METAİDRAK - İntellektual bacarıqların inkişaf səviyyəsinə təsir göstərən mühitin tənzimlənməsi

Отправлено 26 нояб. 2014 г., 1:57 пользователем Murad Nabibekov   [ обновлено 14 дек. 2014 г., 6:36 ]
Yaradıcı surətdə, elmi şəkildə düşünməyə qabil 
şəxsiyyətlər yetişdirmək vəzifəsinin həyata 
keçirilməsində bilik, intellektual bacarıq və 
vərdişlərə yiyələnmə mühüm rol oynayır . 


Firədun İBRAHİMOV,
Şəki Regional Elmi Mərkəzi, elmi işçi,
AMİ-nin Şəkı filialı, 
pedaqoji elmlər doktoru

        Əqli tərbiyə bilik, intellektual bacarıq və vərdişlər sisteminə yiyələnməyi, təfəkkürü və əqli keyfiyyətləri inkişaf etdirməyi, idrak motivlərini formalaşdırmağı nəzərdə tutur. Şagirdin öyrənmə fəaliyyəti təlim vəzifələrinin yerinə yetirilməsinə yönələn idrak əməliyyatlarının sistemi kimi özünü göstərir. Şagırd tədris tapşırığını əməli şəkildə və ya fikrən yerinə yetirərkən istər-istəməz psixoloji fəaliyyətdə olur. Şagird öyrənmə fəaliyyəti zamanı təkcə bilik və ya bacarıq əldə etmir, o, həm də psixi səy göstərir, düşünür; onda öyrənmək, başa düşmək, dərk etmək bacarıqları formalaşır. Öyrənmənin, bilik əldə etmə bacarığının əsasında isə bir sıra idrak əməliyyatları durur. Hər hansı idrak əməliyyatının formalaıması özlüyündə bir sistem təşkil edir və xarici təzahürlərdən daxilə istiqamətlənir.
        Şagird özünün əqli məziyyətlərini reallaşdırmaq, idrak fəaliyyətini məqsədyönlü tənzim etmək üçün zəruri intellektual bacarıqlara yiyələnməllidir(psixoloji və pedaqoji ədəbiyyatda bəzən bu bacarıqlar daha geniş yönümdə əqli əmək bacarıqları və ya tədris bacarıqları kimi şərh olunur). Şagird tədris tapşırığını yerinə yetirərkən bir-birini əvəz edən xeyli idrak əməliyyatı icra etməli olur. Bu mənada şagirdin öyrənmə fəaliyyəti həm məzmunca, həm də icra tərzicə tədris tapşırığının yerinə yetirilməsinə yönələn idrak əməliyyatlarının sistemi kimi özünü göstərir.Tədris tapşırıqları müxtəlif olduğu kimi, onların icrasını tələb edən idrak əməliyyatları da müxtəlifdir. Etiraf olunmalıdır ki, ayrı-ayrı fənlərdən tədris tapşırıqları və onların icrasını tələb edən müvafiq idrak əməliyyatları əlaqəli şəkildə hələ tam öyrənilməmişdir. Bu istiqamətdə tədqiqatlara ehtiyac vardır.
        İntellektual bacarıqlar çoxsaylıdır. N.A.Mençinskayanın bu sahədəki araşdırmalarını nəzərə alaraq intellektual bacarıqları belə qruplara ayırmaq olar: 1. Ümumi intellektual bacarıqlar(planlaşdırma, kitabla iş, özünənəzarət); 2. Psixi fəaliyyətin təşkili üçün zəruri olan intellektual bacarıqlar(mətndə əsas fikri ayırd etmək, mətni mənasına görə hissələrə bölmək, hadisələri tutuşdurmaq və s.); 3. Xüsusi intellektual bacarıqlar(onlar bu və ya digər fənnin xüsusiyyətlərini əks etdirir, məsələn, qrafik bacarıqları). İntellektual bacarıqların İ.Untun müəllifi olduğu başqa bir təsnifatı isə belədir: 1.Tədris materialının qavranılması ilə bağlı bacarıqlar ( oxu, müşahidə, dinləmək bacarığı); 2.Tədris materialı ilə məntiqi əməliyyat aparmaq bacarığı(mühüm olanın aid edilməsi, müqayisə, nəticə çıxarmaq bacarığı və s.); 3. Yaradıcılıq bacarıqları(kompozisiya qurmaq bacarığı və s.).
