamaq əmrinə imza atdı. Hücum əməliyyatı sentyabırın 13-dən 14-nə keçən gecə saat 0100-da başlandı. Sentyabırın 14-ü gecəsi general Denistervil başda olmaqla ingilis hərbiçiləri gəmilərlə Xəzər dəniziylə Bakıdan qaçdılar. Sentyabırın 15-də saat 1030-da Sentrokaspi diktarurasının qərb cəhbəsinin komandanlığı İran konsulunun vasitəçiliyi ilə mindikləri avtomobildə İran bayrağı ilə yanaşı ağ bayraq qaldıraraq Qafqaz İslam ordusunun əsas zərbə qüvvəsi olan V diviziyanın XIII alayının mövqeyinə gələrək təslim oldular.
        Beləliklə, Bakı xalqımızın qanina yerikləyən, vətənimizin bu diyarını Azərbaycan türklərindən təmizləməyi başlıca məqsəd olaraq qarşısına qoyan yağı düşmənin 7 aylıq əsarətindən qardaş Türkiyənin həlledici köməyi sayəsində xilas oldu.
        Istiqlal hərəkatının ideoloqu və bənzərsiz lideri M.Ə.Rəsulzadə Bakının Vətənimiz üçün müstəsna əhəmiyyət kəsb etdiyini vurğulamaqla yanaşı şəhəri Azərbaycandan qoparmaq istəyən bolşevik-daşnak örgütünün bədxah niyyətini faş edərək yazırdı: “Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycan həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunmaz. Bakı tarixən də, halən də bir türk şəhəri və müsəlman bəldəsidir... Bakı Azərbaycanın qapısıdır... Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə, Azərbaycan üçün də Bakı ondan daha artıq olmasa da odur”...
        Qeyd etdiyim kimi Azərbaycanın varlıq, mövcudluq rəmzi olan Bakı qardaş Türkiyənin təmənnasız köməyi hesabına azad olundu. Yalnız 1918-ci ilin avqust ayında Bakı ətrafında gedən döyüşlərdə türk ordusundan 1130 əsgər və zabit şəhid olmuşdur. O zaman Üzeyir Hacıbəylinin redaktor olduğu “Azərbaycan” qəzeti xalqımızın Türk Ordusuna bəslədiyi ən uca duyğularını belə ifadə edib: “Milllət sizə minnətdardır. Üç sözdən ibarət olan bu cümləni Azərbaycan durduqca hər bir azərbaycanlı türk qəlbində yaşadacaq və dilində təkrar edəcəkdir. Qədirbilən Azərbaycan xalqı türk silahlı qüvvələrinin öz doğma qardaşları ilə birgə Bakını azad etmək uğrunda göstərdiyi qəhrəmanlığı heç bir zaman yaddan çıxarmayacaq və bu Azərbaycan xalqı tarixinin ilk səhifələrində həkk olunacaqdır.”