        İntellektual bacarıqların başlıca funksiyası fikri əməliyyat eksteriorizasiyası(psixi fəaliyyətə xarici, praktik fəaliyyətin interiorizasiyası, buna müvafiq olaraq, praktik fəaliyyətə daxili, psixi fəaliyyətin eksteriorizasiyası-xarici olana çevrilmə-kimi baxılır )ilə əlaqədardır: idrak fəaliyyətinin məzmunu fikri əməliyyatlarla şərtlənir, onların fəaliyyəti prosesində reallaşması isə bilavasitə intellektual bacarıqların səviyyəsindən asılıdır.
        Təlim prosesinin köklü məsələlərindən olan şagirdlərin intellektual bacarıqlarının formalaşmasının özünəməxsus xüsusiyyətləri vardır. Qabaqcıl müəllimlər öz təcrübələrinin hikmətilə onların şagirdlərə aşılanmasına diqqət yetirirlər. Bu öz-özlüyündə fərəh doğurur. Lakin unutmaq olmaz ki, ümumi intellektual bacarıqların, bir tərəfdən siniflər, digər tərəfdən, ayrı-ayrı fənlər üzrə sisteminin və məzmununun öyrənilməməsi şagirdlərdə onların elmi-metodik ölçülərlə formalaşdırılması prosesinə özünün mənfi təsirini göstərir.
        İnsanın özünü dərk etməsi həmişə dünya fəlsəfəsi, psixologiyası və pedaqogikasının aktual problemi olub. Elm xadimləri insanın özünü dərk etməsinə şəxsiyyət yönümündən yanaşıb, onun köklərini insanın öz “Mən”i haqqında təsəvvürlərinin formalaşması prosesində axtarıblar.Təəssüf ki, tədqiqatçılar son dövrlərədək insanın öz ağıl dünyasının, təfəkkür aləminin, koqnitiv proseslərinin xüsusiyyətlərini dərk etməsini kifayət qədər dəyərləndirməyiblər.
        Məktəb təcrübəsində də idrak fəaliyyətinin psixologiyası yetərincə öyrənilməyib, şagirdlər özlərinin hafizə və ya təfəkkürünün xüsusiyyətləri ilə maraqlansalar da, onların maraqları təmin olunmayıbdır. Çağdaş Amerika psixologiyasında bu məsələ diqqət mərkəzinə çəkilərək metaidrak sistemi kimi öyrənilməyə başlanılmışdır. Müəyyən edilmişdir ki, uşaqlar inkişaf etdikcə onlarda koqnitiv (idrak) proseslər haqqında müəyyən təsəvvürlər formalaşır və özlərinin əqli fəallıqlarını tənzim etməyə başlayırlar.
        Fleyvell metaidrakın bəzi funksiyalarını ətraflı öyrənmiş və təsvir etmişdir. Onlardan aşağıdakıları qeyd etmək olar: 1. Problemin qoyuluşu və onun mümkün həlli yolunun müəyyən edilməsi; 2.Tapşırığın həlli üçün hansı koqnitiv prosesin zəruri olmasını bilmək; 3.İdrak qaydaları və üsullarının aktivləşdirilməsi; 4.Təfəkkürün imkanlarına inam; 5.Tapşırıqları daha səmərəli həll etmək cəhdi. Bu funksiyalar bir-biri ilə qarşılıqlı əlaqədədir. Birinci funksiya uşaqlarda fəaliyyətin məqsədləri haqqında təsəvvürlərin əmələ gəlməsi ilə şərtlənir. Yaş artdıqca onlar məlum yolları müxtəlif situasiyalara tətbiq etməyi öyrənirlər. Tədricən şagirdlərdə koqnitiv proseslər haqqında təsəvvürlər formalaşır. Onlar başa düşürlər ki, materialı yadda saxlamaq üçün müəllimə diqqətlə qulaq asmaq, yada salmaq üçün xatırlamaq lazımdır. Şagirddə bu psixoloji proseslər haqqında təsəvvürlər aydın olanda, o, tapşırığın xarakterindən asılı olaraq bir halda diqqəti, başqa halda hafizəni fəllaşdırır. Bu prosesdə onun səriştəsi tədricən artır: o, məsələni həll etmək üçün yeni-yeni yollar axtarır. Şagird öz təfəkkürünün imkanlarına inananda çətinliklərdən çəkinmir, uğursuzluğa düçar olsa da belə, fikirləşir və məsələni həll etməyə çalışır. Bu prosesdə də onun özünə münasibəti dəyişir.Tapşırığı tələm –tələsik, başdansovudu deyil, səmərəli yollarla həll edir.
        P. Massen, C. Kencer, C. Koqan və A. Xyustonun fikrincə, qeyd olunan funksiyalar bütün uşaqlarda bu və ya digər dərəcədə inkişaf edir. Lakin onların inkişaf səviyyəsinə tərbiyə şəraiti mühüm təsir göstərir. Metaidrak funksiyaları yaxşı təşkil olunmuş şagirdlər tədris (idrak) tapşırıqlarını planauyğun və məqsədyönlü həll edirlər. Bu funksiyalar uğurlu təlimin (təlim elə fəaliyyətdir ki, onun bilavasitə məqsədi müəyyən məlumatları, hərəkətləri, davranış formalarını mənimsəməkdən ibarətdir) zəruri şərtidir. Onları hər vasitə ilə inkişaf etdirmək lazımdır. Məsələnin aktuallığı elmi metodik surətdə bütün aydınlığı ilə dərk edilməli və bu sahədə məktəbdə sistemli iş aparilmalıdır.
        Şagirdlərdə intellektual bacarıqların formalaşdırılması məqsədilə xüsusi tapşırıqlar sistemi tətbiq olunur.Bu tapşırıqlar müxtəlif intellektual bacarıqların strukturunun modelləşdirilməsi prinsipi əsasında tərtib olunur. Şagirdlər onları yerinə yetirdikcə öz işinin məqsədini müəyyən etmək, bu baxımdan tədris materialını sistemləşdirmək, müstəqil surətdə material toplamaq, inşa yazmaq və s. kimi intellektual bacarıqlara yiyələnirlər. İnkişafetdirici təlim prinsipi baxımından bu yol səmərəli sayılır. Lakin ondan məqsədyönlü istifadə etmək üçün intellektual bacarıqların siniflər və fənlər üzrə sistemi və məzmunu əsaslı şəkildə işlənilməlidir.
        Subyektiv anlamımıza görə, ümumtəhsil məktəblərində tətbiq edilməkdə olan kurikulum modelindən yaradıcılıqla istifadə etməklə (bu, müəllimin elmi-nəzəri hazırlığı və pedaqoji ustalığı ilə şərtlənir) sagirdlərdə intellektual bacarıqların inkişafı məqsədini də hədəfləyən tapşırıqlar sistemini formalaşdırmaq mümkündür. Fikrimizə aydınlıq gətirək.
        Kurikulumun struktur elementlərindən olan məzmun standartları fəaliyyət baxımından idraki, emosional və psixomotor bacarıqlara bölünür. Bu bacarıqlar(məsələnin şərtlərinə və qarşıda duran məqsədə müvafiq olan yolları və əməliyyatları düzgün seçmək və onlara nəzarət etmək üçün məlumatlardan istifadə qaydalarını mənimsəmək prosesinin son məhsulu) [5;192] inkişaf səviyyələri üzrə taksonomiyalarda iyerarxik qaydada yerləşdirilib.Taksonomiyalar təlimi daha ardıcıl və səmərəli qurmaq üçün aşağıdakı imkanları yaradır: təlim məqsədlərini düzgün müəyyənləşdirmək; problemləri düzgün müəyyənləşdirməklə şagirdlər üçün tapşırıqları tərtib etmək; qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələri seçmək; təlim nəticələrinə əsaslanaraq refleksiyanı düzgün seçmək: bu və ya digər materialın öyrənilməsində şagirdlərin hansı çətinliklərlə qarşılaşdıqlarını müəyyən etmək.
        Standartlarda ifadə edilən bilik (bu və ya digər ideal və praktik fəaliyyət növünün müvəffəqiyyətlə təşkil edilməsi üçün aləmin zəruri mühüm xassələri barədə məlumatın mənimsənilməsi prosesinin məhsulu) alt standartlarda dörd kateqoriyadan birini təmsil edir. Biliyin növləri bunlardır: 1.Deklarativ/faktoloji bilik prosesləri və ya fəaliyyət mərhələlərini ehtiva etmir. Müəyyən fənn üzrə məlumat xarakterli biliklərdir. Bunların sırasına artıq mövcud olan mühüm anlayışlar və faktlar, terminologiya və təriflər, hər hansı bilik sahəsini dərk etmək və problemləri həll etmək üçün vacib olan məlumatlar daxildir; 2. Prosedural bilik prosesi ehtiva edir. Bu bilik hər hansı fənn üzrə mühüm vərdiş və proseslər kimi qəbul edilə bilər. Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən prosedur qaydaları əhatə edən biliklərdir. Bunların sırasına tədqiqat, araşdırma və tətbiqetmə metod və texnikaları, alqoritmlər, xüsusi metodologiyalar daxildir. 3. Kontekstual/konseptual bilik sadəcə prosedural və ya deklarativ biliyin əsasında qurulan biliyin yeni məzmununu təşkil edir. Konseptual bilik problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir. Bunların sırasına müəyyən fəaliyyət sahəsinə münasib faktları ümumiləşdirən və əlaqələndirən şəxsin yaratdığı yeni kosepsiyalar, ümumiləşdirmələr, nəzəriyyələr, təsnifatlar, prinsiplər, modellər, strukturlar daxildir. 4.Metakoqnitiv bilik idrak prosesinin gedişatına, idraketmə qabiliyyətinin refleksiyasına və dərk edilməsinə kömək edən biliklərdir. Bunların sırasına problemin həlli və idrak məsələlərinin necə həyata keçirilməsi haqqında stateji və ya reflektiv biliklər, idrak prosesi haqqında təsəvvürlər daxildir. Metakoqnitiv bilikləri təfəkkür prosesləri və informasiyalar, onlardan effektli istifadəyə dair biliklər(strateji bilik, koqnitiv vəzifələr haqqında biliklər, o cümlədən uyğun gələn kontekstual və şərti biliklər, özünüdərketmə) kimi qəbul etmək olar.
        İdrak taksonomiyası səviyyələr üzrə ümumi təlim nəticələrini , spesifik təlim nəticələrini və fəaliyyət göstəricilərini ehtiva edir, hansı ki, müəllim tapşırıqlar sistemini formalaşdırarkən onlara istinad edir. İdrak taksonomiyası belə düzülüşə malikdir:
        Bilik səviyyəsi. Ümumi təlim nəticələri: ümumi terminləri bilir.Spesifik təlim nəticələri: müəyyən edir; təsvir edir; sadalayır; sıralayır; seçir.Fəaliyyət göstəriciləri: yadda saxlamaq; xatırlamaq; tanımaq; işarə etmək.
        Anlama səviyyəsi. Ümumi təlim nəticələri: fakt və prinsipləri anlayır. Spesifik təlim nəticələri: fərqləndirir; izah edir; nümunələr gətirir.Fəaliyyət göstəriciləri: izah etmək; bir ifadə vasitəsindən digər ifadə vasitəsinə keçmək; öz sözləri ilə təsvir etmək.
        Tətbiqetmə. Ümumi təlim nəticələri:konsepsiya və prinsipləri yeni şəraitdə tətbiq edir. Spesifik təlim nəticələri: dəyişir; hesablayır; istifadə edir; nümayiş etdirir. Fəaliyyət göstəriciləri: problemi həll etmək; müəyyən nəticələr əldə etmək üçün informasiyaları tətbiq etmək.
        Analiz. Ümumi təlim nəticələri: işin təşkili strukturunu təhlil edir. Spesifik təlim nəticələri: ayırır; hissələrə bölür; əlaqələndirir; müəyyən edir.Fəaliyyət göstəriciləri: onların bir yerdə necə mövcud olduğunu ğöstərmək üçün nəyisə parçalamaq; ünsiyyətin əsasını təşkil edən strukturu tapmaq; motivləri müəyyənləşdirmək.
        Sintez. Ümumi təlim nəticələri: əşyaları və ideyaları təsnif edərək sxemlər yaradır. Spesifik təlim nəticələri: yaradır; tərtib edir; yazır; nəql edir. Fəaliyyət göstəriciləri: həm şifahi formada, həm də fiziki obyekt ola bilən unikal(yeganə), orjinal(ilkin) məhsulu yaradılmaq.
        Dəyərləndirmə. Ümumi təlim nəticələri: yazı materialının məntiqi ardıcıllığını qiymətlədirir.
        Spesifik təlim nəticələri: müqayisə edir; qarşılaşdırır; mühakimə yürüdür. Fəaliyyət göstəriciləri: məsələ haqqında mühüm qərarlar çıxarmaq; mübahisələri və ya fikir müxtəlifliklərini həll etmək[6;50].
        Təqdim olunan ümumi, spesifik təlim nəticələrinə və fəaliyyət göstəricilərinə yönələn fəal dərs üçün tapşırıqların hazırlanmasında təfəkkür növlərinin iyerxiyası sadədən mürəkkəbə doğru aşağıdakı qayda ilə qurulur: məntiqi təfəkkür-tənqidi təfəkkür-yaradıcı təfəkkür.
        Qeyd edək ki, təfəkkürün əməliyyatları onun növünü müəyyən etməyə əsas veririr. Bu amildən də təlimin idarə olunmasında faydalanmaq olur. Səriştəli müəllimlər hafizə və təfəkkürün növlərinin iyerarxiyasını sadədən mürəkkəbə doğru qurarkən aşağıda özünə yer alan tələbli tapşırıqlardan istifadə edirlər:
        Hafizə: 1. Öyrən; Əzbərlə ; Yadına sal ; Xəyalında canlandır; Yadında saxla ; 2. Danış ; İfadə et; Göstər ; 3. Tap ; Siyahını tərtib et ; Sadala ; 4. Təsdiqini tap (əsaslandır); 5. Düsturun köməyilə hesablayıb tap; Hesabla; 6. Hər hansı bir kateqoriyaya aid et; Göstər; 7. Modelin əsasında tərtib et ; 8. Tərif ver və s.
        Məntiqi təfəkkür: 1. Təsvir et ; Müqayisə et ; Oxşarlıqları və fərqləri tap; Təsnif et ; 2. Qur ; Dəyişdir; Hesabla; Sadələşdir; 3. Müəyyən et ; Öz tərifini ver ; Əlaqəni aşkar et ; 4. Sxem, qrafik, cədvəl düzəlt ; Tərtib et; Davam et; 5. Təhlil et ; İzah et ; Şərh et ; Nəticə çıxar; 6. Səbəbi tap (səbəb-nəticə); 7. Ümumiləşdir ; Əsas ideyanı seçib ayır; 8. Mahiyyətini, mənasını ifadə et və s.
        Tənqidi təfəkkür : 1. Müxtəlif baxış nöqtələrindən qiymətləndir; Əhəmiyyətini, rolunu qiymətləndir; 2. Meyarları müəyyən et; Meyar cədvəlini tərtib et ; 3. Səhvləri tap; Faktları uydurmadan seçib ayır ; Mübahisəli məqamları aşkar et ; 4. Tənqidi yanaş ; Düzgün olanı seç; 5. Ən mühüm predmetləri və hadisələri müəyyən et, əhəmiyyətini sübut et; 6. Öz ideyanı əsaslandır ( sübut et) ; 7. Ən səmərəli yolu tap; 8. Məsləhət ver və s.
        Yaradıcı təfəkkür: 1. Uydur: hekayə; situasiya; nağıl; musiqi ; üsul; 2. Tətib et, uydur: maket; model; qrafik; ; kitab ; sxem; 3. Praqnoz ver; Müqayisə et və analoqu tap; İxtira et, yarat; Başqa obyektə döndər; Yeni tətbiq üsulunu tap; 4. Dəyişikliklər et, yarat, yenidən tərtib et; Dəyişikliklər etməklə yarat; Quraşdır; 5. Yeni əsaslar üzərində təsnif et; Yeni şəraitə uyğun hala gətir ; Yeni şəraitdə tətbiq et; 6. Öz şəxsi izahını ver; Problemi müəyyən et, fərziyyələr irəli sür; 7. Mübaliğə et; Minimuma endir; 8. Simvol(rəmz) şəklində təsvir et və s.
        Tapşırıqlar və onların sistemi: dərsin məqsədinə uyğun və qoyulan tədqiqat probleminin həllinə yönəlmiş olmalıdır(təfəkkürün növünə görə, məlumat mənbələrinə görə, nəticələri təqdimetmə formasına görə və s.); şagirdlərin yaşına, bilik və intellektual səviyyəsinə, qabiliyyətlərinə və maraqlarına uyğun olmalı, diferensial xarakter daşımalıdır; dövlət proqramına və milli dəyərlərə əsaslanmalıdır; aktual, real həyatla və şagirdlərin təcrübələri ilə bağlı olmalıdır; kəşfetmə həvəsini artıran, maraqlı, cəlbedici olmalıdır; dəqiq ifadə edilməlidir; aydın və açıq sualları özündə ehtiva etməlidir.
        Tapşırıqlar sisteminin formalaşdırılması təlim prosesində şagirdlərin intellektual bacarıqlarının inkişafını hədəfləyən işin yalnız bir hissəsidir. Mühüm məsələlərdən biri də şagirdlərin tapşırıqlar üzərində işləyərkən idrak fəallığının əmələ gəlməsinə və bütün proses ərzində ( davamlı) saxlanılmasına nail olmaqdır. Diqqət mərkəzində saxlanılmalıdır ki, fəal (interaktiv) təlimin (fəal təlim prosesinin qayəsi tədqiqatdır) dörd əsas mexanizmi idrak fəallığının əmələ gəlməsinə və dərs zamanı saxlanılmasına səbəb olur. Bunlar aşağıdakılardır:
        Mexanizm № 1. Problem situasiyanın yaradılması (Şagirdin qarşısına problem qoyulur və onun problemi həll etməyə yönəldilməsi nəticəsində idrak fəallığı yaranır); Mexanizm № 2. Şagirdin tədqiqatçı, müəllimin fasilitator funksiyasında çıxış etməsi (Fəal (interaktiv)təlim zamanı şagird subyekt mövqeyində dayanmalı, bu prosesin bərabər iştirakçısı olmalı, o, bilikləri müstəqil şəkildə tədqiqat zamanı əldə etməlidir). Mexanizm № 3. Dialoqun və əməkdaşlığın zəruriliyi (Fəal (interaktiv) təlim dialoji şəkildə əməkdaşlıq şəraitində keçirilir). Mexanizm № 4. Psixoloji dəstək: hörmət və etibar (Şagirdlərin idrak fəallıqlarını saxlamaq vasitəsi-onların psixoloji dəstəklənməsidir, hansı ki, bu, müəllimin xeyrxah münasibəti, şagirdlərə hörmət və etibarı, onların bacarığına inamı sayəsində mümkün olur).
        Şagirdin tədqiqatçı mövqeyində çıxış etməsi o zaman mümkün olur ki, təlim materialının məzmunu, vasitə və metodların hərəkət forması ( təlim prosesində təilm materialının məzmunu, vasitə və metodlar təşkilat formasına nəzərən məzmun yerində şıxış edir) tədqiqat prosesinə uyğun olsun. Tədqiqat prosesinə uyğun qurulan təlimin təşkilat formasının özünəməxsus quruluşu vardır (fəal dərsin quruluşu tədqiqat prosesinin mərhələlərini xatırladır) .

        Fəal dərs adlanan bu forma özündə aşağıdakı mərhələləri ehtiva edir:

        1. Motivasiya mərhələsi (problemin qoyulması, fərziyyələrin irəli sürülməsi); 2. Tədqiqatın aparılması mərhələsi (fərziyyələri yoxlamaq üçün faktların axtarılması): 3. Məlumat mübadiləsi mərhələsi (əldə edilmiş məlumatların təqdimatı); 4. Məlumatın müzakirəsi və təşkili mərhələsi (əldə edilmiş məlumatların müzakirəsi, müxtəlif faktların əlaqələndirilməsi, onların sistemləşdirilməsi); 5. Ümumiləşdirmə və nəticələrin çıxarılması mərhələsi (ümumiləşdirmələr, nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq və ya təkzib edilməsi haqqında nəticə, tədqiqat sualına cavab); 6.Produktiv (yaradıcı) tətbiqetmə mərhələsi (yeni şəraitdə tətbiqetmə, praktiki məsələlərin həlli; 7. Qiymətləndirmə və ya refleksiya mərhələsi (fəaliyyətin qiymətləndirilməsi, öyrənməyin qaydalarının mənimsənilməsi, artıq başa çatmış prosesin şüurda inikası, biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dəridən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biri) [3; s.646-652].
        İtellektual bacarıqların formalaşdırılması məqsədi ilə tətbiq ediləcək tapşırıqların seçilməsi, sistemə salınması və onların üzərində şagirdlərin fəaliyyətinin təşkil olunmasında aşağıdakı prinsiplər diqqət mərkəzində saxlanılmalıdır:
        - təlimi prosesinin tamlığı – prosesdə təlim məqsədləri (inkişafetdirici, öyrədici, tərbiyəedici) kompleks həyata keçirilir, o real nəticələrlə yekunlaşan” müəllim- şagird” fəaliyyətlərini əhatə edir;
        - təlimdə bərabər imkanların yaradılması – bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və bu proses onların potensial imkanlarının nəzərə alınması əsasında tənzimlənir;
        -şagirdyönümlülük - şagird təlim prosesinin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və təlabatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
        -inkişafyönümlülük – şagirdlərin idrak fəallığı izlənir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
        -fəaliyyətin stimullaşdırılması – təlimin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
        -dəstəkləyici mühitin yaradılması – prosesin maddi - texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır. 
Mənbə: "Şəki bələdiyəsi" qəzeti